Məhərrəmova T.
"Utancaqlıq bizi
geridə qoyub"
Gülşən
Mirzəbəyova, pianoçu: "İndiyə kimi pianoda
muğam
çala
bildiyimi xalqa çatdıra bilməmişəm"
Gülşən Mirzəbəyova musiqi sahəsində tanınmış pianoçu Rüxsarə Mirzəbəyovanın yolunu davam etdirir. R.Mirzəbəyova respublikamızda piano çalan ilk qadın ifaçı olub. Onun yetişdirdiyi pianoçu qızlar nəinki Azərbaycanda, hətta ölkəmizin sərhədlərindən çox uzaqlarda məşhurdur.
Gülşən xanım da indi ailə ənənəsini davam etdirərək müşayiətçi sənətini yaşadır. İfasını arabir ekranlarda görmək olur. Ancaq həmişə yox. Çünki müşayiətçi sənətinə bu gün dırnaqarası münasibət onu da bir çox ciddi ifaçılar kimi kənarda qoyub:
- Böyük aktyorumuz
Hacıağa Abbasov anamın dayısı idi. Onun evi o zaman
əsl sənət ocağına çevrilmişdi. Bu ocağa Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi
görkəmli aktyorlar, məşhur çalıb-oxuyanlar
gələr, musiqi sədaları, pianonun xoş səsi bu
evdən əskik olmazdı. Üzeyir bəy də tez-tez bu
evin əziz qonağı olardı. Anam dayısıgildə
eşitdiyi xoş təranələrə ürəkdən bağlanmışdı.
Digər tərəfdən, babam tarda,
nənəm qarmonda, anamın xalası isə dəfdə
çalarmış. Ailə üçlüyünün
müşayiətilə Hacıağa həzin səsi ilə
mahnılar ifa edərmiş. Əlbəttə, belə
şəraitdə anam musiqiyə bağlanmış və
pianoda çalmağı öyrənmişdi. Üzeyir bəy
anamı Əhməd Bakıxanovun ansamblına
gətirib. O, anamda musiqiyə olan hədsiz həvəsi
görüb, oxumasını tövsiyə edir. Anam
özünün tərtib etdiyi repertuarla ədəbi-bədii
gecələr və bədii özfəaliyyət
dərnəklərində çıxış edir,
dinləyicilərin rəğbətini qazanırdı.
Üzeyir bəy 46-cı ildə Asəf Zeynallı adına
texnikumda anam üçün sinif açmışdı. Anam orada bir-iki il dərs
verib. Nənəm dünyasını
dəyişəndən sonra o, artıq dərs
keçməyə getməyib, evdə məşğul
olmağa başlayıb. Bakıda elə
bir bina yox idi ki, orda anamın tələbəsi olmasın.
5 yaşım olanda mən
də çalmağa başlamışam. Yadımdadır
ki, hətta boyum pianoya çatmırdı. Anam tələbələrinə dərs
keçə-keçə mən də öyrənirdim.
Öz-özümə
öyrənə-öyrənə bu nəticəyə
gəldim ki, istedad doğulmalıdır. O vaxt
olimpiadalarda çıxış etməyə başladım.
1 nömrəli musiqi məktəbini və Asəf Zeynallı adına texnikumu bitirdikdən sonra Konsevatoriyaya
daxil oldum. Hacı Məmmədovun, Baba Salahovun,
Əliağa Quliyevin ansambllarında işləmişəm.
İki il bundan qabaq Möhlət
Müslümov da məni çağırdı. Bir
neçə lent yazısı yazdırdıq. Ancaq
o sonra ansambla başqa pianoçu dəvət elədi.
- Eşitmişəm ki, çoxlu
mahnılar yazmısınız. Bəs niyə
onları üzə çıxara bilməmisiniz?
- Ələkbər
Tağıyev bizimlə bağ qonşusu idi. O, anamın
çalğısına qulaq asandan sonra dostlaşdıq. Bir
gün məndən: "Mahnılar yazmışam, gəl
onlara qulaq as. Mənim musiqiyə böyük
həvəsim var. Sən mənə pianoda çalmağı
öyrədərsənmi?" - deyə soruşanda
razılıq verdim. Mən anamın
çalğı üsulunu ona öyrətməyə
başladım. Həmin metodu hələ
Azərbaycanda bilən yoxdur. 3
dərsdən sonra mən yazan formada o da çalmağa
başladı. Sonra o məni yazdığı
musiqiləri ilə
İndi də musiqimizin nəbzi
belədir: özünü şan-şöhrətli
göstərmək, ad almağa, reklama çalışmaq.
Ancaq sovet dövrünün bəzi insanları, xüsusən
bizim nəsil buna can atmayıb. Məsələn, ilk dəfə 16 yaşımda
mahnı yazanda bunu üzə çıxarmağa cəhd
eləməmişəm. Sonra bu mahnılar
çoxalıb. 100-dən yuxarı
mahnı yazmışam. O zaman biz qorxmurduq, sadəcə,
adlı-sanlı bəstəkarlara hörmət edirdik. Məsələn, həmişə demişəm ki,
Qara Qarayevin yanında əsər üzə çıxarmaq
olardı? İndi mahnılarımın
bir-ikisi lentə yazılıb. Qulaq asanlar
da dedilər ki, bunlar retro mahnılardır, siz bunları
niyə saxlamısınız? Bu cür
utancaqlıq, təvəzökarlıq bizi geridə qoyub.
- İlk mahnınız
hansı idi?
- Bu, ürəyimin yaralı yeridir. O vaxt İbrahim Göyçaylı mənə "Bəyənmədi" adlı bir şeir verdi. Mən mahnını xalq üslubunda yazdım. Ancaq mənim təkançım olmadı. Süleyman Ələsgərov bizimlə üzbəüz sinifdə işləyirdi. O, Radio Komitəsində mahnılara nəzarət edirdi. Mahnını aparıb ona göstərdim. O, mahnı haqqında bir söz demədi. Ancaq bildirdi ki, sən konservatoriyada oxuyursan, not bilirsən, gərək oratoriya, kantata, sonata yazasan. Mən ona nə deyə bilərdim? Təbii ki, mahnını aparıb radioya təqdim edə bilməzdim. Mahnı beləcə qaldı. Sonra Şahid Əbdülkərimoğlu "Bəyənmədi" adlı başqa bir mahnı yazıb Zeynəb Xanlarovaya təqdim etdi. Bu mahnı o qədər oxundu ki, mənim mahnım kənarda qaldı. Həmin vaxtlar Xalq Yaradıcılığı evi fəaliyyət göstərirdi. Həvəskar bəstəkarlar öz mahnılarını ora aparırdılar. Mən də bir dəfə mahnımı orda çaldım. Tofiq Bayram çalğımı eşitdi və bir dəfə onlara gedəndə mənə "Piano çalan qız" adlı bir şeir verdi. Mən də evdə həmin sözlərə mahnı yazdım. 50 ildən sonra bu mahnını lentə yazmışam. Buna çox sevinirəm. Mən həmişə mahnını yazanda kimin üçün yazdığımı də nəzərdə tutardım. Həmin mahnını isə Gülağa Məmmədov üçün nəzərdə tutmuşdum. O vaxt bəstəkarlar ixtisas üzrə dərs almadıqları üçün üzə çıxa bilmirdilər. Ona görə də bizim kimilərin adı həvəskar bəstəkar adlanırdı. Buna görə də öz yazdıqlarımı üzə çıxara bilmədim. Bir gün müəlliməm Elmira Nəzirova sinfə girəndə mənim etüd çaldığımı gördü. Soruşdu ki, bu, kimin etüdür çalırsan? Qorxa-qorxa "Özüm yazmışam" - dedim. Məəttəl qaldı. Çünki bu cür etüdü böyük bəstəkarlar yazırdı. "Bəs niyə bəstəkarlığa getmirsən?" - deyə soruşdu. O vaxt konservatoriyanın rektoru Cövdət Hacıyev idi. Bir az təbiətimdə olan qorxu, utancaqlıq məni imkan vermədi ki, onun yanına gedim. Ancaq bu sənətin arxasınca getsəydim, bəlkə də adlı-sanlı bəstəkar idim. Piano sahəsində isə anamın yolunu davam etdirirəm. Ancaq deyin görüm siz və ya bir başqası məni eşidibmi? Yox, heç kəs eşitməyib. Teleradio komitəsinin musiqi verilişləri redaksiyasına indi Telman Hacıyev rəhbərlik edir. Ondan mahnını yazdırmaq üçün vaxt istədim. "Hansı mahnını yazdırırsan" - soruşdu. Muğamat yazdırmaq istədiyimi dedim. "Pianinoda muğam çalmaq olmaz, Avropa alətidir" - deyə bildirdi. Dedim ki, onda belə çıxır, mənim anam heç kim idi? Amma yadımdan çıxdı ki, ona deyim, Kamil Cəlilov qaboyda muğam çalır. Məgər qaboy bizim alətdir? Əgər pianino Avropa alətidirsə, niyə Üzeyir bəy anamın əlidən tutub onu Əhməd Bakıxanovun ansamblına göndərdi. Düzdür, ona da yaşıl işıq həmişə yanmazdı. Üzeyir bəy anamın Dərbənddən yenicə qayıtdığını bilincə: "Bir de görüm, çalmağı unutmamısan? Sənin çaldığın pianonun səsi hələ də qulaqlarımdadır" deyir. Anam da: "Xeyr, Üzeyir bəy, unutmamışam. Lap siz deyən kimi çalıram" - deyə cavab verir. Böyük bəstəkar: "Onda bir vaxt tap məktəbə, yanıma gəl, sənə qulaq asım" - deyə anama bildirir. Anam sevincindən az qala uçmaq istəyirmiş. Bir neçə gündən sonra o, Maksim Qorki küçəsindəki musiqi məktəbinə gedir. Üzeyir anamı çox hörmətlə qəbul edir. Üzeyir bəyin təklifi ilə anam pianoda "Zabul" muğamını çalır. Muğam qurtaranda, Üzeyir bəy: "Muğamı unutmamısan, əvvəlkindən də yaxşı çalırsan" - deyə fikrini bildirib. Sonra böyük bəstəkarın xahişi ilə "Rast" muğamını çalmağa başlayır. "Rast"-ın mayəsində şirin gəzişən yerdə, Üzeyir bəy nəsə fikirləşib: "Saxla"- deyir. Anam əlini royaldan çəkir. Bu zaman Üzeyir bəy telefonla danışıb: "Cəfər, sənin yanına bir azərbaycanlı qızı göndərirəm. O, pianoda muğamı mükəmməl ifa edir. Onu tərtib etdiyimiz konsert proqramına yaz. Qoy bu qıza bütün dünya qulaq assın. Çünki Azərbaycan qadını muğam çalır. Özü də pianoda, bu, görünməyən işdir". İndi isə piano aləti "daloy" olub. Vaxtilə tar aləti belə "daloy" olmuşdu. Sintezator çıxandan pianino da kənarda qalıb. Sintezator hazır orkestrdir. Elə bir nəfər bütün orkestrin səsini çıxarır. Bütün studiyalarda royal yoxdur. Həmişə qarşıma belə maneələr çıxdığından indiyə kimi pianoda muğam çala bildiyimi xalqa çatdıra bilməmişəm. Amma bu mənim arzumdur. Bunun üçünsə maliyyə lazımdır. Mənim aldığım əmək haqqı isə özümə güclə çatır.
- Uğursuz
mahnılarınızın taleyi haqqında nə
fikirləşirsiniz?
- Bəli, uğursuzdur, sandıq
ədəbiyyatıdır. Ancaq həyat
yaxşı insanlardan xali deyil. Baba
Mahmudoğlunun "Misri" ansamblında 2 mahnımı
lentə yazdırmışam. O biri mahnılarım da
Allah bilir nə vaxt işıq üzü görəcək. Bu yaxınlarda Nəriman Həsənzadənin
sözlərinə yeni mahnı yazmışam. Ancaq mahnını tam hazırlamamışam. Əgər söz məni tutursa, yazıram. O
qədər mahnı yağılıb qalıb ki, onların
hamısını eşitmək üçün ömür
çatmaz. Əgər 2-3 mahnı da yazılsa,
bəsimdir.
- Hazırda iş yeriniz haradır?
- 2-ci kursda oxuyanda həm də musiqi
məktəbində müşaiyətçi müəllim
işləyirdim. Ancaq indi hara gedirəmsə, bu
ixtisası mənə vermirlər. Çünki
indi məktəblərdə müşaiyətçiləri
müəllimlər əvəz edib. Hal-hazırda Şuşa mədəni maarif texnikumunda
dərs verirəm. Mədəniyyət Fondunun
tədbirlərində iştirak edirəm. Pianoçu müşayiətçi kimi mənim
sənətim çox lazımlıdır. Ancaq təəssüf ki, lazımınca istifadə
olunmur.
Kaspi.-2006.-29
sentyabr.- S. 7.