Sevil
Dünyadan
Vasif Adıgözəlov
dünən son mənzilə
yola salındı
Dünən Musiqi
Akademiyasında Azərbaycanın musiqi sənətində
böyük xidmətləri olan, bəstəkar, pedaqoq, ictimai
xadim, xalq artisti Vasif Adıgözəlovla vida mərasimi
keçirildi. O, həm də Bakı Musiqi Akademiyasının
professoru, Bəstəkarlar İttifaqının birinci katibiydi.
Xatırladaq ki, 72 yaşlı Vasif müəllim uzun
müddətiydi ki, şəkərli diabetdən
əziyyət çəkirdi. Vasif Zülfüqar oğlu
Adıgözəlov yaradıcılığa 50-ci illərin sonu,
60-cı illərin əvvəllərində başlayıb.
Azərbaycan dövlət konservatoriyasını bitirib.
Müstəqil yaradıcılığa qədəm qoyduqdan
sonra bəstəkar iki opera, musiqili komediyalar, monumental vokal
simfonik əsərlər, konsertlər, simfonik kamera, instrumental
əsərlər, dram tamaşaları və
kionfilmlərə musiqi, yüzə qədər mahnı
və romanslar yazıb. O, “Ölülər”,
“Xan qızı Natəvan” opreaları, “Hacı Qara”
lövhələrinin, “Nənəmin şahlıq quşu”
operettalarının, 6 musiqili komediya, “Qarabağ şikəstəsi”,
“Odlar yurdu”, “Qəm karvanı” “Çanaqqala”
oratoriyalarının, 3 kantanta musiqisinin müəllifiydi.
Əsərləri tək Azərbaycanda deyil, dünyanın
bir çox ölkələrində tanınıb.
O, həm də fəal ictimai xadim olub. Müxtəlif
illərdə Bakı Musiqi Texnikumunun direktoru, Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının,
eləcə də Dövlət Filarmoniyasının bədii
rəhbərləri kimi fəaliyyət göstərib. 40
ildən çox bir müddətdə Bakı Musiqi
Akademiyasının kafedra müdiri işləyib.
1990-cı ildən Azərbaycan Bəstəkarlar
İttifaqının birinci katibiydi. Müstəqil Azərbaycanın
yeganə bəstəkardır ki, “Şöhrət” və
“İstiqlal” ordenləriylə təltif olunub. İki oğlu,
nəvələri var.
Bəstəkarla son görüşə qatılanlar
içərisində məşhurlardan Əbülfəs
Qarayev, yazıçı Anar, Lütfiyar İmanov,
Tamerlan Qarayev, Rasim Balayev, Vasim Məmmədəliyev, Azər
Rzayev, Səyavuş Kərimi, Ramiz Zöhrabov, Ramiz Quliyev
və bir çox sənətkarlar da vardı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
V.Adıgözəlovun yaradıcılığından
geniş nitq söylədi: “Qara Qarayev
məktəbinin yetirməsi, Üzeyir Hacıbəyovun layiqli
davamçısı Vasif Adıgözəlov görkəmli
xanəndə, Azərbaycan muğamlarının bilicisi
Zülfi Adıgözəlovun ailəsində dünyaya
gəlib, peşəkar musiqiçilər əhatəsində
böyüyüb. Onun çox rəngarəng
yaradıcılıq xidmətləri var. Bəstəkarın
təkcə “Qərənfil” romansını xatırlamaq
kifayətdir ki, onun musiqi duyumunu qiymətləndirə
bilək. Onun haqqında neçə-neçə kitablar,
monoqrafiyalar yazılıb".
Yazıçı Anar Vasif Adıgözəlovun
sənətkarlağıyla yanaşı,
insanlığından da danışdı: “Biz onunla 61 il
öncə bu binanın birinci mərtəbəsində sentyabrın
əvvəllərində tanış olmuşduq. Sonra biz
dostlaşdıq, bir-birimizin xeyir-şərində yaxından
iştirak etdik, birgə yaradıcılıq işlərimiz
oldu. İndisə bu binanın ikinci mərtəbəsində
mən Vasiflə əbədi vidalaşıram. Vasif
böyük sənətkar olmaqla yanaşı həm də
çox gözəl insanıydı. O, son illər çox
ağır əzablar, iztirablar içərisində
”Natəvan" operasını yazdı və sona qədər
də sənətinə sadiq qaldı".
Professor Lütfiyar İmanov Vasif
Adıgözəlovla birgə ərsəyə
gətirdikləri mahnılardan söz açdı.
Musiqiçi Ramiz Zöhrabov Vasif Adıgözəlovun
bütün əsərlərinin ifaçılar
tərəfindən sevildiyini vurğuladı,
bəstəkarın istedadından bəhs etdi.
Ramiz Quliyev bəstəkarın Şuşa nisgilindən,
qastrol səfərləri zamanı xatirələrindən
danışdı. Həyat yoldaşı Xalidə
xanımın bu itkiyə çətin tablaşmasından
söz saldı: “Vasif müəllim öz qəlbində
yaralı Qarabağının, Şuşasının nisgilini
apardı. Nə yaxşı ki, onun oğlanları Yalçın,
Toğrul atalarına layiq oğul oldular”.
V.Adıgözəlovun oğlu Yalçın
Adıgözəlov vida mərasiminə
gələnlərə minnətdarlıq etdi. Bəstəkar I
Fəxri Xiyabanda dəfn edildi.
Allah rəhmət eləsin.