Sentyabrın 16-da ölkəmizin
ictimaiyyəti görkəmli bəstəkar, Azərbaycan
Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci
katibi, Dövlət mükafatı laureatı, xalq artisti,
professor, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, "Şöhrət"
və "İstiqlal" ordenli Vasif Zülfüqar oğlu
Adıgözəlovu son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Bakı Musiqi Akademiyasının
salonunun matəmsayağı bəzədilmiş
səhnəsində postament üzərinə qoyulmuşdu.
Postamentin qarşısına unudulmaz bəstəkarın layiq
görüldüyü orden və medallar, ətrafına
isə Azərbaycan Respublikası Prezidenti adından, Heydər
Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları
Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ali
məktəblərin, yaradıcılıq
təşkilatlarının kollektivləri və
başqaları adından əklillər
düzülmüşdü.
Mərhumun həmkarları, dostları, tanışları,
tanınmış mədəniyyət və
incəsənət xadimləri, onun
yaradıcılığının pərəstişkarları
akademiyanın binasına gəlir, görkəmli
sənətkara və gözəl insana son borclarını
verirdilər.
Salonda həzin matəm
musiqisi səslənirdi. Dövlət və hökumət
nümayəndələri, elm, mədəniyyət və
incəsənət xadimləri cənazənin yanında fəxri
qarovulda dayanırdılar.
***
Matəm mitinqini mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev açaraq, Azərbaycan musiqisinin
inkişafında əvəzolunmaz xidmətləri olan
mərhum sənətkarın həyat və
fəaliyyətindən, geniş yaradıcılığından
danışdı. Bildirdi ki, görkəmli xanəndə,
muğam ustası Zülfüqar Adıgözəlovun
ailəsində dünyaya göz açan, böyük
musiqiçilər mühitində böyüyən və
zəngin bəstəkarlıq məktəbi keçən
Vasif Adıgözəlovun yaratdığı
əsərlər ölkəmizdən çox-çox
uzaqlarda - Almaniya, Türkiyə, Bolqarıstan, İran,
İtaliya, Fransa və MDB ölkələrinin musiqi
ictimaiyyətinə də yaxşı tanışdır. Müasirliklə
milliliyin uğurlu sintezinə nail olaraq qiymətli
əsərlər yaradan Vasif Adıgözəlov
bəstələdiyi simfoniyalar və simfonik poemaları,
oratoriyaları, operaları, fortepiano və skripka
üçün konsertləri və musiqi komediyaları
ilə xalq arasında böyük şöhrət
qazanmışdır. Milli musiqi sənəti sahəsindəki
xidmətlərinə görə o, 1973-cü ildə
"Əməkdar incəsənət xadimi", 1989-cu
ildə "Xalq artisti" fəxri adlarına layiq
görülmüş, 1991-ci ildə Dövlət
mükafatı, 1997-ci ildə "Şöhrət",
2005-ci ildə isə "İstiqlal" ordenləri ilə
təltif edilmişdir.
Matəm mərasimində xalq yazıçısı Anar,
SSRİ xalq artisti Lütfiyar İmanov, xalq artistləri Ramiz
Zöhrabov, Ramiz Quliyev, Siyavuş Kərimi, Azər Rzayev
çıxış edərək böyük
bəstəkarın insani keyfiyyətlərindən,
yüksək istedadından və sənətkarlıq
məharətindən söz açdılar. Natiqlər
ömrünü Azərbaycan musiqisinin inkişafına
həsr edən Vasif Adıgözəlovun hələ
tələbə ikən yaradıcılığa
başlamasından, müxtəlif illərdə rəhbər
vəzifələrdə çalışmasından, 1972-ci
ildən taleyini Bakı Musiqi Akademiyasında peşəkar
musiqiçilərin yetişməsinə həsr
etməsindən və 1990-cı ildən Azərbaycan
Bəstəkarlar İttifaqının birinci katibi
vəzifəsində fəaliyyət
göstərməsindən danışdılar. Bildirdilər
ki, onun əsərləri sırasında "Odlar yurdu",
"Qarabağ şikəstəsi", "Çanaqqala"
oratoriyaları xüsusi yer tutur. Vasif Adıgözəlov uzun
illər ifaçıların repertuarından
düşməyən və gələcəkdə də
sevilə-sevilə oxunacaq bənzərsiz mahnıların
müəllifi kimi tanınmışdır. Onun xalq
musiqisindən və fitri istedadından qaynaqlanan
yaradıcılığı müasir Azərbaycan musiqi
sənətinin parlaq səhifələrindən birini
təşkil edir.
Mərhumun oğlu Yalçın Adıgözəlov
çıxış edərək, Azərbaycan musiqi
mədəniyyətinin inkişafı və
təbliğində atasının xidmətlərinə
verdiyi yüksək qiymətə, xatirəsinə
göstərdiyi hörmət və ehtirama görə
Azərbaycan Prezidenti İlham Əliyevə dərin
minnətdarlığını bildirdi. O, Vasif
Adıgözəlovun yaradıcılığını
yüksək qiymətləndirən insanlara və
mərasimdə iştirak edən şəxslərə də
təşəkkür etdi.
***
Xalq artisti Vasif Adıgözəlovun cənazəsi akademiyanın
binasından qaldırılaraq Fəxri xiyabana gətirildi.
Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi
xalqımızın qəlbində əbədi yaşayacaq
böyük bəstəkar, əsl vətəndaş və
qayğıkeş insan Vasif Zülfüqar oğlu
Adıgözəlovun cənazəsi doğma torpağa
tapşırıldı. Məzarın üzərinə
əklillər və gül dəstələri
düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Azərbaycan.-2006.-17
sentyabr.- S. 7.