Təhmirazqızı
S.
Yenə dərdimizə bir
ağrı əlavə olundu,
könlümüzə unudulmaz
bir insanın xatirəsi
köçdü. Azərbaycan
xalqı daha bir görkəmli şəxsiyyətini
son mənzilə yola
saldı. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və
“İstiqlal” ordenlərinə layiq görülmüş
Prezident təqaüdçüsü,
professor Vasif
Adıgözəlov dünyasını dəyişdi.
Bu xəbəri bütün
xalq kədərlə
qarşıladı. Çünki o,
xalqın sevimli sənətkarı idi. Bütün
varlığı ilə xalqa
bağlı olub, onun sənətinin təəssübünü çəkən,
bu yolda hər
fədakarlığa hazır olan,
xalqın taleyini,
yaşantılarını öz əsərlərində tərənnüm
edən bir sənətkar idi. O, sözün həqiqi
mənasında, böyük vətəndaş idi. Eldə belə
yaxşı insanları itirərkən deyərlər: “Xalqın kisəsindən
getdi”.
Vasif müəllimi bir vətənpərvər,
bir şəxsiyyət
kimi yetirib boya-başa çatdıran mühit
vardı. O, Azərbaycanın unudulmaz
sənətkarı Zülfü
Adıgözəlovun ailəsində dünyaya göz
açıb, xalq musiqisinin
ab-havasında böyümüşdü.
Tanrının ona bəxş
etdiyi böyük istedad muğamlarımızın təsiri ilə təşəkkül tapmışdı. Hələ körpə
yaşlarından dahi Üzeyir bəyin adını eşidən
bəstəkara bu ölməz
sənətkarı görmək də nəsib olmuşdu. O, dünya şöhrətli bəstəkarımız Qara Qarayevdən sənət dərsi
almışdı. Daha neçə-neçə
görkəmli simalarla
ünsiyyətdə olub
həyatda pillə-pillə
yüksələrək sənətin
və insanlığın zirvəsinə
ucalmışdı. O zirvə ki, ondan sonra əbədiyyət gəlir.
Odur ki, əbədiyyətə qovuşdu.
Həmişə söhbətlərində
belə deyərdi: —
İnsan gərək öz
bilik və
bacarığını, ürəyinin məhəbbətini xalqdan
əsirgəməsin. Gərək
xalqla ağlayıb, xalqla
gülməyə qadir
olasan. Əgər
xalqın üçün yaşasan,
xalq da səni heç vaxt unutmaz.
Vasif Adıgözəlov Azərbaycan
bəstəkarlıq məktəbində Üzeyir bəy ənənələrinin layiqli
davamçılarından biri idi. O, musiqinin müxtəlif janrlarında qələmini
sınayaraq çox dəyərli
sənət əsərləri
yaratdı. 4 simfoniya, 5 fortepiano
və orkestr üçün konsert, 6 musiqili komediya, 4 oratoriya (“Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Qəm
pəncərəsi”, “Çanaqqala”),
2 opera (“Ölülər”,
Natəvan") skripka
ilə orkestr üçün konsert, kinofilmlərə musiqi, çoxlu sayda mahnı və romanslar... Bu əsərlərin hər
birini yazmaq üçün bəstəkar
neçə insan ömrü yaşayıb, neçə-neçə
acılı-şirinli duyğulara baş vurub.
Vasif müəllimlə
görüşlərimiz, sənətlə
bağlı söhbətlərimiz
çox olub. Azərbaycan radiosunun fondunda bu söhbətlər
əsasında hazırladığım bir
neçə veriliş
qorunub saxlanılır. Onunla
həmsöhbət olmaq
əsl həyat dərsi idi. Tez-tez Üzeyir bəyə istinad edərək deyərdi: “Bəstəkar hər bir əsər üzərində işləyərkən
ilk növbədə
xalqı düşünməlidir. Çünki xalqın fikri
çox vacibdir. Əgər xalq sənin
əsərinə qiymət
verməyəcəksə, onu
yazmağa dəyməz”.
Belə düşündü,
belə yazdı, onun üçün də bu qədər sevildi.
Onun musiqi dili xalqa nə
qədər yaxındırsa, o qədər də müasirdir. Çünki
bəstəkarın bütün əsərlərində milli ənənələrlə
müasir ifadə vasitələrinin sintezi üstünlük təşkil
edir. Bu da Vasif müəllimin Üzeyir bəy irsinə sadiqliyinin ifadəsidir. Bəstəkar musiqinin
hansı janrında yazmasından asılı olmayaraq,
bütün yaradıcılığı
boyu bu ideyaya
əsaslanırdı.
Onun əsərləri
yalnız respublikamızda deyil,
dünyanın müxtəlif ölkələrində səslənərək
həmişə müəllifə
uğur gətirmiş
və Azərbaycanımızın
adını ucaltmışdır. Türkiyə
dövlətinin “Çanaqqala”
oratoriyasını Vasif müəllimə
sifariş etməsi həm bəstəkarın
yaradıcılığına, həm də xalqımıza olan hörmət və
ehtiramın ifadəsidir.
Tarixi mövzuda olan bu əsər məzmun və
ideyasına görə
bəstəkarın düşüncələri
ilə üst-üstə
düşür. Vətən-torpaq
nisgili ilə yaşayan sənətkar sanki öz musiqisində
Çanaqqala uğrunda
deyil, Qarabağ uğrunda mübarizəsini əks etdirir. Əsərin bədii məzmunu bu günümüzlə
çox səsləşir.
Ümumiyyətlə, Vasif
müəllimin
yaradıcılığında vətənpərvərlik
ideyası qırmızı xətlə keçir. Bəstəkarın “Odlar yurdu”, “Qarabağ şikəstəsi”
oratoriyaları, “Natəvan” operası bunun ən bariz
nümunəsidir. Bu əsərlər
Qarabağ dərdi, Qarabağ nisgili ilə yazılıb.
Bəstəkar son əsərlərindən
olan “Natəvan”
operasında 19-cu əsrin görkəmli
şairəsi Xan
qızı Xurşud Banu
Natəvanın simasında öz içindəki Vətən
harayını onun dili
ilə ifadə edir. O, sanki, doğma torpaq uğrunda müqəddəs ruhları da mübarizəyə
çağırır. Burada həm tarixilik, həm vətənpərvərlik,
həm də mübarizə ruhu var.
Vasif müəllimin bəstələdiyi musiqi
öz həzinliyi və kövrəkliyi ilə əsl
vətəndaşın ürək
ağrısının ifadəsidir. “Qarabağ şikəstəsi”
oratoriyası da büsbütün bu ruhda yazılmışdır. Musiqinin
mətnlə sıx bağlılığı
bəstəkarın mövzuya olan hədsiz məhəbbətinin ifadəsidir.
Özü bu barədə
belə deyirdi: “Qarabağ şikəstəsi”
oratoriyasının mətnini oxuyanda bir neçə
gün özümə
gələ bilmədim.
Sanki Teymur Elçin mənim ürəyimi oxuyub
yazmışdı:
Qarabağda ocağım
var, közüm var mənim,
Şikəstəm var, bayatım var, sözüm var mənim.
Ömrüm boyu bir gözəldə gözüm var mənim,
Yar deyəndə onun kimi yar
gərək olsun.
Bu misraları bəstəkar “Segah” muğamına əsaslanan
həzin melodiya ilə qovuşdurur. Əsərin bu hissəsini
qardaşı — mərhum
sənətkarımız Rauf
Adıgözəlov çox
yanıqlı bir səslə
ifa edirdi. Vasif müəllim deyirdi ki, əsərin
məhz bu yerində Raufun səsini atama bənzədirəm.
Elə bilirəm, oxuyan
atamdır. Elə hey onu
xatırlayıram.
Əziz Vasif müəllim, indi də biz sizi
xatırlayırıq. Bəstələdiyiniz
nəğmələr
bir-bir xəyalımızdan keçir:
Səndən ayrı düşəli
Könlüm dolu qəm olur.
Yazaydım-yaradaydım.
Şah nəğməmi
mən, Bakı,
Oxuyaydım hər yanda
onu ürəkdən,
Bakı.
Siz çox şah nəğmələr
yazıb bizə yadigar
qoydunuz. Amma:
Yüz il ömür sürəydim.
Bir gün xəstələnməyib —
misralarını melodiyaya düzəndə
nə biləydiniz ki, ömrünüz
amansız xəstəliyə düçar olacaq, nə biləydiniz ki, qəddar düşmən ata-baba yurdunuzu viran qoyacaq və vaxt gələcək ki, həm
canınızın ağrısı, həm
də içinizdəki
Vətən dərdi sizi için-için göynədəcək:
Şuşam yağı
əlində,
Əlim yetmir Şuşaya —
misralarını melodiyaya çevirib
Şuşaya layla deyəcəksiniz. Ümidvarıq ki, Şuşa düşmən tapdağından
azad olacaq. O zaman bizim sevincimizə
siz də şərik olacaqsınız. Amma
cismən yox, ruhən.
Daha siz bizim üçün gözəl nəğmələr qoşmayacaqsınız. Bircə arzunuz var idi — Şuşada,
Cıdır düzündə “Segah” muğam
simfoniyanız səslənsin. Qəddar düşmənmi,
amansız əcəlmi sizə
macal vermədi.
İndi bu əsər sizi
son mənzilə yola
salır. Yaxşı ki, heç
olmazsa, 70 illik yubileyinizdə bir dəfə də olsa bu əsəri dinlədiniz və özünüz də şahid oldunuz ki, xalq bu əsərə
necə heyran
qaldı, onu sevə-sevə
qarşıladı.
Sizin əsərlərinizi
bütün gələcək
nəsillər də belə sevib əzizləyəcək, heç
vaxt yaddaşlardan silinməyəcəksiniz. Bu sevgi
sizə Tanrının bəxşişi
idi. Onu qazandığınız üçün Tanrı dərgahına
alnı açıq, üzü ağ getdiniz. Ölüm sizi bizdən
ayırmadı, əbədi olaraq sizi yaddaşlara
həkk etdi.
Həmişə yeriniz
görünəcək. Amma
yeriniz boş qalmayacaq, Vasif müəllim. Ölməz
əsərləriniz sizin
yoxluğunuza bir təsəlli olacaq.
Xalq qəzeti.-2006.- 21 sentyabr.- S. 8.