Təranə
"Mən
də bu yolun xəstəsiyəm"
Novruz
Feyzullayev, xanəndə: "Həvəsim yenə həmin
həvəsdir, amma yaş işini görür"
Gələn il
tamam olacaq 75 yaşına özü əmanət
hazırlayıb. Dönüb geri boylananda arxada
çətinliklərlə dolu olsa belə, mənalı,
əzablı yollardan keçən gözəl bir
dünəni qalıb. "Nə yaxşı bu ömrü
mən yaşamışam" deməsinə haqq qazandıran
bir dünən. Həmin günlər onu təkcə
sənətlə deyil, məqsədi və idealları ilə
də bağlı bütün arzularına qovuşdurub.
İndi vaxtının çox hissəsini musiqiyə həsr
etməsinə uzun illərin adəti kimi yox, azalmaq
bilməyən sənət istəyi kimi baxır.
Səhnədə tez-tez görünməsə də,
həvəslə çalışır.
Xanəndə
Novruz Feyzullayev ötən günlərindən söhbət
açanda: "Yaşadığım günlərə
heyfslənmirəm"-deyir.
"Əfşari"
- Bakıda
anadan olmuşam. Ata-anam cənublu idi. 1937-ci ildə
bütün iranlılar kimi ailəmizlə birlikdə bizi
də Cənuba köçürdülər. Onda mənim 5
yaşım vardı. Ərdəbildə yaşamağa
başladıq. Ora köçdükdən sonra atam
rəhmətə getdi. 4 qardaşım vardı. Mən
onların himayəsində yaşayırdım. Böyük
qardaşım bizdən ayrı qalırdı. O, Mikayıl
Müşfiqin ən yaxın dostu idi. 37-ci ildə onu da tutub
sürgünə göndərdilər. 25 ildən sonra
qardaşım bəraət qazanaraq Moskvaya qayıtdı
və ona orada ev, iş təklif etdilər. Ancaq o, Moskvada
qalmayıb Bakıya gəldi. Bakıya qayıtdıqdan sonra
bizi axtarsa da, tapa bilmədi. Sonradan Moskvaya məktub yazaraq
İrana köçürüldüyümüzü
öyrəndi. Qardaşım yenidən Moskvaya məktub
yazıb bizim Bakıya gətirilməyimiz üçün
çalışırdı.
7 yaşım
olanda Ərdəbildə "Səfəviyyə"
mədrəsəsinə daxil oldum. 14 yaşımda
mədrəsəni qurtardım və Təbriz
Filarmoniyasında işləməyə dəvət aldım.
Mədrəsədə gözəl səsim olduğunu hiss
etdilər. Mən həmçinin dərnəkdə rəqs
edir, çalır, oxuyurdum. Çox istedadlı olduğumu
gördülər. O vaxt "Humayun", "Bayatı
türk", "Dəşti", "Əbu-əta"
və "Əfşari" muğamlarını
öyrəndim. "Əfşari" muğamını
İranda mənim kimi heç kim oxuya bilmirdi. Bu muğamı
əsl sənətkar kimi oxuduğuma görə
Ərdəbil əhli mənə "Əfşari"
ləqəbi verdi. 1960-cı ilə qədər bu
ləqəblə İranda yaşadım.
Sürgünlərdən
keçən yol
- Bildiyimcə,
siz Seyid Cəfər Pişəvərinin yaxın
silahdaşlarından olmusunuz.
- 1945-ci
ildə Təbrizdə Seyid Cəfər Pişəvərinin
rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi quruldu.
Həmin hərəkatda biz də yaxından iştirak etdik.
Bir neçə ay sonra isə Cənubi Azərbaycanda Milli
Hökumət quruldu. Həmin il böyük
bəstəkarımız Cahangir Cahangirov Təbrizdə
Filarmoniyanın proqramını tərtib edirdi.
Filarmoniyanın açılışında
Pişəvəri, dövlət başçıları,
digər rəsmi şəxslər iştirak edirdi. Biz
onların qarşısında böyük bir konsert verdik.
Demokrat Firqəsi elan olunanda Rübabə ilə mən
Ərdəbildə böyük konsert proqramı ilə
çıxış elədik. O vaxt Rübabəyə xanım
İşraqi deyirdilər. Sonra onu da Təbriz
Filarmoniyasında oxumaq üçün dəvət
etdilər. Ancaq atası müşteid olduğu üçün
icazə vermədi. Milli Hökumət dağılandan sonra bir
çoxları kimi Rübabə də Ərdəbildən
qaçdı. Bütün ailə üzvləri əvvəlcə
Əli Bayramlıya, sonra Bakıya gəldilər.
Rübabə Opera Teatrında işə düzəldi.
Milli
Hökumət bir il davam elədi. Ölkə elə inkişaf
edib irəli gedirdi ki, sanki bu hökumət 100 il idi
qurulmuşdu. Artıq bütün məktəblərdə
dərslər farsca deyil, Azərbaycan dilində
keçirilirdi. Milli ruhlu adamlar iş başına
gəlmişdi. Bir ildən sonra hökumət
dağıldı. Firqə üzvlərinin çoxu tutuldu.
Mən Təbrizdən Ərdəbilə gəldim. Orada
məni tutub zindana saldılar. 4 aydan sonra isə ailəmlə
birlikdə Bədirabada sürgün olundum. O
sürgündə 8 min nəfər adam vardı. 6 ay orada
qalandan sonra bizi daha uzaq yerlərə sürgün etdilər.
Qum şəhərinin yaxınlığında
qardaşım mənə qaçmaq üçün
yolları göstərdi. Dedi ki, mənimlə işin
olmasın, sən qaç, canını qurtar. Məni Qum
şəhərinə qaçırdılar. Ailəm isə
təzədən sürgün olundu. Mən
güllələnmə altında yatmışam,
işgəncəgahlarda olmuşam, amma qorxu
bilməmişəm. Qarışıq bir zaman idi, hərə
özü üçün şahlıq edirdi. Bütün
bunlara dözmək təmiz adamlar üçün
çətin idi.
Sürgündən
qaçandan sonra Tehrana gəldim. Soyadıma görə
vəziyyətdən çıxa bildim. Ad və soyadım
pasportda "Novruz Əfşari" yazıldığı üçün
bu məni xilas elədi. Hamı məni xanəndə kimi
tanıyırdı. 5-6 aydan sonra Tehran radiosunda oxumağa
başladım. Get-gedə populyar bir xanəndəyə
çevrildim. Mərkəzi radiodan tez-tez "Xanəndeyi
Novruz Əfşar"-deyə elan edirdilər. Sonra kinoya
çəkildim, plastinka yazdırdım, xarici
ölkələrə konsertlərə getdim. Ancaq öz
əqidəmdən də əl çəkmirdim.
- Kinoya necə
dəvət aldınız?
- O vaxt Tehranda
"Dağlarda qaçaqçı" filmini
çəkirdilər. Məni Qaçaq roluna dəvət
elədilər. Süjetə görə, əlimdə dəf
çalıb oxuya-oxuya, o kənddən bu kəndə gedib
qaçaqçılara çatmalı idim. Xanəndə
olduğum üçün jandarmlar şübhələnib
məni saxlamadılar və məqsədə çatdım.
Film ekranlara çıxandan sonra böyük uğur
qazandı. Daha sonra İranda 3 plastinka yazdırdım. Bu vallar
da məni çox məşhurlaşdırdı. Çoxlu
konsertlərdə çıxış edir, toylara
dəvət alırdım.
- Sənət
dostlarınızdan bir deyirdi ki, məşhur
müğənni Ququşun atasının toyunda da siz
oxumusunuz.
-
Düzdür, Ququşun atasının toyunu mən
eləmişəm. Onların əsilləri Sarablı idi,
ancaq Bakıdan ora köçmüşdülər.
Ququşun atası Sabir akrobat idi. Nadir əmisi isə
yaxşı rəqs edirdi. Hərdən onu özümlə
toylara aparırdım. Eləcə də Sabirlə birgə
çoxlu toylarda olmuşdum. Yadımdadır, Sabir dostum
olduğu üçün onun toyunda pul götürmədim.
Atası Ququşu 4 yaşı olanda səhnəyə
çıxarırdı. Ona görə də Ququşun
uşaqlığı gözümün qarşısında
keçib. O vaxta qədər onun bütün fəaliyyəti
gözlərimin qabağında olub. 60-cı ildən sonra daha
ondan xəbərim olmadı. Bundan əlavə, İranda
çox məşhur adamların toyunda çıxış
eləmişəm. İki dəfə də şahın
məclisində olmuşam. O, mənim ifamı çox
bəyənirdi. Bir dəfə Rəşt Pəhləvidə
konsert verdik. Sonra Tehrana - şahın yaylaq sarayının
yerləşdiyi "Ramitar" adlı yerə gəlib
özümüz üçün çalıb-oxumağa
başladıq. Başımıza da çoxlu camaat
yığışmışdı. Şahın
nümayəndəsi bizə yaxınlaşıb hardan
gəldiyimizlə maraqlandı. Dedik ki, konsertimiz vardı, indi
də istirahətə gəlmişik. Bir qədər
keçəndən sonra o qayıdıb: "Şah buyurdu ki,
bu gecə onun qonağısınız"- deyə bildirdi. O
zaman İran şahı Məhəmməd Rza şah
Pəhləvi idi. Çıxışımız
şahın çox xoşuna gəldi. Şahın
yoldaşı Sürəyyanın sifarişi ilə
Azərbaycan xalq mahnısı "Dəli Ceyran"ı
oxudum. Çox bəyəndilər. Beləliklə, 2 saat
şahın qonağı olduq. Bizim üçün yemək-içmək
təşkil elədilər, hər birimizə konvertdə pul
da verdilər. Sonra bir dəfə də
"Əfsərlər" klubunda şahın
qarşısında böyük bir konsert verdik.
"Ay Novruz,
sandığı aç"
- Bakıya
nə vaxt gəldiniz?
- 1960-cı
ildə Bakıya gəldim. Bura gəlmək çoxdankı
arzum idi. Oxumağa başlayandan bir qulağım Tehran, bir
qulağım da Bakı radiosunda idi. Həm farsca, həm
də azərbaycanca oxuya bilirdim. Bakıdakı bütün
sənətkarların hamısını tanıyırdım.
Hamısının da repertuarından istifadə edirdim.
Qardaşım məni Bakıya gətirmək
üçün çox çalışırdı. Bir
gün məni Tehrandakı rus səfirliyinə
çağırdılar. Viza aldım və 60-cı ilin
dekabr ayında Bakıya gəldim. Elə həmin il Asəf
Zeynallı adına musiqi məktəbinə daxil oldum. Seyid
Şuşinskinin tələbəsi olmaq mənə nəsib
oldu. Orada oxuya-oxuya televiziyada Əhməd Bakıxanov adına
ansamblın solisti kimi çalışdım. Çox
keçmədən Azərbaycanda da tanındım. 61-ci ildə
artıq məni Novruz Feyzullayev kimi hamı
tanıyırdı. "Əfşari" ləqəbi
isə İranda qaldı.
Demək olar
ki, bütün təbəqələr qarşısında
çıxış eləmişəm. 4-5 ay
əvvəldən gəlib məni məşğul
edirdilər. Çox populyar idim. Bakıya gələndən
sonra da Bakı kəndlərinə, rayonlara toylara gedirdim.
Əksərən kampaniyalarda oxuyurdum.
Heydər
Əliyevin xüsusi məclislərində də
çıxış eləmişəm. O, mənim ifamı
çox xoşlayırdı. Çox böyük
zəhmət çəkirdim. Ölkə miqyaslı
bütün tədbirlərdə iştirak edirdim.
"Məhsul" bayramlarında zəhmətkeşlər
qarşısında konsertlər verir, ən ucqar
yerlərə gedib çıxırdım. Əhməd
Bakıxanovun ansamblından sonra Əhsən Dadaşovun,
İslam Rzayevin ansamblında çıxış
etməyə başladım. Əlibaba Məmmədovun
yenicə yaratdığı "Humayun" ansamblının
ilk solisti mən oldum. 5 il Əlibaba müəllimlə
işlədim. Bu illər ərzində həm ölkə
daxilində, həm də ölkədən kənarda çox
uğurlu konsertlər verdik. Daha sonra isə özümün
rəhbərlik etdiyim "Məşəl"
ansamblını yaratdım. Bu ansamblın fəaliyyəti
indiyədək davam edir.
- Ancaq bu
ansamblın fəaliyyəti o qədər də hiss olunmur.
-
"Məşəl" ansamblı 1948-ci ildə
təşkil olunub. O vaxt İran Siyasi
Pənahəndələr Cəmiyyətinin nəzdində bu
ansamblı yaratdıq. Bu ad Təbrizdəki siyasi
mübarizəmizlə bağlı idi. Ancaq buna
rəhbərlik edib üzə çıxarmağım və
hamıya tanıtmağım 78-ci ildən başlandı. Biz
bu ansamblla hər yerə qastrollar edirdik.
Çıxışlarımıza görə çoxlu
fəxri fərmanlar qazanmışıq. Çox yaxşı
solistlərimiz var idi. Bu ansamblda Rübabə Muradova,
Məmməd Salmanov, Rövşən Behcət və
başqaları oxuyub. Mən bu ansamblla ancaq sənətə
xidmət edirəm, pul qazanmaq məqsədi
güdmürəm. Ümumiyyətlə, bu illər
ərzində bütün qazancım xalqıma
xidmətdən ibarət olub. Mən bu sənəti çox
sevirəm.
- Sonradan İrana gedib konsertlər verdinizmi?
- Yox, daha
İrana getmədim. Çünki istədiyim mühit orada da
yox idi. İndi qohumlarımın çoxu xaricdə
yaşayır. Mən milli ruhlu adamam. Bir torpaqda ki, ana
dilimdə məktəb olmayacaq, başqa dildə
danışacağam... Düzdür, özüm də fars
dilində oxumuşam, ancaq ana dilimi sevmişəm, bu dildə
danışmışam, bu dildə oxumuşam. Fars dilində
də muğamat, qəzəl oxuya bilirəm.
- İndi
də toylara gedirsinizmi?
- İndi
dəvət etsələr də, getmirəm. Çünki
indiki repertuar başqadır. Bu gün qohum-əqrəbanın
toyuna gedəndə görürəm ki, əvvəlki ab-hava
deyil. Hay-küy, xarici mahnılar və s. xoşuma gəlmir.
Ab-hava çox pis olduğu üçün qəbul edə
bilmirəm.
- Siz çoxlu
mahnıların, təsniflərin müəllifisiniz. Ancaq o
mahnıların bəstəkarı kimi təqdim olunmursunuz.
Bu, sizin tərəfinizdən təvazökarlıqdır,
yoxsa maneələr var?
- Düz deyirsiniz,
bu illər ərzində çoxlu mahnılar, təsniflər
yazmışam. Hal-hazırda da yazıram. Demək olar ki,
əksər müğənnilər mənim
mahnılarımı, təsniflərimi oxuyur. Bu mahnılar
həmişə bahardır, təzə-tərdir. Eyni zamanda,
unudulmuş muğamları bərpa edirəm. Bu muğamlardan
biri də "Əfşari"dir. Artıq bu muğamı
radioda, televiziyada oxumağa başlamışam. Sentyabr-oktyabr
aylarında bir neçə unudulmuş
muğamımızı təqdim edəcəyəm. Radioda
Əhsən Dadaşovun ansamblı ilə çoxlu
təsniflər və "Humayun" muğamını
oxumuşam. İslam Rzayev həmişə deyir ki,
Azərbaycanda bircə "Humayun" dəstgahı var, o da
Novruzun oxuduğudur. "Dəşti" muğamını
da oxumuşam. Mahnılarımın sayı-hesabı yoxdur. Bu
mahnıları oxuyanlar çox tanınıb. Teymur Mustafayev,
Süleyman Abdullayev və başqaları mənim
mahnılarımla məşhurlaşıblar. Ancaq
mahnımı oxuyanda adımı çəkməyiblər.
Bir gün Əhsən Dadaşov mənə dedi ki, çoxlu
mahnılar yazmısan, adını hallandır ki, bilsinlər
sənin mahnılarındır. Dedim ki, bir halda ki, siz də,
camaat da xoşlayır, bu, mənim üçün
kifayətdir. O vaxt ada qarşı maneələr çox idi.
Yəni sən bəstəkar deyilsənsə, necə
mahnı yaza bilərsən? Mən də o mahnıları
xalqın adına verdim. Bu gün də mahnılar yazıram,
yaradıcılığım davam edir. Bütün
köhnə və yeni oxuyanlar mənim mahnılarımı
ifa edir. Hələ çoxlu oxunmayan mahnılarım da var.
Heç mahnılarıma görə də pul almıram.
Nə lazımdırsa, öz təqaüdümdən
xərcləyirəm, çünki həvəsim var. Mən də
bu yolun xəstəsiyəm. İstəyirəm öz
mahnılarımı həm özüm, həm də başqa
müğənnilər oxusun. Görürəm ki,
xoşları gələndə oxuyurlar. Sözün
düzü, hərdənbir küskün oluram, əl
çəkmək istəyirəm. Ancaq mən
həvəsdən əl çəksəm də,
həvəs məndən əl çəkmir. Hərdən
İslam Rzayev: "Ay Novruz, sandığı aç" -
deyir. Deyirəm ki, qorxursan, dünyamı dəyişəm,
hər şeyi özümlə aparam? Beləcə, 60 ildən
çox səhnə fəaliyyətim var. Bu illər
ərzində hansı sənətkarları
görməmişəm? O vaxt Filarmoniyanın
səhnəsində oxuyanda səhnədə Xan
Şuşinski, Əbülfət Əliyev, Şövkət
Ələkbərova, Sara Qədimova, Tükəzban
İsmayılova, Mütəllim Mütəllimov, Əlibaba
Məmmədov, İslam Rzayev var idi. Təbrizdə
yaşayanda həmişə bu sənətkarları
ziyarət etməyin həsrətini çəkirdim. Tale
elə gətirdi ki, bu həsrətimə son qoyuldu. Nəinki
onları gördüm, hətta onlardan çox şeylər
öyrəndim, onlarla çiyin-çiyinə
çalışdım. O vaxt konsertlər böyük
anşlaqla keçirdi, bilet tapmaq olmurdu. Xalq musiqisinə,
muğamata böyük qiymət verirdilər. O vaxtlar
oxuduğum mahnılar, muğamlar radio və televiziyanın
Qızıl Fondundadır. Səsimizi qorumaq üçün o
vaxt hər şeyi ölçülü-biçili qaydada
həyata keçirir, bütün şərtlərə
əməl edirdik. Canlı oxumaq üçün
həmişə formada qalmaq lazım idi. O vaxt fonoqram yox idi.
Bütün konsertlər canlı keçirdi.
Yaş işini görür
- Novruz
müəllim, ömrünüzün 60 ilini sənətə
həsr etmisiniz. O taylı - bu taylı xalqın
məhəbbətini qazanmısınız. Dövlət
tərəfindən necə, qiymətinizi
almısınızmı?
-
Düzdür, xalqın məhəbbətini qazanmışam.
Ancaq dövlət tərəfindən mənə heç bir
qiymət verilməyib. Heç evim də yoxdur.
Qızımın evində yaşayıram.
Dəfələrlə mənə fəxri ad verilməsi
üçün söz veriblər. 1983-cü ildə rəhmətlik
Heydər Əliyev Moskvaya gedəndə adım fəxri adlar
siyahısında idi. Ancaq fəxri adımı başqasına
verdilər. Bir də mən özümü gözə soxan
adam deyiləm. Ac-susuz qalsam da, heç bir qapını
döymərəm. Təəssüflənmirəm ki,
indiyədək mənə fəxri ad verməyiblər.
Mən sənətə fəxri addan ötrü xidmət
eləməmişəm. Ancaq son vaxtlar hər yerindən durana
"ad" verilməsi mənə çox təsir edir. O vaxt
Polad Bülbüloğluna mənim adımdan məktub da
yollamışdılar. Mədəniyyət Nazirliyindən:
"İmkan daxilində nəzərə alınacaq" -
cavabını yazmışdılar. Ancaq bu günə
qədər heç bir nəticəsi olmayıb. Çox
əzablı yol keçmişəm. Amma zəhmətimin
müqabilində heç nə də ummamışam. Məni
çox aldadıblar. Əlibaba Məmmədov
həmişə deyir ki, Novruz çoxdan Xalq artisti adına
layiqdir, ancaq özünü gözə soxan adam deyil. Bu
xüsusiyyət özümdən asılı deyil.
Gələn il 75 yaşım tamam olacaq. Bu yaşdan sonra
adı neyləyirəm? İnsana vaxtında qiymət
verilməlidir. Hal-hazırda təqaüddəyəm.
Həvəsim yenə həmin həvəsdir, amma yaş
işini görür. Özümü darıxmağa qoymuram.
Çünki ötən günlərim də yaxşı
olmayıb, həmişə mübarizədə olmuşam. Bu
gün sənət nöqteyi-nəzərindən çox
qabaqdayam. Keçdiyim yola heyifslənmirəm.
Çalışıram ki, heç nəyin fikrini
çəkməyim. Çünki çox
ölümlərdən qurtarmışam, Allah
həmişə pasibanım olub, məni bəlalardan qoruyub.