Çingiz Abbas
Üzeyir bəyin son
harayı
Bəli, bu son haray, son
fəryad idi! Baş verə biləcək faciədən
Üzeyir bəy dəhşətə gəlirdi.
Vətənin vəziyyəti çox ağır idi.
Ermənilərin xəyanəti nəticəsində az qala
bütün Azərbaycan ordusu Qarabağın
müdafiəsinə göndərilmişdi. Digər
tərəfdən də tez-tez baş verən və uzun
sürən kabinə böhranları dövləti iflic
halına salmışdı. Belə bir halda kiminsə
hökumətə və millətə xəyanətini
Üzeyir bəy heç kəsə bağışlaya
bilmirdi.
Oxuculara təqdim etdiyimiz məqalə “Azərbaycan”
qəzetinin 28 mart 1920-ci il tarixli sayında dərc
edilmişdi. Deməli, Azərbaycanın rus qoşunları
tərəfindən işğalına hələ düz bir
ay qalırdı. Məhz buna görə də Üzeyir
bəy bütün azərbaycanlıları — dövlət
nümayəndələrini, parlaman deputatlarını
cılız hisslərdən, şəxsi
mənafelərdən əl çəkməyə,
vətən və istiqlaliyyət naminə bütün
dedi-qoduları, xırda inciklikləri bir yana qoyub, vahid bir
tən kimi birləşməyə
çağırırdı.
Qəribə olsa da son, çox ciddi, hərarətli
məqalələri Üzeyir bəy imzasız dərc
etdirmişdi. Bunu da qeyd edim ki, Üzeyir bəy 1918-ci ilin 25
oktyabrından 1920-ci ilin 28 aprelinə qədər
“Azərbaycan” qəzetində çıxan 130-a yaxın
müxtəlif janrlı yazılarını açıq
və örtülü imzalarla nəşr etdirmişdir.
Ordan-burdan başlıqlı felyetonlarını “filankəs”,
Parlamandan “Təəssürat” adlı reportajlarını
“Üzeyir”, teatr tamaşaları haqqındakı tənqidi
yazılarını “Mizrab” və 25 mart 1920-ci ildən
yazmağa başladığı çox orijinal
felyetonlarını isə sərlövhədə “Zurna”,
yazının sonunda “Çı” şəkilçisi ilə
imzalamışdır. Yalnız “Azərbaycan” qəzetinin
28,29,30 mart və 9,11 aprel 1920-ci il tarixli
nömrələrində çıxan beş məqaləni
imzasız vermişdir! Nədir bunun səbəbi? Bəlkə
Üzeyir bəy yazdıqlarının çox kəskin,
ittihamçı ruhundan və bunun sonrakı
nəticələrindən qorxub çəkinmişdir? Xeyr,
bu qələm sahibinin Allahdan başqa heç kəsdən
qorxusu-ürküsü yox idi. Lazım gələndə
hər kəsin layiqli cavabını verirdi.
Bizcə, Üzeyir bəyin son məqalələrinə imza
qoymamasının əsas səbəbi bu yazılara oxucu
marağını artırmaq olmuşdur. Bütün
yazıları həmişə imzalı görən oxucular
“Azərbaycan”da baş məqalələri imzasız
görəndə, yəqin ki, təəccüblənmiş,
onları daha maraqla izləmiş, məna və mahiyyətini
daha dərindən dərk etməyə
çalışmışlar. Şübhəsiz, Üzeyir
bəyə də lazım olan məhz bu idi.
Hörmətli oxuculara hər il olduğu kimi, bu il də
böyük vətəndaşımız Üzeyir bəyin
anadan olduğu günü qeyd edərək, onun imzasız
dərc etdirdiyi beş məqaləsindən birini —birincisini təqdim
edirəm.
Onu da təkrarən deyirəm ki, bu qiymətli yazıların
Ü.Hacıbəyliyə məxsusluğu heç bir
şübhə doğurmur. fikrimizi bir daha
təsdiqləmək üçün bu məqalədəki
“...biz rus generalının çəkməsi altında
inildəmək istəmədiyimiz kimi, rus mujikinin təpiyi altına
da girməyə razı ola bilməyəcəyik” — deyən
Ü.Hacıbəyli bu fikri “Zurna” adlı felyetonların
sonuncusunda daha aydın, daha yumorlu, duzlu-məzəli bir
dillə belə ifadə edirdi: “Mən demirəm ki, Nikolay
hökuməti ilə Lenin hökuməti arasında
təfavüt yoxdur. Xeyr! Təfavüt vardır və
özü də bundan ibarətdir ki, nikolaylar və generallar
hökuməti bizə həmişə “isvoloç” deyib,
atamıza söyərdilər, — mujik və raboçi
hökuməti də məşhur rus söyüşü
ilə anamıza söyəcəkdirlər”.
Göründüyü kimi, imzasız məqalədəki
fikirlə “Zurna” felyetonundakı fikir bir-birilə
üst-üstə düşür. Bu, Üzeyir bəyin son
felyetonu idi və “Azərbaycan” qəzetinin 25 aprel 1920-ci il
tarixli nömrəsində dərc edilmişdi.
Vətənimizin işğalına iki gün qalırdı...
Üzeyir bəyin nələr çəkdiyi
aydındır...
Odur ki, bu böyük jurnalistin 1918-1920-ci illərdəki
misilsiz yaradıcılığını bir toplu halında
çap edib bugünkü nəslə çatdırmaq
vacibdir. Yalnız bu halda Üzeyir bəyin kimliyi tam halda
üzə çıxar, bu qarabağlı balasının
daşnaklar barədə yazdığı
həqiqətlər Qarabağ uğrundakı
mübarizəmizə böyük kömək olar.
Sağ ol, Üzeyir bəy, ruhun şad olsun, qəbrin nurla
dolsun!
Ədəbiyyat
qəzeti.-2006.-15 sentyabr.- S. 2.