Hüseynov Arif
Bu ev-muzey Bakının qədim
məhəllələrinin birində - keçmişdə
Verxni-Priyutsk, hazırda isə Şamil Əzizbəyov adlanan
küçədədir. Həmin ev-muzey sənətsevərlərin,
qədirbilənlərin, millətsevərlərin
ziyarətgahıdır. Muzeyin otaqlarını bir-bir
gəzərkən dərin məmnunluq hissləri
keçirirsən. Dahi sənətkarın 1915-1942-ci
illərdə yaşadığı,
yazıb-yaratdığı bu evdə olmağınla
fəxarət duyursan (xatırladaq ki, Üzeyir bəyin
ev-muzeyi lap əvvəllərdə poçt idarəsi olub).
Onun yazı masası daha çox maraq doğurur. Adama elə
gəlir ki, böyük bəstəkarımız həmin
masanın arxasından yenicə qalxıb, dincəlmək
üçün yan otaqlardan birinə keçib və
tezliklə də qayıdaraq hələ
tamamlamadığı "Azərbaycan" simfonik
poemasının partiturası üzərində işini davam
etdirəcək. Masanın üstündə saxlanan qədim
ingilis qəlyanı, eynək, qol saatı, dəftərxana
ləvazimatı Üzeyir bəyin evdə olması
illüziyasını yaradır. Yazı masasından bir
qədər aralıda "Bekker" royalı diqqəti
çəkir. Bəstəkar özünün
möhtəşəm "Koroğlu" operasını bu
royalın arxasında bəstələmişdir. Royalın
üstündəki şəffaf qutuda saxlanan skripka da tarixi bir
sənət alətidir. "Leyli və Məcnun"
operasının premyerasında Üzeyir bəy digər
musiqiçilərin yanında əyləşərək bu
skripkada çalmışdı.
Azərbaycanın klassik yazıçısı və
dövlət xadimi Əbdürrəhim bəy Haqverdiyev operaya
böyük həvəslə dirijorluq etmişdi. Üzeyir
bəyin adi bir orkestrant kimi iştirakı yazıçı
Əbdürrəhim bəy Haqverdiyevin dirijorluq inamını
bir qədər də artırmışdı. Azərbaycan
ədəbiyyatının klassik yazıçısı
və dramaturqu Ə.Haqverdiyevin özünü həm də
bir musiqiçi kimi göstərməsi bizim zamanda
çoxlarının təəccübünə səbəb
olur. Onlar bəlkə də bilmirlər ki, həmin
dövrdə ziyalıların əksəriyyəti geniş
erudisiyalı idilər. Ə.Haqverdiyev böyük
yazıçı olmaqla bərabər, həm də
muğamlarımızı, xalq musiqimizi, Qərb musiqisini
bütün genişliyi ilə bilən incəsənət
xadimi idi. Buna görə də Üzeyir bəy ilk
operasının dirijorluğunu ona
tapşırmışdı.
Eksponatlar arasında böyük maraq doğuran
fotoşəkillər var. Üzeyir bəyin kiçik
qardaşı Ceyhun bəyin fotoşəkli xüsusi diqqət
çəkir. Onun üz cizgilərində və
baxışında qətiyyətli, qabiliyyətli bir
şəxs görürsən. Ceyhun bəy Şərqdə
ilk operanın - "Leyli və Məcnun"un
ərsəyə gəlməsində böyük əmək
sərf edib. Ceyhun bəyin xatirələrində oxuyuruq:
"Biz (Üzeyir bəy və Ceyhun bəy qardaşları
nəzərdə tutulur. A.H.) 1907-ci ilin yazında opera
üzərində işə başladıq. Şəraitimiz münasib idi.
"İslamiyyə" otelində yaşayırdıq. Biz
lirik nömrələri Füzulidən
götürürdük. Həmin qəzəl
nümunələrini özümüzün
yazdığımız mətnə salırdıq.
Ayrı-ayrı vokal nömrələri üçün
muğam şöbələri seçirdik.
Məsələn, Məcnunun atası üçün
"Rast" və "Çahargah", Məcnun
üçün "Şikəstəyi Fars",
"Bayatı Şiraz" və "Segah" muğamlarından
parçalar nəzərdə tutmuşduq. Xalq musiqimizdən
götürdüyümüz təsniflərdən də
faydalanırdıq. Özümüzün orijinal
motivlərimiz də vardı. Qardaşım Üzeyir orijinal
motivləri nota salırdı. Üzeyir xor
ifaçıları üçün polifoniya
(çoxsəslilik) məqamları yaradılmasına da
diqqət yetirirdi. Beləliklə də qardaşım
Şərqdə polifoniya tətbiqinin pioneri oldu".
Oxuculara Məcnunun atası Əbülqeysin
ifaçısı Mirzə Muxtar haqqında məlumat
vermək də yerinə düşər. Əslən
qarabağlı olan Mirzə Muxtar rus dili müəllimi idi. O,
ahıl yaşlı olsa da, vaxtilə gözəl tembrli
səsinin olan-qalanını rolun təsirli alınmasına
məharətlə işlədirdi. Muğamları əla
bilən Mirzə Muxtar özünəməxsus tərs adam
idi. Məşqlərdə öz nömrələrini oxuyan
zaman xırdalıqlara həddən artıq aludəçilik
göstərir, muğam guşələrinin tamam-kamal
çıxmasına çalışırdı. Sonu
görünməyən improvizasiyalara uyan Mirzə Muxtar
tarçalan Uzun Zeynalı çox hiddətləndirirdi. O, bu
və ya digər guşənin sona yetdiyini bilən kimi
çalmağını dayandırırdı. Mirzə Muxtar
isə buna fikir vermədən elə hey oxuyurdu. Uzun Zeynal
hirsli-hirsli deyirdi: "Ay Mirzə qurtar da". Mirzə Muxtar
isə bunun cavabında: "Rəhmətliyin oğlu, qoymazsan
musiqini tamam eyləyim?!".
Xoreoqrafiya Ceyhun bəyin məktəb yoldaşlarından olan
Bəhram Vəzirova tapşırılmışdı. Onun haqqında
deyirdilər: "Əgər Vəzirovun başı da
ayaqları kimi işləsəydi Qarabağda
tayı-bərabəri olmazdı". Bəhramın rəqs
improvizasiyaları uğurlu alınmışdı. Heç
vaxt ərəb rəqsləri görməmiş
tamaşaçılar məmnunluq duyurdular. Qəribə
burasıdır ki, Bəhram Vəzirov da ərəb
rəqslərinə bələd deyildi. Amma Bəhram
Vəzirovun quruluşunda "ərəb
rəqslərinə" maraqla baxırdılar.
Leylinin atası rolu incəsənətə xüsusi maraq
göstərən podratçılıqla məşğul
olan İmran Qasımova həvalə olunmuşdu. Onun çox
zil səsi vardı, lakin Şərq musiqisinin qanunlarına bir
o qədər də bələd deyildi. Yeri
gəldi-gəlmədi bəzən yuxarı notlarda çox
gəzişməyi xoşlayırdı. Bununla əlaqədar
olaraq qardaşlar ona lazımi məsləhətlər
verirdilər.
Leyli rolunun ifaçısı Əbdürrəhim
Fərəcov Bakı çayxanalarının birində aşpaz
şagirdi işləyirdi. Onun incə tembrli səsi Leyli
partiyası üçün xoşagələn olduğundan
onu dilə tutub teatra gətirmişdilər. Birinci tamaşadan
sonra Əbdürrəhim teatr "solistliyini"
həmişəlik tərk etmək qərarına
gəlmişdi. Ona görə ki, əsil müsəlmana
yaraşmayan hərəkətlər etməyi -
üzünə, onun düşündüyü kimi, donuz
piyindən hazırlanmış qrim çəkməyi və
hətta arvad paltarı geyməyi təhqir hesab edirdi.
Elə bu səbəbdən Azərbaycanın görkəmli
xanəndələrini də operada bu və ya digər rolun
ifasına cəlb etmək mümkünsüz idi. Həm
də bu xanəndələrin əksəriyyəti hacı,
kərbəlayı, məşədi olduqlarından
səhnəyə çıxıb "oyunbazlıq"
etməyi özlərinə rəva bilməzdilər.
Hər halda çıxış yolu tapıldı. Məcnun
roluna Hüseynqulu Sarabski, Leyli roluna Əhməd
Bədəlbəyli (Əhməd Ağdamski) cəlb olundular.
Uzunömürlü operanın səhnə həyatı
əsasən bu iki görkəmli ifaçının
sayəsində reallaşdı.
Şərqin bu ilk operasının digər
iştirakçıları barədə məlumat
qıtlığı mövcuddur. Bu isə anormal hal kimi
qiymətləndirilməlidir. Bakı Musiqi Akademiyasında
və digər elmi tədqiqat müəssisələrində
opera musiqimizin əsasını qoyanların həyat və
fəaliyyətlərini araşdırmağa qadir
adamlarımız mövcuddur. Ancaq onları bu
müqəddəs işə istiqamətləndirən yoxdur.
Muzeyin diqqəti cəlb edən eksponatlarından biri də
Üzeyir bəyin əksi salınmış xalçadır.
Böyük zövqlə toxunmuş bu sənət
əsərində bəstəkarın portreti onun
operalarından götürülmüş fraqmentlərlə
bəzədilmişdir. Həmin xalça bəstəkarın
altmış illik yubileyi münasibətilə Milli Elmlər
Akademiyasının kollektivi tərəfindən verilmiş
hədiyyədir.
Muzeyin ekspozisiyasında məşhur rus rəssamı Mixail
Aleksiçin "Opera traktında" adlı dostluq
şarjı özünəməxsus yer tutur. 1938-ci ildə
Moskvada Azərbaycan incəsənəti dekadası
böyük uğurla keçdiyindən paytaxt qəzet və
jurnallarının səhifələrində təriflə
dolu məqalələr dərc edilir, xüsusən Üzeyir
bəyin əsərləri "Koroğlu" operası
və "Arşın mal alan" komik operası haqqında
Rusiyanın sanballı incəsənət və
ədəbiyyat xadimlərinin professional səviyyəli
yazıları yer alırdı. Yazılanlara görə,
hətta İ.Stalinin özünün Üzeyir bəyə
xüsusi marağı vardı. İ.Stalin "Arşın
mal alan"a ilk dəfə Tiflisdə baxdığını
və böyük zövq aldığını deyirdi. Mixail
Aleksiçin həmin dostluq şarjında SSRİ-nin ən
görkəmli bəstəkarları Volqa çayının
axarının əks istiqamətində opera yükünü
dartıb aparırlar (Qədimdə gəmiləri
çaylarda çəkən fəhlələr vardı. Onlara burlak deyirdilər.
M.Aleksiç də bəstəkarları burlaklara
oxşatmışdı). Ən qabaqda Üzeyir bəy
əlində sazla təsvir olunmuşdur. SSRİ
bəstəkarları onun arxasınca gedirlər. Bu, "Koroğlu"
operasını yaratmış Üzeyir bəyin SSRİ
məkanında ən birinci bəstəkar olmasına
işarədir.
Azərbaycanın böyük rəssamı Mikayıl
Abdullayevin 1944-cü ildə yaratdığı "Üzeyir
Hacıbəyov" portreti dahi bəstəkarın sadəlik,
təmkinlilik, alilik və xeyirxahlıq kimi insani
keyfiyyətləri özündə birləşdirmiş
daxili aləminin inikası kimi qavranılır. Mikayıl
Abdullayev Üzeyir bəyin bu portretini yaratmaq üçün
bəstəkarın poza alması üçün onu xeyli
müddət razı sala bilməmişdi. Üzeyir bəy poza
almaq üçün həvəsinin və vaxtının
olmamasını bəhanə gətirirdi. Nəhayət,
kefinin kök vaxtında rəssamın işləməsi
üçün poza almağa razılıq verdi. Rəssam
həvəslə işə başladı. Portretin
cizgiləri aydın görünməyə başlayanda
bəstəkar rəssama dedi: "Oğlan, deyəsən,
mənim zövqümü oxşaya bilən nəsə yarada
biləcəksən. Mən bunu indidən hiss edirəm.
Gəl səninlə belə danışaq - portret hazır
olan kimi mənə bağışlayacaqsan. Sifarişçi
kimdirsə, onun üçün yeni portret işlərsən.
Söz verirəm ki, pozada duracağam". M.Abdullayev dahi
bəstəkarın bu təklifindən qürur hissi duyur
və portreti ona bağışlayır. Bir
müddətdən sonra ikinci portret də ərsəyə
gəlir. Həmin sənət əsəri də muzeyin
qiymətli eksponatıdır.
"Leyli və Məcnun" mövzusu üzrə muzey
eksponatları arasında Azərbaycanın görkəmli
rəssamı Nəcəfqulunun metal üzərində
döyüb hazırladığı "İki dahi"
triptixi (üç hissədən ibarət qatlama
şəkil) xüsusi yer tutur. Nəcəfqulu bu
əsərində Məhəmməd Füzulinin və
Üzeyir Hacıbəyovun şəkillərini, ortada isə
"Leyli və Məcnun"dan fraqment vermişdir.
Tamaşaçı muzeyə daxil olarkən onun
şüşəbənd hissəsində Üzeyir bəyin
rəngbərəng xırda mərmər parçalarından
mozaika üslubunda hazırlanmış portretini görür.
Bu sənət əsərini 1985-ci ildə tanınmış
rəssam O.Şıxəliyev Üzeyir bəy
yaradıcılığına böyük ehtiram
əlaməti olaraq ərsəyə gətirmişdir.
Muzey stendlərinin biri tamamilə Üzeyir bəyin
ədəbi-puplisistik yaradıcılıq
nümunələrini əks etdirir. Dahi bəstəkarın
1925-ci ildə yazmağa başladığı və 1945-ci
ildə sona çatdırdığı "Azərbaycan xalq
musiqisinin əsasları" adlı fundamental
əsərinə və onun müxtəlif dillərdə
nəşrlərinə xüsusi yer ayrılmışdır.
Üzeyir bəyin xatirəsinə hörmət əlaməti
olaraq 1959-cu ildə Şuşa şəhərində
açılmış ev-muzeyin maketini görəndə
tamaşaçı istər-istəməz qəmlənir. Ona
görə ki, ev-muzeyin özünü görmək
hələ ki, imkan xaricindədir. Erməni qatilləri dahi
bəstəkarın ev-muzeyini virana qoyublar. Onlar Azərbaycan
xalqına olan düşmənçilik hisslərini
böyük bəstəkarın muzeyi qarşısındakı
tunc büstünü gülləyə tutaraq
deşik-deşik etməklə büruzə veriblər.
Natəvanın və Bülbülün də büstləri
gülləbaran edilib. Nədənsə, bu
güllələnmiş heykəllər
İncəsənət muzeyinin həyətində
nümayiş etdirilir. Bu heykəlləri Üzeyir bəyin
ev-muzeyinin özündə saxlamaq və ziyarətə
gələn əcnəbilərə göstərmək daha
məqsədəuyğun olardı. Qoy onlar erməni
vəhşilərinin insanlıqdan uzaq əməlləri
ilə yaxından tanış olsunlar.
Muzeydə elmi tədqiqat işlərinin aparılması
üçün hər cür şərait vardır.
Tanınmış tədqiqatçı Q.Qasımovun,
"Üzeyir Hacıbəyov", M.Aslanovun "Üzeyir
Hacıbəyov - jurnalist", Üzeyirbəyşünas
S.Qarabağlının "Üzeyir bəy Hacıbəyovun
publisistikasında musiqi məsələləri",
Ş.Məlikoff - Səyyarın "Əfsanədən
operaya. Azərbaycanda Koroğlu mövzusunun təkamülü"
və s. monoqrafiyalar muzey materialları əsasında
yaradılmış əsərlərdir.
S.Qarabağlının tərtib etdiyi və ön söz yazdığı
"Üzeyirbaycan" (Dahi bəstəkara həsr olunmuş
şeir və poemalar toplusu), professor İsmayıl
Hacıbəyovun musiqi redaktoru olduğu "Arazbarı"
(1908) əsərinin partiturasının ( burada da ön
sözün müəllifi S.Qarabağlıdır)
nəşri Üzeyir bəy dühasına layiqli töhfədir.
Azərbaycan şair və yazıçıları Üzeyir
bəyin xatirəsinə layiq əsərlər
yazmışlar. Xalq şairi Qabilin "Royal"( Üzeyir
Hacıbəyovun ev-muzeyindəki royalın önündə
düşüncələri), Bəxtiyar Vahabzadənin
"Əşyalar danışır" şeirləri
məhz bu ev-muzeyə həsr olunmuşdur. Qabilin
"Royal" şeiri aşağıdakı misralarla
sonuclanır:
... Köhnə bir küçədə
kiçik bir bina...
Dəyib-toxunulmaz
bülbül yuvası,
Burda "Koroğlu"nu
verdi cahana
Böyük Üzeyirin
böyük dühası.
Azərbaycan.-2006.-16 sentyabr.- S. 11.