Batumidə kino festivalı keçirilib

Ermənilər Azərbaycan filmlərini ayaq üstə alqışlayıblar

 

Azərbaycan sentyabrın 14-dən 17-dək Batumidə keçirilən "Qafqaz bizim birgə evimiz" (Qafqaz naş obşiy dom) festivalında foto və film nominasiyaları üzrə təmsil olunub. APA-nın məlumatına görə, bu gün festival iştirakçıları Azərbaycan Kinematoqrafçılar İttifaqında mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən rejissor Şamil Nəcəfzadə Azərbaycanın belə bir festivalda iştirak etməslni kinomuz üçün böyük uğur hesab edib.

Ş. Nəcəfzadə bildirib ki, Azərbaycan festivalda 4 sənədli, 2 bədii filmlə təmsil olunub. Festivalda rejissor Yavər Rzayevin Qarabağ hadisələrinə həsr etdiyi "Sarı gəlin", rejissor Mikayıl Mikayılovun bədii, İqbal Məmmədyarovun "Sükutun səsi", Yusif Quliyevin "Keçid", Günel Nəcəfzadənin "Pillələr" və Mirsadıq Ağazadənin "6 aylıq" sənədli filmləri nümayiş olunub. Tədbirdə çıxış edən rejissor Yusif Quliyev bildirib ki, festivalda Ermənistan da təmsil olunub: "Festivalda üç ölkə Gürcüstan, Azərbaycan və Ermənistan iştirak edirdi. Açılış və bağlanış mərasimində Azərbaycanın filmləri nümayiş olundu. Gürcü kino xadimləri bizim filmlərdən heyrətləndilər. Onlar bildirdilər ki, Azərbaycan kinosunun bu qədər inkişaf etməsindən xəbərsizdirlər. Ən maraqlısı isə o idi ki, festivalda bizim filmlər təqdim olunanda hətta ermənilər ayaqüstə alqışladılar. Aralarında hətta ağlayanlar da var idi". Y. Quliyevin sözlərinə görə, Qarabağa həsr olunmuş "Sarı gəlin" filminə isə ermənilər qısqanclıqla yanaşıblar: "Film Qarabağın kəndlərində çəkilib. Film nümayiş olunanda ermənilər dedilər ki, bu, onların kəndidir. Biz isə onları başa saldıq ki, bu yerlər Azərbaycana məxsusdur. Hətta aralarında "Sarı gəlin" mahnısının onlara məxsus olduğunu iddia edənlər də oldu". Rejissor İqbal Məmmədyarov isə çıxışında bildirib ki, ermənilər bütün nominasiyalarda iştirak etmələrinə baxmayaraq, Azərbaycanı qabaqlaya bilməyiblər. "Ermənistan hər dörd nominasiyada böyük heyətlə iştirak edirdi. Biz isə az olmağımıza və yalnız iki nominasiyaya qatılmağımıza baxmayaraq onları geridə qoyduq. Festival iştirakçılarının hamısı Azərbaycanı mədəniyyətinin inkişaf etdiyini və film sahəsində bir sıra ölkəni geridə qoyduğunu vurðuladılar".

Qeyd edək ki, foto nominasiyasında Azərbaycan 21 yaşlı Orxan Aslanzadənin təqdim etdiyi 26 əsərlə təmsil olunub.

 

Şərq.- 2006.- 28 sentyabr.- S. 14.