Nəcəfzadə A.

 

Hacıbəyov, yoxcıd Hacıbəyli?

 

Söhbət Azərbaycan peşəkar musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir bəydən gedir. Onun həyat və yaradıcılığı Azərbaycanın iki ictimai-siyasi dövrünə təsadüf edib: Sovet inqilabından əvvəlki və sonrakı dövrlər. İnqilabdan əvvəlki dövrlərdə Üzeyir bəy məqalələrini və musiqi əsərlərini əsasən Hacıbəyli imzası ilə təqdim edirdi. Rus imperiyasının işğalçı qoşunla Azərbaycan Demokratik Respublikasını (1918-1920) devirdikdən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ildən etibarən isə Azərbaycanda kütləvi ruslaşdırma siyasəti yeridilirdi ki, bu da özünü xüsusən xalqın dili, dini və mədəniyyətində daha qabarıq büruzə verirdi. Bir sıra ziyalılar kimi Üzeyir bəyin də soyadının sonluğu məcburən ruslaşdırıldı və beləcə Hacıbəyli Hacıbəyova çevrildi.

Hər il olduğu kimi, 2003-cü il, sentyabrın 18-də də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyovun xatirəsinə həsr olunmuş Milli Musiqi günü keçirilirdi. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrdən ibarət "Xalq çalğı alətləri orkestri" də iştirak edirdi. Onu da deyək ki, orkestrə universitetin baş müəllimi (hazırda dosent, "İnstrumental ifaçılıq" kafedrasının müdiri), istedadlı dirijor Gülağa Zeynalov rəhbərlik edirdi. Orkestrin böyük ustalıqla ifa etdiyi Ü.Hacıbəylinin "Ləzgi rəqsi" əsəri tamaşaçıların gurultulu alqışla ilə qarşılandı. Qeyd edək ki, dahi bəstəkarın 1932-ci ildə bəstələdiyi "Ləzgi rəqsi" əsərinin orijinal partiturası Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur. Muzeyin direktoru, sənətşünaslıq namizədi Alla Bayramovanın təşəbbüsü ilə G.Zeynalov əsəri ifa üçün hazırlamış və həmin gün ilk dəfə "Ləzgi rəqsi" səsləndirildi. Gülağa müəllim ifadan əvvəl Ü.Hacıbəylinin "Ləzgi rəqsi"nin partiturasını (Üzeyir bəyin öz dəst-xəttilə yazdığı əlyazmanı) tamaşaçılara nümayiş etdirdi. Maraqlıdır ki, o, muzeydə eksponat kimi qorunan dünya şöhrətli Maestro Niyazinin (tam soyadı -Zülfüqaroğlu Tağızadə - Hacıbəyov, 1912-1984) batitutası (dirijor çubuğu) ilə əsəri dirijorluq edirdi.

Tədbirdən sonra muzeydə qorunan əlyazmada bir məqam mənim diqqətimi özünə cəlb etdi. Əsərin yazıldığı not vərəqinin sərlövhəsində Üzeyir bəy öz xəttilə: "Ləzgi rəqsi" - Mus. Hacıbəyli Üz.", əsərin sonunda isə "Üz. Hacıbəyli, Bağ, 30/1-1932", - yazıb. Deməli, Üzeyir bəy əsəri 1932-ci il, yanvan 30-da bağ evində tamamlayıb.

Xatırladaq ki, Azərbaycanda, ilk notlu xalq çalğı alətləri orkestrini Ü.Hacıbəyli 1931-ci ildə yaradıb.

Gördüyünüz kimi, repressiyanın başlandığı bir dövrdə Üzeyir bəy soyadını milli sonluqla yazırdı. Bu fakt bir daha Üzeyir bəyin güclü milli qürura malik bir şəxsiyyət olmaqla bərabər onun rejimə qarşı müxalifətdə olduğunu təsdiqləyir. Beləliklə dahi bəstəkan təqdim etdiyimiz əlyazması onun əsil soyadından xəbər verir.

2003-cü ildə "Azərbaycan çalğı alətlərinin izahlı lüğəti" adlı kitabım işıq üzü görüb. Kitab boyu Üzeyir bəyin soyadını Hacıbəyov deyil, Hacıbəyli kimi təqdim etmişəm. Bu da. bəzi şəxslərin etirazına səbəb olub: "Sizə kim ixtiyar verib dahi bəstəkarın familiyasını dəyişirsiniz?"

Cavab verirəm: 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Ali Soveti "Azərbaycan Dövlət Müstəqilliyi Haqqında" Konstitusiya Aktını qəbul etdi və özünü 1918-1920-ci illərdə fəaliyyətdə olan Azərbaycan Demokratik Respublikasının varisi elan etdi. Yuxarıdakı faktlar bizə əsas verir ki, Üzeyir bəyə əsl soyadı ilə müraciət edək.

Bir faktı da xatırlatmaq istərdim ki, son illər Azərbaycan Respublikasının Ali qanunverici orqanı Milli Məclisdə də Üzeyir bəylə bağlı fərmanlarda, soyadı çox düzgün olaraq Hacıbəyli kimi göstərilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 5 avqust 2004-cü il tarixli "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi haqqında 108 saylı qərarının 27-ci bəndində xüsusi isimlərin yazılış qaydası göstərilərkən bir neçə tanınmış şəxslərlə yanaşı Üzeyir bəyin tam soyadı belə yazılır: "Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli".

Hər bir yazar, musiqişünas, telejurnalist Nazirlər Kabinetinin yuxarıdakı qərarına əməl edirmi? Çox təəssüf ki, yox.

Ötən il, sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 120 illiyi qeyd olundu. Yaxşı olardı ki, bəstəkarın Bakı Musiqi Akademiyasının qarşısındakı heykəli üzərində də "Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli" -sözləri latın qrafikalı Azərbaycan əlifbası ilə yazılaydı. Ölkəmizdə bütün yazılar yeni əlifbaya keçdiyi halda acınacaqlı haldır ki, heykəlin üzərində Üzeyir bəyin soyadı hələ də kiril əlifbası ilə yazılmış halda qalır.

"Qobustan"dan: Doğrudan da, necə yazmalı: "Hacıbəyov", yoxsa "Hacıbəyli"? Müəllifin aşkarladığı faktlar da, göstərir ki, böyük bəstəkar sağlığında, soyadını "Hacıbəyli" kimi yazıb. Bu həqiqətdir və bizcə, bu tarixi həqiqətin bərpası barədə düşünməyə dəyər...

 

Qobustan.- 2006.- № 2.- S. 82-83.