18 Sentyabr Milli Musiqi günüdür
Bu gün Üzeyir Hacıbəyovun 121 illiyidir

Şərqin ilk dahi bəstəkarı Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-i dünyaya gəldiyi üçün hər il bu təqvim milli musiqi günü kimi qeyd edilir. Və adətən sentyabrın 18-dən başlayan musiqi mövsümü ayın sonunadək davam edir.
Bəs bu gün dövlət səviyyəsində Üzeyir bəyin doğum günü necə qeyd olunacaq? Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu il sentyabrın 17-dən başlayaraq kinoteatrlarda Üzeyir Hacıbəyovun haqqında çəkilmiş sənədli film nümayiş olunacaq: “Bu gündən isə musiqi mövsümünün başlamasıyla əlaqədar Bakı Musiqi Akademiyasının binası qarşısında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kopellasının və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin iştirakıyla konsert keçiriləcək”.
Mətbuat xidmətindən bildirildi ki, bundan başqa Üzeyir Hacıbəyovun ev muzeyində, Uşaq Filarmoniyasında, Axundov adına Dövlət Kitabxanasında, Səttar Bəhlulzadə adına Sərgi Salonunda, Fəvvarələr meydanında, Bakı Dövlət Sirkində də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub: “Bu gün həm də həmyerlimiz, bəstəkar və məşhur violonçel ifaçısı Mstislav Rastropoviçin xanımı Qalina Vişnevskayanın da Dövlət Filarmoniyasında konserti olacaq”.
Görəsən, dahi bəstəkarın şərəfinə keçiriləcək bu tədbirlər yetərli hesab edilirmi? Xatırladaq ki, Üzeyir bəy bəstəkar, musiqişünas həm də publisist, dramaturq, pedaqoq, fəal ictimai xadim, millət vəkili kimi tarixə düşüb. Hələ 13 yaşında “Kitabi-Məzhəkə” nağıl və hekayəsini yazıb. Onun 1908-ci ildə yazdığı “Leyli Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk opera sənətinin əsasını qoyub. “O olmasın bu olsun”, “Arşın mal alan” operettaları Azərbaycanı bütün dünyada tanıdıb. Musiqi sahəsində saysız xidmətləri olan Üzeyir bəy həm də “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental əsər yazıb. O, bütün musiqi janrlarında Üzeyir üslubunu yaradıb. Azərbaycan üçün istedadlı bəstəkarlar yetişdirib. Bakıda ilk musiqi məktəbini yaradıb. Bəstəkarlar İttifaqının sədri, İncəsənət Universitetinin direktoru olub. Ömrünün axırına kimi fasilələrlə indiki Musiqi Akademiyasına rəhbərlik edib. Lakin mərhum ölkə başçısı Heydər Əliyev onun bu xidmətlərinə qısqanclıqla yanaşaraq, Musiqi Akademiyasından Üzeyir Hacıbəyovun adını götürtdü. İlham Əliyev də atasının bu ənənəsini davam etdirərək hələ də akademiyaya, onun əsasını qoymuş Üzeyir bəyin adını daşımasını təmin etmir.

Müsavat.-2006.-18 sentyabr.-S.4