Şərqin ilk opera məkanı

 

Bakıda Üzeyir Hacıbəyovun şərəfinə keçirilən musiqi günləri 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə dövlət statusu aldı. O gündən bəri hər il sentyabrın 18-i Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başladı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu. Həmin gün respublikamızın musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəyovun şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilməkdə davam edir.
XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurlaşdı. Böyük bəstəkarın fədakar əməyi sayəsində 1908-ci il milli opera sənətimizin tarixinə qızıl hərflərlə yazıldı. Həmin ildə "Leyli və Məcnun" operası tamaşaya qoyuldu. Beləliklə də Azərbaycan Şərqin ilk opera məkanı oldu. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binasında olmuşdur. Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yaradılmışdır. Ötən 98 il ərzində "Leyli və Məcnun" repertuardan düşməmiş, həmişə maraqla tamaşa edilmişdir və qoca Şərqin opera tarixinin məhz Azərbaycandan start götürdüyünü qürur hissi ilə xatırlayırıq. Sevinirik ki, bu şərəfli salnamədə öz adını pozulmaz hərflərlə nəqş etdirən dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun o zaman 22 yaşı var idi.
Üzeyir Hacıbəyovun ikinci operası "Şeyx Sənan"dır. Xalq dastanının motivləri əsasında hazırlanmış bu operanın dirijoru bəstəkarın özü olmuşdur. Üçüncü operası "Rüstəm və Söhrab" isə Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında hazırlanmışdır. Üzeyir Hacıbəyovun operaları sırasında dördüncü yerdə duran "Şah Abbas və Xurşudbanu" 1912-ci ildə yazılıb, 30-cu illərədək tamaşaya qoyulub. Dahi bəstəkarın uzun və maraqlı səhnə ömrü olan əsərləri sırasına daxil edilmiş "Əsli və Kərəm" operasının ilk tamaşası 1918-ci ilin martında olmuşdur. Bu tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir bəyin özü idi. Bu tamaşada da qadın rollarını kişilər yaradırdılar.
Bəstəkarın muğam operaları sırasında sonuncu əsəri "Harun və Leyli" olmuşdur. Lakin nəyə görəsə bu opera tamaşaya qoyulmamış, hətta onun klaviri də məhv edilmişdir. Tədqiqatçılar belə fikirləşirlər ki, bəlkə də operanın musiqisi müəllifi qane etməmişdir.
Dahi Üzeyir Hacıbəyovun yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası ilə başladı. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında dayanan parlaq nümunələrdən birinə çevrildi. Həqiqətən də "Koroğlu"nun taleyi çox uğurlu olmuşdur.
Üzeyir Hacıbəyovun sonuncu operası "Firuzə"dir. Xalq rəvayətləri əsasında operanın librettosunu bəstəkar özü yazmışdır. Təəssüf ki, o operadan təkcə Firuzənin ariyası müğənnilər tərəfindən ifa edilib, amma opera özü yarımçıq qalıb.
Üzeyir Hacıbəyov Azərbaycan musiqisinə bir sıra maraqlı operettalar da bəxş etmişdir. Onun "Ər və arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) operettaları tamaşaya qoyulduğu gündən sevilmiş, bu gün də maraqla izlənilir. Hətta bu operettaların ikisi ekranlaşdırılmışdır. Azərbaycan musiqisinin inkişafında bənzərsiz yer tutan Üzeyir Hacıbəyov instrumental müşahidəli xor, orkestr, kamera əsərləri, xoeroqrafik miniatürlər, romanslar, mahnılarla yanaşı, müxtəlif tədqiqatların, araşdırmaların, ayrı-ayrı məqalə, çıxış, hekayə və felyetonların müəllifi idi.

 

Azərbaycan.-2006.-17 sentyabr.- S. 5.