Üzeyir Hacıbəyov sənətinə və şəxsiyyətinə ümumxalq  məhəbbətinin ifadəsi

 

Sentyabrın 18-də paytaxtın minlərlə sakini, musiqi ictimaiyyətinin nümayəndələri, elm, təhsil və mədəniyyət xadimləri xalqımızın XX əsrdə bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biri, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş ənənəvi Üzeyir musiqi günündə iştirak etmək, onun həmişəyaşar sənətinə ehtiramını, hörmət və məhəbbətini bildirmək üçün ölməz sənətkarın Bakı Musiqi Akademiyasının qarşısındakı abidəsi önünə toplaşmışdılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq dedi ki, ümummilli liderimiz Heydər Əliyev 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə sentyabrın 18-ni Üzeyir musiqi günü elan etmiş, dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi keçirilməsi ənənəsinin əsasını qoymuş, həmin bayrama rəsmi status vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizin, onun ayrılmaz tərkib hissəsi olan musiqi sənətimizin inkişafına göstərdiyi qayğını faktlarla diqqətə çatdıran nazir, bu günlərdə dövlətimizin başçısının sərəncamı ilə yenə də bir qrup mədəniyyət xadiminin Prezidentin fərdi təqaüdlərinə, fəxri adlara layiq görüldüyünü dedi, çoxminlik mədəniyyət işçilərinin ölkəmizin rəhbərinə minnətdar olduğunu bildirdi.
Builki musiqi bayramı çərçivəsində Bakıda və respublikamızın şəhər və rayonlarında silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulayan Ə.Qarayev, tədbir iştirakçılarını əmin etdi ki, nazirlik bundan sonra da Üzeyir musiqi günlərinin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirləri görəcəkdir.
Xalq artisti, professor Arif Babayev, musiqişünas, professor Ramiz Zöhrabov, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəyovun Tanrının xalqımıza bəxş etdiyi sənət, mədəniyyət, musiqi peyğəmbəri olduğunu dedilər. Qeyd edildi ki, Azərbaycan musiqisi təkcə Üzeyir bəyin əsərlərindən ibarət olsaydı belə, yenə dünya mədəniyyəti tarixində öz layiqli yerini tutmuş olardı. Ancaq o, elə bir zəngin ənənə, məktəb yaratmış, o qədər görkəmli bəstəkarlar yetişdirmişdir ki, ölkəmizdə heç vaxt yüksək səviyyəli bəstəkar, musiqiçi qıtlığı hiss edilməyəcəkdir. Ondan sonra ölkəmizdə yetişən görkəmli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər sənətkarların təkcə adları bu fikri təsdiq edir. Bildirildi ki, qəhrəmanlıq, məhəbbət, sevgi, xeyirxahlıq, əsil insanlıq məktəbi olan Üzeyir musiqisi Azərbaycanın dünyaya bəxş etdiyi nadir sənət nümunələridir. Şərqdə ilk opera və operettanın, simfonik orkestrin, caz, xor, simfoniyanın banisi, klassik Şərq və Qərb musiqisinin sintezindən bənzərsiz sənət nümunələri yaradan Üzeyir bəydir. O, xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətdir, Üzeyir bəyin adı dünya bəstəkarları sırasında ön sıradadır. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Üzeyir bəy də olacaqdır. Onun adı həmişə dilimizdə, parlaq xatirəsi qəlbimizdədir.
Diqqətə çatdırıldı ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Ü.Hacıbəyovun "Arşın mal alan" əsərinin tamaşası ilə açacaqdır. Dalbadal üç gün dahi bəstəkarın əsərləri əsasında çəkilmiş bədii, onun şərəfli ömür yoluna və yaradıcılığına həsr olunmuş sənədli filmlər nümayiş etdiriləcəkdir.
* * *
Bayram tədbiri Üzeyir bəy Hacıbəyovun ölməz musiqisi ilə davam etdirildi. Dahi sənətkarın şah əsəri - "Koroğlu" operasının uvertürasının ürəkləri riqqətə gətirən, qəlblərdə igidlik, qəhrəmanlıq, vətənə məhəbbət, qeyrət duyğuları oyadan sədası ətrafa yayıldı.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət xor kapellasının, Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin dahi bəstəkarın hər zaman öz təravətini saxlayan sənət xəzinəsindən ifa etdiyi əsərlər Üzeyir bəyin musiqi dünyasının möhtəşəmliyini, əzəmətini bir daha əyani göstərdi, musiqi bayramının iştirakçılarına unudulmaz xoş əhval-ruhiyyə bəxş etdi.

 

Azərbaycan.- 2006.- 19 sentyabr.- S. 5.