Üzeyir Hacıbəylidən Vasif Adıgözəlova qədər...

 

Vasif Adıgözəlov deyərdi ki, "Üzeyir bəyin anadan olduğu gün Azərbaycanda Musiqi Günüdür"

 

Dünən Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 121 illiyi tamam oldu. Onun ömrü, yaradıcılığı təkcə bir sahəylə məhdudlaşmayıb. Üzeyir bəy ümid səsi olan musiqinin ruhumuzda olan ifadəsini mükəmməl bir formada, yeni çalarda tapdı, yaratdı. Onun bəstəkarlığı qədimlik üstədir, eyni zamanda sırf özünəməxsusdur...

4 gün əvvəl isə tanınmış bəstəkar, professor Vasif Adıgözəlov vəfat etdi. O, bir yaradıcı insan olaraq həmişəlik xatirələrdə yaşayacaq. Dəfələrlə onunla Azərbaycan professional musiqisi, həmçinin bəstəkarın yaradıcılığı ilə bağlı söhbətləşmişdik. Son illər səhhəti sarıdan problemləri artsa da, daim yaradıcılıqla məşğul idi. Qarabağ onun ən ağrılı yeri idi...

Vasif müəllimlə Üzeyir bəy barədə hər söhbətimizdə qənaətlərimizi bölüşürdük. Onunla son söhbətimizin Üzeyir bəylə bağlı məqamlarım bir yerdə xatırlamaq zənnimcə, hər iki sənətkarın xatirəsini anmağımız demək olacaq...

O, Üzeyir bəyin vurğunu idi: 'Musiqinin elə bir janrı olmayıb ki, Üzeyir bəy o janrda əsər yazmasın. Təməli elə qoyub ki, ondan sonra həmin janrlan hamısı böyük inkişaf yolu keçib. O, keçmiş SSRİ-nin hər yerindən istedadlı musiqiçiləri, alimləri Bakıya dəvət etdi. Bununla da Azərbaycan musiqisinə yeni bir təkan vermiş oldu. Bu, arq Azərbaycan musiqisinin yüksəlişi dövrü idi. Üzeyir bəy olmasaydı, mahiyyətcə heç kəs olmayacaqdı, Bu gün ən xoşbəxt, eləcə ən kədərli günümüzdə Üzeyir bəy həmişə yanımızdadır. O, 1937-ci ildə "Koroğlu" operasını yazdı. Bu, doğrudur, onun fitri istedadının, fitrətinin bir üsyanı idi. Əslində o, bu möhtəşəm əsəri yaratmaqla həm nəinki özünü, bir çoxlarını çətin zəmanədən qurtardı, faciələrdən uzaqlaşdırdı. Bəstəkarlardan heç kim repressiyaya düçar olmayıb, çünki bəstəkarların başında Üzeyir bəy durmuşdu. Məlumdur ki, həmin dövrdə xeyli yazıçılarımız repressiyalara düçar oldular. Təbii ki, bəstəkarını həbs etmək üçün kifayət qədər əsas tapa bilərdilər. Üzeyir bəy Azərbaycan bəstəkarlıq məktəbinin özülünü qoydu, banisi oldu".

"Koroğlu" operasındakı "Uvertüra" mahiyyətcə qədimdən gələn səsdir. Onun Azərbaycan Demokratik Cümhuriyyəti üçün bəstələdiyi himn bitkin bir musiqidir, mükəmməldir, ümid səsidir. Adamda belə təəssürat yaranır ki, Üzeyir bəy hələ o zaman dahi imiş. O himnin sözləri təəssüf ki, musiqisi ilə müqayisədə çox zəif görünür. Himnin musiqisi xalqımızın ruhunu, sabahını ifadə edir. Himni 3 bissəyə bölmək olar: əvvəlində haray var, orta hissəsi ümiddir, sonunda inam ifadə olunur. Sonradan Üzeyir bəy sovet Azərbaycanı üçün himnin musiqisini yazdı. Amma hiss olunurdu ki, bu, o himn kimi möhtəşəm deyil. Gərək insan xəlqi mahiyyəti görsün ki, möhtəşəm əsər yaratsın.

Avropan bu ya digər məşhur bəstəkarının ömür yoluna nəzər salanda görmək olur ki, onlar ömürlərini daha çox musiqiyə həsr ediblər. Üzeyir bəy isə məsələn, Şəfiqə Axundovaya himayədarlıq edib, başqalarının yaradıcılığını qanadlandırıb. Xoşbəxtlikdən Üzeyir bəyin yaratdığı təməl güclü oldu. Vasif müəllim bu əsnada deyirdi: "Məhz onun bəhrəsidir ki, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Səid Rüstəmov kimi bəstəkarlar yetişdi. Ümumən böyük millətləri götürsək, Ukraynada Üzeyir bəy səviyyəsində bəstəkar yoxdur. Türkiyədə, gürcülərdə, Orta Asiyada da beləsi olmayıb. Üzeyir bəyin anadan olduğu gün Azərbaycanda Musiqi Günüdür. Bütün radio-televiziyalarda gecə-gündüz Üzeyir bəyin musiqisi səslənməlidir. Çünki bu musiqi xalqı həmişə saflığa, mətanətə, igidliyə çağır, onda daxilən döyüşkənlik hissi yaradır".

 

Xalq cəbhəsi.- 2006.- 19 sentyabr.- S. 14.