Üzeyir Hacıbəyovun
ev muzeyində musiqili-ədəbi tədbir
Sentyabrın 18-də Azərbaycan professional müsiqisinin
banisi Üzeyir Hacıbəyovun anadan olmasının 121 illiyi münasibətilə bəstəkarın
ev-muzeyində musiqili-ədəbi
tədbir keçirilmişdir.
Mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir
Hacıbəyovun dünya musiqisi tarixində tutduğu
mövqedən, musiqi mədəniyyətimizin
inkişafındakı misilsiz xidmətlərindən,
Bakıda və respublikamızın şəhər və
rayonlarında təşkil edilən tədbirlərdən danışdı,
Üzeyir musiqi gününün respublikamızın
mədəni həyatında mühüm hadisəyə
çevrildiyini söylədi.
Muzeyin direktoru, bəstəkar Sərdar
Fərəcov böyük sənətkarın 27 il
yaşadığı, vaxtilə ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü və iştirakı
ilə açılmış bu sənət
ocağının ötən il Azərbaycan Prezidenti İlham
Əliyevin və Heydər Əliyev Fondunun, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın
diqqət və qayğısı ilə yenidən bərpa
olunduğunu vurğuladı.
Üzeyir bəy yaradıcılığının
tədqiqatçısı, Bakı Musiqi Akademiyasının
musiqi tarixi kafedrasının professoru Fərəh Əliyeva
görkəmli sənətkarın
indiyədək üzeyirşünaslığa məlum olmayan
əsərinin tapılıb builki musiqi günü
ərəfəsində nəşr edildiyini diqqətə
çatdırdı. Bildirdi ki, ötən əsrin
əvvəllərinə aid arxiv materialları
üzərində işləyərkən 1919-cu ildə
nəşr edilmiş məcmuədə Üzeyir
bəyin "Azərbaycan türklərinin musiqisi haqqında"
adlı irihəcmli məqaləsini görmüş, bu
sanballı elmi araşdırmanın onun heç bir
kitabında, eləcə də haqqında yazılmış
monoqrafiyalarda qeydə alınmadığını
müəyyən etmişdir.
Tədqiqatçı yenicə işıq üzü
görmüş həmin kitabın ilk nəşrinin
nüsxələrini tədbirin iştirakçılarına
təqdim etdi.
Sonra musiqi kollektivlərinin, gənc ifaçıların
ifasında Üzeyir Hacıbəyov ecazkar musiqisi
dalğa-dalğa ətrafa yayıldı.
Sonra tədbirin iştirakçıları muzeyin
eksponatları ilə tanış oldular. Dahi
bəstəkarın uzun illər ömür
sürdüyü, yazıb-yaratdığı
mənzillərinə, burada görkəmli
şəxsiyyətin istifadə etdiyi məişət
əşyalarına, uşaqlıq və gənclik illərini
əks etdirən fotoşəkillərə baxdılar,
əsərlərinin əlyazmasına, ötən əsrin
əvvəllərinə aid qəzet, jurnal
yazılarına, tamaşa afişalarına, haqqında
yazılmış əsərlərə, dərc olunmuş
kitablarına, fəxri ad və mükafatlarının
sənədlərinə maraqla tamaşa etdilər.
Görkəmli rəssam Səttar
Bəhlulzadənin Şuşanın məşhur Cıdır
düzünü əks etdirən tablosu, dahi
bəstəkarın yağlı boyalarla işlənmiş
rəsmləri, binanın həyətindəki abidə-bulaq
muzeyə xüsusi rövnəq verir.
Mərasimdə iştirak edən üzeyirsevərlər bu
mədəniyyət obyektinin əbədiyaşar Üzeyir
bəy yaradıcılığının qorunub
saxlanmasında və təbliğində bundan sonra da
mühüm işlər görəcəyinə
əminliklərini bildirdilər.