Xatun

"Şou-biznesin vəziyyəti məni qane etmir"

 

Bunu Ağadadaş Ağayev söyləyir

"Bu gün Azərbaycan şou-biznesinin vəziyyəti məni qane etmir. Biz sənətə öz səsimizlə gəlmişik. Kimdənsə kömək ummamışıq". Bu qənaətdə olan xalq artisti Ağadadaş Ağayev hesab edir ki, sənəti olmayan insanların yardımçı qüvvələrin vasitəsi ilə meydana atılması Azərbaycan mədəniyyətinin faciəsi deməkdir.
"Bu faciənin qarşısını almaq xalqın üzərinə düşür. Hər səhnəyə çıxanı xalq alqışlamamalıdır. Bu gün səhnədən daha çox süni alqış səsləri eşidilir. Bunun bir yolu var - o da xalqın belə dırnaqarası sənətçiləri boykot etməsidir. Əgər xalqın etiraz səsi eşidilərsə, həmin müğənnilər səhnəni tərk etmək məcburiyyətində qalacaqlar", - deyərək müğənni öz etirazını bu cür bildirdi.
Daha sonra yaradıcılığından söz salan A.Ağayev musiqili layihələr ərsəyə gətirdiyini bildirdi. Amma bir müddət maddi sıxıntılar yaşayan müğənni bunların həllinin nə vaxt baş tutacağını deyə bilmədi. Onun yarımçıq qalan yaradıcılıq işləri sırasında solo-layihəsi də durur. Buna baxmayaraq o, sponsor müraciətlərini qəbul etmədiyini bildirdi. Dedi ki, yalnız sanballı şirkətlərlə müqavilə imzalamağa razılıq verər: "Sponsorların niyyəti qoyduğu pulu artıqlaması ilə çıxarmaqdır. Amma mənim niyyətim kimlərəsə pul qazandırmaq deyil, xalqıma sanballı konsert təqdim etməkdir".

 

Ayna.- 2006.- 8 sentyabr.- S. 8.