Mətin
R.
“Estradamızda peşəkarlıq
qıtlığı var”
Tünzalə Ağayeva: «Bakı
payızı» müsabiqəsi həyatımda özəl bir səhifə
tutur»
Xanım sənətçimiz dünyanın hansı
məşhurları ilə
duet oxumaq istərdi?
Illər öncə başı çalmalı bir qız “Sevdi can
səni...” mahnısıyla tamaşaçıların
qarşısına çıxdı. Bu mahnı tez bir zamanda
sevildi və onun məşhurlaşmasına səbəb oldu.
Sonra bir-birinin ardınca zövq oxşayan mahnılar
tamaşaçıların ixtiyarına verildi. O vaxtdan
illər keçib. Artıq müğənni Tünzalə Ağayeva sevilən-seçilən sənətçilər
içində özünəməxsus yer tuta bilib.
Sənətçi ilə
görüşüb,
yaradıcılığındakı yeniliklərlə maraqlandıq.
Məlum oldu ki, ikinci albomunu bu yaxınlarda hazırlayan
müğənni artıq üçüncü albom
üzərində işləyir. O, həmçinin sırf
xalq mahnılarından ibarət ayrıca albom hazırlamaq
barədə də düşünür. Müğənni
həm də yeni mahnılar üzərində
çalışır: “Bu günlərdə
səfərdən qayıtmışam, ”Rəngli planet"
adlı yeddinci dünya festivalında iştirak etmişəm.
Ölkəmiz müstəqillik əldə edəndən
Çexiyada ilk dəfədir ki, Azərbaycan müsiqisi
səsləndi. Ilk addımı mən atdım, buna
görə qürur hissi keçirirəm. Gələcək
üçün planlar çoxdur, inşallah, reallaşdıqca
biləcəksiz". Sənətçi xanım
həm də konsert təşkil etmək fikrindədir, amma bu il
yox. Onun sözlərinə görə, gələn il
pərəstişkarları üçün tam fərqli -
canlı və müxtəlif janrları əhatə edən
müsiqilərlə zəngin bir
konsert
verəcək. Nə isə, müğənni ilə
söhbətimizi sizlərə təqdim edirik.
- Sənətdə kimlərdən öyrənmisiniz, kim sizin
üçün sənətkarlıq nümunəsi olub?
- Paytaxtda doğulmasam da, musiqi informasiyam hər zaman dolğun
olub. Üzeyir bəydən başlayaraq, Rauf Hacıyev, Tofiq
Quliyev, Vaqif Gərayzadə, Rafiq Babayev, Cəmil Əmirov kimi
sənətkarlar mənim üçün örnək olub.
Bu, böyük bir məktəbdir. Sözün yaxşı
mənasında, onların
mənə hər zaman təsiri olub və olaraq
qalır.
- Bəs sənətə
gəlməyinizə kim kömək etdi?
- Səhnəyə çıxmağımın
səbəbkarı “Bakı
payızı” müsabiqəsi
oldu. 1988-ci ildən
müsabiqə keçirilmirdi, 2001-ci
ildə bərpa olundu və mən orada iştirak etdim. Bu
müsabiqə mənim üçün böyük
əhəmiyyət kəsb edir, həyatımda özəl bir
səhifə tutur.
- Sizcə, bugünkü estradamızın hansı
problemləri var?
- Müasir estradamızın böyük, bəlkə də
qlobal dərəcədə problemləri var. Ən
əsası, peşəkarlıq qıtlığı var,
hər şey özfəaliyyət səviyyəsindədir.
Dünyada savadı olmayan istedadlı gənci şou-proqramlar
vasitəsilə, yaxud prodüserlərin köməyilə
məşhurlaşdırmaq istəyirlər. Onu savadlı
şəkildə yönləndirirlər, onlarla
peşəkarlar işləyir. Bizdə isə azacıq
səs, oxumaq bacarığı olan kimi, bunu
əllərində bayraq edib, yerli-yersiz
hərəkətlərə başlayırlar. Insanların
fikrində qatma-qarışıqlıq yaradırlar. Bu,
narahatedici məqamdır, insanların zövqü korlanır.
Bir də, yeni sənətə başlayanlar özlərini
peşəkarlarla bir səviyyədə tuturlar, bu da
böyük problemdir. Başqa tərəfdən, istedadsızlar,
xüsusən gənclərin zövqünü korlayırlar.
Gənclər, uşaqlar belə ifaçıları
görüb, yaxşı kimi qəbul edirlər.
Fikirləşirlər ki, onlar televiziyalara
çıxırlarsa, deməli, ən
yaxşılarıdır. Bu gün peşəkarlıqla
özfəaliyyət çox qarışdırılıb.
Bunun qarşısını almaq lazımdır. Çünki
baş verənlər
mədəniyətimizin səviyyəsinə
çox pis təsir edir.
- Gənc ifaçılardan
kimi bəyənirsiniz?
- “Şeron” qrupunda
Rüstəmin, “A trio”da
oxuyan Zaurun ifasını bəyənirəm.
Bu qrupların kompozisiyasını dinləmişəm,
xoşuma gəlib. “Azəristar”da oxuyan Kamran Ismayılovun da
ifasını
bəyənirəm.
- Tünzalə
Ağayeva kiminlə
duet oxumaq istəyər?
- Dünya musiqisindən
söhbət gedərsə,
bir çox sənətçilərin adlarını
çəkə bilərəm:
Andreo Baçelinin vurğunuyam, onunla, Stinqlə, Tina Törnerlə,
Şade ilə, ümumiyyətlə, adını
çəkmədiyim bir
çox dünya ulduzları var ki, onlarla duet oxumaq istəyirəm.
- Öz müğənnilərimizi bəyənmirsiniz?
- Niyə elə deyirsinz? Bayaq adını çəkdiyim
insanlarla, Rüstəmlə, Zaurla duet oxumaq
istəyərəm.
Ilqar Muradovla duet oxusam, mənim üçün dünyalara dəyər.
- Bəzi müğənnilər
bəstəkar qıtlığından
şikayətlənirlər. Doğrudanmı, ölkədə
bəstəkar qıtlığı var?
- Söhbət peşəkar bəstəkarlardan gedirsə,
bəli. Savadlı musiqi yazan, ağıllı, məntiqli
mahnılar
bəstələyən bəstəkarlara
böyük ehtiyac
var. Bir boşluq
var və bu, hiss olunur.
- Bəzən müğənnilər seçki və ya
müxtəlif başqa kampaniyalarda iştirak edir,
kimlərisə dəstəkləyirlər. Bu isə onu
sevənlər, pərəstişkarlar tərəfindən
yaxşı qarşılanmır. Sənətçilər
niyə
qoşulur belə
kampaniyalara?
- Düşünürəm ki, hər bir
müğənninin kimisə
dəstəkləmək haqqı
var. Bunda qəbahət
görmürəm. Əgər müğənni kimisə
qəlbən dəstəkləyirsə, niyə də
reallıqda olmasın? Fikrimcə, sənətçi
xalqını
dəstəkləməlidir.
- Sənət adamlarının
şəxsi həyatı
da maraqa izlənir. Yenidən
ailə qurmaq
istərdinizmi?
- Mən bu cür sullardan qaçıram. Istəmirəm
şəxsi həyatım müzakirə obyektinə
çevrilsin. Qoy şəxsi həyat elə şəxsi
həyat kimi qalsın. Istəyirəm məni
sənətçi kimi tanısınlar, sevsinlər.
- Sənətin ailəyə, yaxud ailənin sənətə
qurban verilməsiylə bağlı tez-tez fikirlər
səslənir. Ailənin
sənətə qurban verilməsi nə dərəcədə qəbul
olunandır?
- Bilirsiniz, kimisə etdiyi hərəkətə
görə qınamaq
düzgün deyil. Biz kimik ki, kimisə
qınayaq? Hər kəs öz əməllərinə
görə Allah qarşısında cavabdehdir. Kimisə
ailəsini sənətinə qurban verdiyinə görə
qınamaq düz deyil. Yəqin ki, onu hansısa problemlər
buna məcbur edib. Amma mənə belə gəlir ki,
ailənin sənətə qurban verilməsinə ehtiyac yoxdur.
Ailə də, sənət də - hər ikisi insan
üçün vacibdir. Hər bir qadın üçün
ailə qurmaq, uşaq sahibi olmaq böyük
xoşbəxtlikdir və
lazımdır.
Azadlıq.-2006.-30
sentyabr.-S. 16.