Rəhimqızı Z.

Tünzalə bayrağımızı Praqada dalğalandırdı

Musiqimiz ilk dəfə VII "Barevna rlaneta"da təmsil olunub

 

Tünzalə Ağayeva "Barevna rlaneta" (rəngarəng planet) adlanan VII Dünya Musiqi Festivalında ölkəmizi təmsil edib. 9 nəfərlik musiqiçi ilə festivala qatılan müğənni Azərbaycan musiqisini beynəlxalq yarışda ilk dəfə təmsil edib. Onun prodüsseri Yalçın Cabbarovun məlumatına görə, Çexiyanın müstəqqilliyi dövründən bu günümüzə qədər Azərbaycan musiqisi həmin ölkədə səsləndirilməyib. Tünzalə Ağayevanın festival üçün hazırladığı proqramın təqdimatından sonra bu boşluq aradan götürülüb. Həmyerlimiz Elşən Nəzərov isə iştirakçıları ölkəmiz haqqında məlumatlandırıb.
Qeyd edək ki, festivalın adını daşıyan xüsusi saytda iştirakçılar və festivalın proqramı barədə geniş məlumat yerləşdirilib. Tünzalə Ağayeva haqqında bilgilər isə birinci sıradadır. Orada müğənninin şəxsi saytı da yer alıb. Y.Cabbarov əlavə etdi ki, dünya miqyaslı festivala Azərbaycanla yanaşı Yəmən, Ukrayna, Finlandiya, Bosniya, Zimbabve, Böyük Britaniya, İrlandiya, Amerika, Argentina və Meksikadan olan iştirakçılar qatılıb.
Bir günlük "Barevna rlaneta" Tünzalə Ağayevanın bir saatlıq çıxışı ilə yekunlaşıb. Festivala qonaq qismində dəvət alan T.Ağayeva repertuara öz bəstələri və xalq musiqilərini daxil edib. Çıxışının sonunda isə müğənni "Sarı gəlin" mahnısını öz tərzində ifa edib ki, onun bu seçimi təsadüfi deyildi.
"Musiqili meydanda tamaşaçıların ən çox rəğbətini qazanmış ölkələrin bayrağı dalğalandırılıb. Azərbaycanın bayrağı ən yüksək nöqtədən asılmışdı. Festivalı xüusi proqramla bağlayan Tünzalə xanımın ifası zamanı bayraq həmin yüksəklikdə dalğalanırdı", - deyən Yalçın Cabbarov bildirdi ki, bu, T.Ağayevanın Çexiyada ilk çıxışı olsa da, sonuncu olmayacaq. Belə ki festivalın növbəti günü onlara daha bir təşkilat komitəsindən təklif gəlib. Müğənni 2007-ci ildə Çexiyada keçiriləcək beynəlxalq festivala dəvət alıb. Elə həmin gün "Çexiya 107FM"in qonağı olan Tünzalə xanım dinləyicilərin xahişi ilə musiqili proqramını yenidən səsləndirib. Onun yeni aranjemanda olan "Oyna gülüm oyna" mahnısı isə bir müddət radionun əcnəbi hitləri sırasında yer alacaq.
Y.Cabbarov Tünzalə xanımın festivaldakı çıxışı haqqında Çexiyanın iki tele-kanalının ayrıca süjet hazırladığını və bu həftə sonu efirə gedəcəyini bildirdi.

 

Ayna.- 2006.- 27 sentyabr.- S. 8.