Salmanov R.
Brilyant
Dadaşova bənzərsiz ifası ilə kanadalıların da
sevgisini qazandı
İl yarımdır ki,
səhnəmizin parlaq ulduzu, könül oxşayan
nəğmələriylə xalqın dərin
rəğbətin qazanmış sevimli müğənnimiz,
respublikanın əməkdar artisti Brilyant Dadaşova nə
ekran-efirdə, əyləncə şou proqramlarında, nə
də illərdən bəri SPACE TV-də yayımlanan, hər
həftə tamaşaçıların səbirsizliklə
gözlədiyi “Dünyanı gözəllik xilas
edəcək” müəllif proqramında görünür. Böyük populyarlıq
qazanmış sənətçinin
birdən-birə gözdən
uzaq düşməyinin,
ola bilsin
ki, müəyyən qədər obyektiv səbəbləri olub. Lakin bir danılmaz
fakt da var
ki, Brilyant xanım səhnədən
uzaqlaşsa da, dinləyicilərin ürəyindən
bir an belə
uzaqlaşmamışdı. Bəzi mətbuat orqanlarının şayiə,
böhtan xarakterli yanlış informasiyalar yayması Brilyant xanımı bir az narazı
salsa da, yaradıcılığına
mənfi təsir göstərə bilməmişdir.
Ekran və efirdə az-az göründükcə müxtəlif
mədəni tədbirlərə
daha çox dəvət olunan Brilyant Dadaşova bu qısa müddətdə
ABŞ, Fransa, İngiltərə,
Almaniya, Türkiyə,
eləcə də dünyanın bir çox digər ölkələrində Azərbaycan
musiqisini layiqincə təmsil edib, yeni layihələr həyata keçirib, Türkiyədə böyük
tirajla disk və audio kasetlərinin buraxılmasına
nail olub. Gördüyü işlərdən, gələcək planlarından
təvazökarlıq edib
söz açmağı
xoşlamayan Brilyant xanım üzə vurmasa da, qəlbində
hələ də nəyinsə xiffətin çəkdiyini, nigarançılığını
da gizlədə bilmədi. Qəlbi incəsənətlə döyünən insanlar adətən kövrək
olurlar. Ən adi bir söz, sənətə qarşı ögey münasibət onların qəlbinə dəyir.
Bu da təbiidir.
Xalq tərəfindən
sevinlən hər bir mahnı uzun
yaradıcılıq axtarışının nəticəsi,
bəlkə də
həyatın ən şirin
anları kimi qəbul
edilməlidir. Və bir
gün bu sevincə kimsə yersiz bir sözlə kölgə salmağa
çalışırsa, deməli, bütün görülən
işlər heçə
dönür. Sənətçi
sarsılır, pərəstişkarlarından, əlaqədar təşkilatlardan
mənəvi dəstək
gözləyir...
Son illər Brilyant
xanımın qardaş Türkiyə
səfərlərinin, orada
həyata keçirdiyi
bütün layihələrin
uğur təməlini
məhz Mehriban
xanım Əliyevanın qayğısı
qoyub. Belə
doğma, qayğıkeş münasibət, hər şeydən öncə,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli musiqi
mədəniyyətimizə, eləcə də Brilyant xanımın sənətinə
rəğbətinin bariz nümunəsi idi. Təəssüf ki, bir az
sonra bədnam qonşularımız sənətçinin bənzərsiz
ifası olan “Vokaliz”
kompozisiyanı da öz adlarına
çıxarılmasına cəhd etdilər, disklər
yazıldı, kompozisiyanı qeyri-peşəkar
səviyyədə erməni
musiqisi kimi xalqa çatdırmağa
çalışdılar. Brilyant
xanımın döymədiyi qapı, imdad diləmədiyi idarə, təşkilat
qalmadı, lakin bu məsələnin
hüquqi tərəfi,
təəssüf ki,
bu günəcən də
öz həllini
tapıb, yoluna qoyulmayıb. “Vokaliz” Ermənistanda bu gün də erməni musiqisi kimi təqdim olunur. Lakin yalan
ayaq tutsa da, yeriyə bilməz.
Bu gün Azərbaycan
bədnam qonşularla
müharibə şəraitində
olduğundan hələlik bu iş öz hüquqi həllini tapmayıb. İnanırıq ki, bu məsələ də tezliklə öz yerini tapacaq.
Nə yaxşı ki, bu incikliklər
də yaz yağışı tək
tezliklə ötüb
keçdi. Bu yaxınlarda Brilyant
xanım Kanadaya qastrol
səfərindən qayıdıb. Kanada –
Azərbaycan Alyansının dəvətilə ölkənin
Toronto şəhərin ən
mötəbər “Medison”
konsert salonunda solo konsert proqramı ilə
çıxış edib. Dünyanın ən parlaq sənət ulduzlarının konsert
verdiyi bu mötəbər
salonda ilk dəfə çıxış edən azəri müğənnisini
alqışlayan tək
soydaşlarımız deyil, rumınlar, bolqarlar, ingilislər, şotlandlar, alman və fransızlar, bir sözlə, dünya
xalqlarının Kanadada yaşayan
nümayəndələri oldu.
ABŞ-da yaşayan görkəmli
pianoçumuz, Azərbaycanın xalq artisti Çingiz
Sadıqovun müşayiəti, Nərgiz Cəlilovanın
aparıcılığı ilə keçən konsertdə Brilyant Dadaşova əsasən Tofiq Quliyevin və Rauf Hacıyevin mahnılarını ifa edib. Hər
bir musiqi nömrəsini tamaşaçılar sürəkli alqışlarla
qarşılayıblar. Bu alqışlar təkcə
Brilyant xanımın sənətinə
deyil, həm də milli musiqimizə, mədəniyyətimizə verilən
ən yüksək qiymət idi. Kanadanın bir çox mötəbər qəzet
və jurnalları bu konsertə
çox böyük önəm verib, Azərbaycan sənətçilərinin
uğurunu öz səhifələrində geniş
işıqlandırmışlar.
“Biz həmişə
çalışırıq ki,
qeyri-peşəkarları yox, yalnız musiqimizi yüksək səviyyədə təmsil
edən sənətkarları Kanadaya dəvət edək”, – deyə qəzetlərin birinə müsahibə verən
Kanada – Azərbaycan Alyansının prezidenti Rüfət Əmirəliyev rəhbərlik
etdiyi qurumun mədəniyyətin təbliği
məsələsinə çox
ciddi yanaşdığını, eləcə də
xalqımızın əlamətdar günləri barədə
Kanada ictimaiyyətinə daim məlumatlar verdiyini bildirib. Çox
şadıq ki, təkcə
yüksək səhnə
mədəniyyətilə deyil,
eləcə də gözəl repertuarı və
ifa tərzi ilə könülləri
fəth edən Brilyant Dadaşova həmin gün Azərbaycan musiqisini
kanadalılara sevdirə bildi.
Ən önəmlisi isə,
konsertdən əldə
olunan gəliri xeyriyyə məqsədilə
Alyansın hesabına köçürməyi
xahiş etdi. Sevimli muğənnimizin bu
jesti də Kanada qəzetlərinin səhifələrində
öz yerini tapdı.
Artıq Brilyant xanım xeyli
vaxtdır ki, doğma Bakıdadır. Həmişə olduğu
kimi, Brilyant
xanımın pərəstişkarları onun
yeni layihələrdə,
geniş konsert
salonlarında, ekran-efirdə tez-tez görünəcəyini
səbirsizliklə gözləyirlər.
İnanırıq ki, ulu
öndər ümummilli
liderimiz Heydər
Əliyev tərəfindən
1998-ci il 24 may tarixində
təqdim olunmuş
0001 nömrəli vəsiqə
ilə təsdiq olunmuş fəxri adın
sahibi, respublikanın əməkdar
artisti Brilyant Dadaşova bundan sonra da daha əzmlə
çalışaraq milli musiqi mədəniyyətimizin yüksəlməsində,
gənc istedadların ərsəyə
gəlməsində əlindən
gələni əsirgəməyəcəkdir.
Xalq qəzeti.- 2006.- 24 sentyabr.-
S. 6.