Sevda
Ələkbərzadə beynəlxalq festivaldan qayıdıb
«Əcnəbilər muğamla
cazın sintezini heyranlıqla dinləyirdilər»
Dünən Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə
görüşən Sevda
Ələkbərzadə yaradıcılığındakı
yeniliklər barədə
məlumat verdi.
Müğənni öncə
bizlərə “Get” adlı
diskini təqdim etdi.
Qeyd edək
ki, adıçəkilən
topluya Sevdanın “Rast” qrupundan ayrıldıqdan sonra ifa etdiyi bütün
mahnılar daxil edilib. Bundan əlavə, diskdə müğənninin «Avropa
himni», Lənkərandan
olan «Oxuyan nənələr» qrupuyla birgə yazdırdığı
kompozisiya və iki yeni mahnısı
da yer alıb.
Bəs, görəsən,
Sevda “Şəbi-hicran”
albomunu nə zaman ictimayyətə təqdim edəcək? Müğənninin suala cavabı belə oldu: «Artıq 3 ildir bu albom
üzərində işləyirəm.
Məqsəd ortalığa sanballı
bir albom çıxarmaqdır. Bunun üçün
də bütün diqqətimi məhz bu topluya yönəltmişəm.
Qoy gec olsun,
amma səviyyəli iş olsun”.
Bu hələ son deyil. Tədbir zamanı məlum oldu ki, Sevda bir
neçə gün öncə Qazaxıstandan qayıdıb. Özü də əlidolu.
Heç demə, müğənni Astana şəhərində keçirilən
beynəlxalq caz
festivalına qatılıbmış. Səfər
təəssüratlarını bizimlə
paylaşan Sevda
festival barədə ağızdolusu
danışdı: “Festivala Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə getmişdim. Məni festivalda “Bakustik caz” qrupu və
royalda Cəmil Əmirov müşayiət edirdi. Üç gün davam edən festival zamanı daha
çox etno-caz
janrında olan mahnılarımı səsləndirdim».
Qeyd edək ki, festivaldan
çəkilmiş eksklüziv
görüntüləri izləyən
zaman bunun şahidi olduq. Həmin görüntülərdə
diqqətimizi maraqlı bir
məqam çəkdi.
Belə ki,
aparıcı Sevda Ələkbərzadəni
səhnəyə dəvət
etdikdən sonra müğənni tamaşaçılara müraciət
edərək, “Sarı gəlin”
mahnısını ifa edəcəyini
bildirdi. Və xatırlatdı ki, sözügedən
mahnı məhz Azərbaycanın xalq mahnısıdır. Sevda
“Sarı gəlin”i yeni
oranjemanda ifa etdiyini və yeni tərtibatın onun daha çox ürəyincə olduğunu vurğuladı: “Biz bu mahnını yeni oranjemanda - daha dramatik şəkildə işləmək qərarına gəldik. İnanın ki,
mahnını ifa etdikdən
sonra jurnalistlər mənə
yaxınlaşıb “mahnıya qulaq asan zaman burda
hansısa faciədən bəhs
edildiyini anladıq” - deyə
öz fikirlərini bildirirdilər. Halbuki onlar azərbaycanca bilmirdilər...”
Mətbuat konfransı
zamanı “Sarı gəlin” jurnalistlər üçün də səsləndirildi. Lakin
həmkarlarımın mahnıya
qulaq asmayıb bir-biriylə söhbət
etdiklərini görən
Sevda incimiş halda iradını bildirdi: “Bu mahnı festivalda səslənən
zaman zalda milçək uçsaydı,
səsi eşidilərdi...”.
Qayıdaq festivala. Festivaldan sonra düzənlənən
gecədə Astananın
meri ilk olaraq S.Ələkbərzadənin şərəfinə
badə qaldırıb.
Bu haqda danışan
müğənni qürur
hissi keçirdiyini gizlətmədi.
S.Ələkbərzadə onu da dedi
ki, Astanada keçirilən festival hansısa
şirkətlər tərəfindən
yox, dövlətin bilavasitə yardımı
ilə gerçəkləşib:
“Mən oxuyan zaman zalda əyləşənlərin
üzlərindəki ifadəni
görürdüm. Onlar
bizim muğamımıza
elə acgözlüklə
qulaq asırdılar ki... Ümumiyyətlə, onlar üçün
muğam və xalq mahnılarıyla cazın sintezi yenilik idi”.
Heç demə, Astanada Sevdaya konservatoriyada oxuyan tələbələr
üçün ustad
dərsləri keçmək
də təklif olunub, amma müğənni
bu təklifdən imtina edib: “Çünki
artıq vətənə
qayıtmalı idik. Bu üzdən də
orada ustad dərsləri keçə
bilmədim”.
Artıq 15 ildir sənətdə olan Sevda Ələkbərzadə
fəxri adlarla bağlı sualdan yayınmaq istədi: «Hər halda, özləri necə məsləhət bilirlər,
o cür də edirlər. Mən kiminsə işinə
qarışıb deyə
bilmərəm, mənə
fəxri ad verin”.
Gələcək planlarından da söz açan müğənni Azərbaycanda
Sevda Ələkbərzadə
məktəbi yaratmaq arzusunda olduğunu söylədi: “Ola bilər ki, mənim sözlərim böyük səslənir,
amma bu, mənim arzumdur. Və nə vaxtsa
mən bu arzumu həyata keçirəcəyəm”.