Sabirqı Ü.

 

Aşıq Altay Türkiyədən qızıl medalla dönüb

«Təəssüf ki, bizdə dövlət aşıq sənətinə qayğı göstərmir»

 

Türkiyənin Sevas şəhərində türk dünyasının böyük aşığı - Aşıq Veysələ həsr olunmuş tədbir keçirilib. Azərbaycanı sözügedən mərasimdə təmsil edən tanınmış aşıq Altay Məmmədov ölkəyə qızıl medalla dönüb. İndiyədək dünyanın 20-dən çox ölkəsində aşıq sənətini təbliğ edən, qədim musiqi alətimiz olan sazımızı və el havalarını tanıdan aşıq Altayla görüşümüzə bəhanə elə bu mükafat oldu.

   DOSYE: Altay Məmmədov 1972-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsində Düzrəsullu kəndində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii xalq yaradıcılığı fakültəsini bitirib. Daha sonra eyni institutda teatrşünaslıq üzrə magistraturada təhsil alıb. 1995-ci ildən Elmlər Akademiyasının Folklor İnstitutunda folklor şöbəsində çalışır. Hazırda aşıq sənəti ilə bağlı elmi mövzu üzərində işləyir. Aşıqlar Birliyində sədr müavinidir.

- Altay bəy, Türkiyəyə kimin dəvəti ilə getmişdiniz?

- Qardaş ölkədə Aşıq Veysələ həsr olunmuş tədbir, daha doğrusu, aşıq bayramı keçirilirdi. Tədbirin təşkilatçıları Azərbaycan Aşıqlar Birliyini də ora dəvət etmişdilər. Birliyin xəttilə aşıq sənətimizi qardaş ölkədə mən təmsil etdim. Çox yüksək səviyyədə hazırlanmış bir mərasim idi. Ümumiyyətlə, Türkiyədə aşıq sənətinə yüksək qiymət verirlər. İstər əski dövrün aşıqlarını, istərsə də müasir aşıqları dəyərləndirirlər. Bunun dəfələrlə şahidi olmuşam. Qeyd edim ki, Aşıq Veysəl tədbirinə bizim məmləkətdən mən, Cənubi Azərbaycandan İsa Qaraxanlı qatılmışdı. Bizdən başqa, bir çox türkdilli dövlətlərin nümayəndələri orada iştirak edirdilər. Çox uğurlu çıxışlarımız oldu. Azərbaycan musiqisini orada layiqincə təmsil etdik. Gözəl ifamıza görə mənə və İsa Qaraxanlıya üstündə Atatürkün əksi olan qızıl medal təqdim etdilər.

- Azərbaycan aşıq sənəti ilə digər türkdilli ölkələrin aşıq sənəti arasında bir fərq duyulur?

- Belə baxanda, müqayisə apa

rmaq olar, ancaq bütün türkdilli dövlətlərin aşıq sənətlərinin kökü mahiyyətcə eynidir. Onların hər biri eyni kökdən qaynaqlanır. Ulu Qorquddan bəri sazla söz deyilib, deyişmələr, gözəlləmələr, divanələr olub. Bunlar demək olar ki, türk dünyasının bütün aşıqlarında var. Ancaq bizim aşıq sənəti - bunu digər türk dünyasından olan aşıqlar da etiraf etdilər - ən mükəmməlidir. İstər sazında, istər sözündə, dastanlarında, istərsə də şeir növlərində. Cənubi Azərbaycandan olan aşıq ilə bizim ifamız demək olar ki, üst-üstə düşür. Biz çıxış edəndən sonra qırğız, qazax, özbək, krım tatarları başımıza yığılıb, deyirdilər ki, Azərbaycan aşıq sənəti türk dünyasının aşıq sənətinin lap əsası, ən mükəmməlidir.

- Səhv etmirəmsə, bir neçə gün öncə daha bir səfərdən qayıtmısınız...

- Bəli, bu dəfə də Türkiyəyə getmişdim, Qaracaoğlanın 400 illik yubileyi münasibətilə gecə düzənlənmişdi. Türk dünyasının aşıqları, folklorşünas alimləri ora dəvət olunmuşdu. Əvvəlcə, aşığın həyat və yaradıcılığı haqda elmi simpoziumlar keçirildi, sonra türk dünyasından dəvət olunmuş aşıqların yarışması, çıxışları oldu. Azərbaycanı orada mənimlə birgə gənc şairə Nazilə Səfərli də təmsil edirdi.

- Orada nə ifa etdiniz?

- Klassik aşıq mahnılarını ifa etdim. Azərbaycan televiziyası da tədbirə dəvət olunmuşdu, təbii ki, göstərəcəklər. Çıxışımız çox uğurlu alındı. İnsanlar bizim aşıq havalarını gözəl qarşılayırdılar. Ümumiyyətlə, türklər aşıq havasına, dastana çox diqqətlə qulaq asırlar.

- Bundan öncə hansı ölkələrdə qastrol səfərində olmusunuz?

- 1994-cü ildən bu günə qədər 20-dən çox ölkəyə getmişəm. Almaniya, Hollandiya, Avstriya, Qırğızıstan, Qazaxıstan, Rusiya kimi ölkələrdə dövlət səviyyəsində təşkil olunan tədbirlərdə iştirak etmişəm. Türkiyəyə bu, artıq altıncı səfərimdir. Bu ölkələri telli sazın qüdrəti ilə gəzmişəm.

- Maraqlıdır, dünyanı dolaşan aşıqlarımız nəyə görə ölkəmizdə az tanınır, təbliğatları getmir, dövlətdən qayğı görmürlər? 

- Aşıq sənəti minilliklərdən qayn

aqlanıb gələn bir sənətdir. Türk mədəniyyətinin lap özülünə, kökünə məxsusdur. Bu gün biz mütləq bu sənətə sahib durmalıyıq. Türkiyədə aşığa yüksək qiymət verirlər, ozana müqəddəs varlıq kimi yanaşırlar. Dövlət, bələdiyyələr, yüksək orqanlarda işləyən insanlar aşıqlara daima dəstək dururlar. Əlbəttə, bizdə də xalq öz saz ifaçısını sevir, sevməsəydi, aşıq sənəti bu günümüzə gəlib çıxmazdı. Qaldı dövlət qayğısına, təəssüf ki, bizə hökumət tərəfindən heç bir diqqət və qayğı göstərilmir. Unudurlar ki, aşıq sənəti təkcə Azərbaycan xalqının deyil, eyni zamanda, dövlətinindi.

- Sizcə, nəyə görə dövlət aşıqlara qayğı göstərmir? İstər hökumət, istərsə də, imkanlı insanlar daha çox şou-biznes əhlinə pu buraxır...

- Şou-biznes deyilən haqq-hesabla Azərbaycan aşıq sənətini ömrü boyu müqayisə eləmərəm. Ən şanlı qəhrəmanımız Koroğlunun bir əlində qılınc, bir əlində saz olub. Koroğlu əvvəlcə düşmənləri sözlə, sazla başa salmaq istəyib. Deməli, saza tələbatımız çoxdan olub. Mən sizin sualınıza sualla cavab verərdim: aşıq sənəti Azərbaycan xalqının möhtəşəm abidəsi olduğu halda niyə ona biganə baxırıq? Ölkəmizdə aşıqların bir mərkəzi var - Aşıqlar Birliyi. Təəssüf ki, ictimai təşkilat olaraq fəaliyyət göstərən bu qurum çox maddi problemlərlə üzləşir, dövlət tərəfindən heç vaxt dəstək almayıb. Qurumun rəhbəri Zümrüd Əsgərqızı rəhmətlik Hüseyn Arifdən sonra Aşıqlar Birliyini qoymadı süqut etməyə. Nə qədər şairlərin, aşıqların gecələrini keçirib, bütün bunları şəxsi dostları, xeyirxah insanların hesabına reallaşdırıb. Arzu edirəm ki, dövlətimiz aşıq sənətinə qayğı göstərsin. Nəyə görə Türkiyədə dövlət öz aşığına qayğı göstərir, onların gecələrini keçirir, ancaq biz güclü ozan sənətini inkişaf etdirməyə qadir deyilik?

- Altay bəy, etiraf edin ki, çimərliklərdə, çayxanalarda sifarişlə mahnı ifa edən aşıqlar bu sənəti nüfuzdan salırlar...

- Birincisi, aşıq sənəti pul qazanmaq üçün deyil. Düzdür, aşıqları el şənliklərinə dəvət edirlər. Bu, normal haldır. Belə bir məsəl var ki, aşığı el saxlar, aşıq qan barışdırar. O vaxtlar bir bəyin yatırda bilmədiyi münaqişəni el aşığı yatırdardı... İndi hərə əlinə bir saz alıb, düşüb küçələrə, pul qazanır. Amma hər əlinə saz alan adam aşıq sayılmır. Aşıq mənən çox zəngin olmalı, yüksək mədəniyyət nümayiş etdirməli, Azərbaycan xalq dastlanlarını əzbərdən bilməlidir. Keçmişə nəzər salsaq, Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımın nə qədər zəngin sənətləri olub, nə qədər sözdən qalalar qurub, incilər yaradıblar. İndi bizim 5-6 ustad aşığımız var, onlar mütləq dövlət qayğısı görməlidirlər. Əminəm ki, ustad aşıqlar nə vaxtsa öz layiqli qiymətlərini alacaqlar. Əgər kimsə aşıq sənətini başa düşmürsə, bu, onun özünün mənəvi çatışmazlığıdır. Sözümü bir şeir parçasıyla bitirmək istəyirəm:

 

Qorqudun ruhuyla mayalanıbdı,

Ələsgər şeirində güllənən sazım.

Ozanlar döşündə dağlar aşıbdır,

Gah layla çalıbdı, gah savaşıbdı,

Dəli Koroğluyla qoşalaşıbdı,

Altayam “Misri”yə zillənən sazım.

 

Gündəlik Azərbaycan.-2006.-30 sentyabr.- S. 14.