Aysel
“Cəmiyyətə
teatr mütləq lazımdır”
Kamal
Xudaverdiyev: “Azərbaycan teatrı hələ də
çapalayır”
"Qadın
aktrisalar arasında gələcəyin korifeyini
görmürəm"
Müsahibim xalq artisti Kamal
Xudaverdiyevdir. Aktyorla söhbətimizə teatrın mövcud problemlərindən başladıq.
Söz-sözü çəkdi...
- Sizcə, teatrda yaranan tamaşaçı qıtlığı
nə ilə bağlıdır?
-
Əslində, tamaşaçı
qıtlığı biz aktyorlar
üçün də
maraqlıdır. Məncə, bunu teatrın
tənəzzülə uğraması
ilə əlaqələndirmək
daha düzgün olardı.
- Necə düşünürsünüz,
bunun günahı teatra heç bir maraq göstərməyən
cəmiyyətimizdədir, yoxsa
ayrı-ayrı fərdlərdə?
- Xatırlayıram,
10-12 il bundan
öncə tamaşaçılar
sarıdan nigarançılıq
çəkmirdik. Həmişə tamaşaçılarımız var idi. Lakin sonralar vəziyyət çox dəyişdi.
İndi camaat bir parça çörək dalınca
evindən səhərlər
çıxır, axşam qayıdır. Rusların gözəl bir adəti var: Onlar hər
ay teatra, muzeyə və s. yerlərə getmək üçün
ailə büdcəsindən
pul ayırırlar.
- Bəlkə tamaşaçı
qıtlığına səbəb
texnika əsrində yaşamağımızdır?
- Məncə, yox. Çünki siz dediyiniz televizor, video o dövrdə
də var idi. Amma camaat yenə
də teatra gəlirdi.
- Kamal müəllim, bu, sizi ruhdan
salmır ki?
-
Əlbəttə, yox. Bütün bunlara
baxmayaraq tamaşalarımızı
oynayırıq. Bəzən yadıma
o illər düşür.
Teatrın salonu tamaşaçılarla ağzınacan
dolu olardı...
- Bəs, maliyyə baxımından vəziyyətiniz
necədir?
- Mən bu sənətə
gələndə, bilirdim
ki, var-dövlət sahibi olmayacağam. Yaxşı aktyor olandan sonra isə insan kimi yaşamaq
olar. Yaşayırdıq da, işləyirdik
də. O vaxt
500-600 manat pul alardıq. Həmin pul 700-800 dollara
bərabər idi.
İndi isə 40 dollara qulluq edirik...
- Azərbaycan teatrının bugünkü
durumu sizi nə dərəcədə
qane edir?
- Təkrar da olsa, yenə
deyirəm, bu sənəti qoruyub saxlamaq lazımdır. Çünki teatr öz gücünə yaşaya
bilməz. İşıq, qaz pulunu da
teatr öz cibindən ödəyir.
Hansı
ki, əvvəllər
bu problem dövlət
tərəfindən həll
olunurdu. Teatr əlindən
gələni edir.
Öz daxili imkanlarımız hesabına tamaşa hazırlayır, birtəhər
vəziyyətdən çıxırıq.
Cəmiyyətə mütləq teatr
lazımdır. Ancaq bu gün teatr çapalayır. Səhnə insanların
tərbiyələnməsində böyük rol oynayır.
- Bəzən görürsən ki, yaradıcı adamlar haqqında "filankəsin
istedadı tükənib"
deyirlər... Siz bu fikirlə razısınız?
- Mən cavanlıqda idmanla məşğul olmuşam. İdmanda belə bir qanun
var: birincilik qazanandan sonra yaş keçməmiş
adı qorumaq üçün meydandan çəkilməlisən. Çünki növbə gənclərindir.
- Maraqlıdır, aktrisalarımızdan
kimin oyununu bəyənirsiniz?
- Açığı, qadın
aktrisalar arasında gələcəyin korifeyini
görmürəm. Amma daha
neyləyək, olanımız
budur.
- Təəccüblüdür ki,
indiki aktyorlar sənətdən çox
ad-san ardınca qaçırlar...
- Rəhmətlik Əli Zeynalov həmişə mənə deyərdi ki, nə şöhrət,
nə ad-san dalınca
qaçma, o özü
gəlib səni tapacaq, sən öz işini gör. 42 yaşında
əməkdar, 51 yaşında
xalq artisti adı almışam.
Heç
nəyi erkən qazanmamışam. Bizim sənət
axı, irəli getmək üçün
deyil, yaradıcılıq
üçündür. Vallah, bəzən görürsən ki, elələrinin bəxti gətirir...
- Sizə hər hansı obraz tapşırılanda
olubmu ki, deyəsiniz, "bəxtim
gətirdi" ?
- Mən har zaman
istedadıma güvənmişəm.
Ədil İsgəndərov həmişə
deyərdi ki, mənim verdiyim bu tamaşa balamdır, mən balama xəyanət edə bilmərəm.
Deməzdim ki, nə vaxtsa mənim bəxtim gətirib. İstedadım həmişə əlimdən tutub və oynadığım rollara xəyanət etməmişəm.
- Şöhrət açan
qapıları heç
nə açmır...
Bu deyimlə razısınız?
- Çox qapılar üzümə bağlı
olub. Elə indinin özündə
də, səbəbini
bilmirəm. Mən
qapını ancaq bir dəfə döyərəm, ikinci dəfə qapı döyməyi xoşlamıram...
- Tolstoyun belə bir sözü var: "Ehtiyac saatlarını unut, ancaq onun sənə
öyrətdiklərini yaddan
çıxarma". Uşaqlıqdan içərisində böyüdüyünüz
ehtiyac sizə nə öyrətdi?
- Ehtiyac mənə çox şey öyrətdi. Mən həyatı pillə-pillə
qalxmışam. Demək olar
ki, ehtiyacsız günüm olmayıb.
Gec - 36 yaşında ailə qurmuşam, İstəmirdim ki, aldığım 80 manatla
ailəm də pis yaşasın. Sonra imkan oldu, evləndim.
Həyatımın nizamını yavaş-yavaş
qurdum. Mənə
elə gəlir ki, ehtiyac insanları
bir az
səmimi saxlayır. Ehtiyacı olanlar heç vaxt kiməsə pislik eləməzlər.
Ehtiyac məni tərbiyə elədi.
- Təkliyi sevirsiniz?
- Mən bəlkə də həyatımın çox
hissəsini tək keçirmişəm. Çünki məclis adamı deyiləm. Tək qalanda, papağımı
qoyuram qabağıma fikirləşirəm, keçən
günlərə heyfsilənirəm.
Bilirsiniz,
keçən günlərimi
qaytarmaq üçün
hər şeyi qurban verərdim. Təki, o günlərə dönə
biləydim. O zamanlar
hər şey saf idi... Dar küçələrdən keçirdin,
xörəklərin cürbəcür
iyi aləmi başına götürürdü.
İndi qazanın ağzını
açmamış bilmirsən,
burda nə var. Heç nə qalmayıb indi, dad da itib, qoxu
da. Saflıq deyirsiniz, o nə insanlarda qalıb, nə havada...
Üç nöqtə.- 2006.- 20
sentyabr.- S. 13.