Babayeva
T
Qazaxlar "Arşın mal
alan"dan zövq alırlar
"Yuğ" növbəti teatr bayramından qayıdıb
Azərbaycan
xalqının bütün dünyada tanınan qədim musiqi
sənətinin tarixinə dair bir sıra yazılı
abidələr hələ də əlyazma şəklində
dünyanın müxtəlif muzey və kitabxanalarında
ətraflı tədqiqatdan kənarda qalmışdır.
Müstəqilliyini bərpa etmiş xalqımız
üçün bu gün bu əsərlərin toplanıb
nəşr edilməsi, araşdırılması və
təbliği məsələləri çox aktualdır.
Azərbaycan muğamı bu gün özünün yeni
canlanma, dirçəliş dövrünü yaşayır,
Azərbaycan muğamının UNESCO-nun qərarı ilə
dünya mədəniyyətinin misilsiz dəyərə malik
şifahi mədəni sərvətləri sırasına daxil
edilməsi sevindirici hadisədir. UNESCO-nun şifahi və
qeyri-maddi irsin qorunması üzrə konvensiyası
ənənələri qoruyub-saxlamaq və
yaşadıb-inkişaf etdirmək kimi ali
məqsədlərə xidmət edir. Azərbaycanda bu işi
həyata keçirmək üçün UNESCO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyeva
dəyərli işlər görmüşdür.
Hal-hazırda muğam haqqında böyük layihələr
həyata keçirilir. Bunlar "Muğam-irs",
"Muğam-dəstgah", "Muğam-ensiklopediya",
"Muğam-internet", "Muğam-antologiya" və s.
layihələrdən ibarətdir. Musiqi tariximizə dair
üç misilsiz əsərin AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları
tərəfindən tərcümə edilərək, çap
edilməsi də bu möhtəşəm layihənin
mühüm bir hissəsidir.
Bu yaxınlarda "Şərq-Qərb"
nəşriyyatında nəfis şəkildə çap
edilən bu üç əsərdən ikisi XIII əsrin
böyük Azərbaycan alimi, musiqiçisi, Şərqdə
"sistemçilik" adı ilə məşhur olan
məktəbin banisi, bəstəkar, şair, mahir
ifaçı, yeni alətlərin ixtiraçısı,
gözəl xəttat Səfiyəddin Əbdülmömin ibn
Yusif ibn Faxir əl-Urməviyə (1217-1294) məxsusdur.
Səfiyəddin Urməvi 1217-ci ildə Azərbaycanın
qədim elm və mədəniyyət mərkəzlərindən
olan Urmiya şəhərində anadan olmuş, ilk təhsilini
doğma şəhərində, Böyük məscid
yanındakı mədrəsədə almışdır. O, təhsilini
davam etdirmək üçün o vaxt İslam
dünyasının elm və mədəniyyət
mərkəzi olan Bağdada getmiş və
Müstənsəriyyə mədrəsəsinin fiqh (İslam
hüququ) fakültəsinə daxil olaraq, oranı
bitirmişdir. Urməvinin müasiri, tarixçi Həsən
əl-Ərbilimin dediyinə görə, Səfiyəddin
ərəb dilini, tarixi, fəlsəfəni,
ədəbiyyatı və başqa fənləri gözəl
bilirdi və kamil xəttat kimi yetişmişdi. Ud
çalmağa da çox meyl göstərirdi. O vaxt
Şərqin mədəniyyət və elm mərkəzi
olmuş Bağdadda Azərbaycanın müxtəlif
şəhərlərindən çoxlu azərbaycanlılar
gəlirdilər. Təkcə elə Urmiyadan Bağdada
Əbu-Bəkr Urməvi, Əbulqənaim Urməvi,
Məhəmməd Urməvi, Əbülfəzl Urməvi,
Əbu Qeyb Urməvi, Tacəddin Urməvi kimi görkəmli
alimlər gəlmiş, yaşayıb-yaratmışlar.
Bunların arasında Səfiyəddin Urməvinin xüsusi
yeri var idi.
Abbasilər sülaləsinin sonuncu, 37-ci xəlifəsi
(xəlifəliyi: 1242-1258) Səfiyəddini sarayına
dəvət etmiş, kitabxananın açarını ona
tapşırmış, ona istədiyi kitablardan istifadə
etmək imkanı vermişdir. Urməvi ən əvvəl
mahir xəttat kimi məşhur olmuşdur. Səfiyəddinin
xəttatlıq və nəqqaşlıq bacarığı
bütün Şərqdə yayılmış, o
dövrün ən gözəl xəttatı adını
almışdı.
"Məcmui-məxtut" adlı kitabda Səfiyəddinin
musiqi məharətinə dair oxuyuruq: "Sözsüz ki,
Səfiyəddin musiqi sənətində kamala yetmişdir. O,
nəğmə qoşub mahnı bəstələməkdə,
muğam çalmaqda, yeni nəzəri mülahizələr
söyləməkdə fövqəladə qüdrətə
malik şəxsiyyətdir. O, musiqi işarələrini (notu)
ortaya çıxaran ilk alimdir".
Alimin məktəbini bitirən tələbələr sonradan
bütün Şərqdə tanınmış
musiqiçilər olmuşlar. Ud alətində mahir
ifaçı olan Səfiyəddin bu aləti
təkmilləşdirmiş, həm də iki gözəl
musiqi alətinin ixtiraçısı olmuşdur. Onlardan biri
qaponabənzər nüzhə, ikincisi isə qövsi ud olan
musiqi alətidir.
1258-ci ildə monqol xanı Hülaku Abbasi xəlifəsi
əl-Müstəsimi və onun övladlarını
öldürərək Abbasilər xilafətinə son qoydu. Bu
vaxt Səfiyəddinin həyata keçirdiyi ağıllı
tədbir nəticəsində Bağdadın onun
yaşadığı məhəlləsinin əhalisi
qırğından xilas olmuşdur. Hülakü xanın
hüzuruna çağırılan Səfiyəddin
özünü ağıllı və mərdanə
aparır. Səfiyəddinin udda çalmağı, geniş
biliyi Hülakü xanın xoşuna gəlir və o
Səfiyyədinə şəhərin və qalalardan birinin
idarəsini təklif edir. Lakin Səfiyəddin bundan imtina edir
və yalnız özünün yaşadığı
kəndlə kifayətlənir. Sonralar ona bağışlanan
bu kənd də əlindən alınmışdır.
Elxanilər dövründə Baş nazir Şəmsəddin
Məhəmməd Cüveyni Səfiyəddini Bağdad
divanxanasının rəisi təyin edir. Sarayda
Səfiyəddin böyük maaş alır. Bu
vəzifədə bir neçə il işlədikdən sonra
70-ci illərdə Təbrizə göndərilir. Burada Cüveyninin
xahişi ilə onun oğullarının
təlim-tərbiyəsi ilə məşğul olur. Lakin
1284-cü ildə Cüveyni ailəsi faciə ilə
üzləşir. Cüveyni qardaşlarının
ölümündən sonra alimin vəziyyəti tamamilə
dəyişir. Hər bir himayədən məhrum olan
Səfiyəddin Urməvi qoca yaşlarında yenidən
vətəni tərk etməyə məcbur olur və
Təbrizdən Bağdada qayıdır. Gəncliyində
şöhrət və sərvət içində yaşayan
Urməvi həyatını yoxsulluq içində bitirir.
Şikayət əsasında, guya 300 dinar borca görə
böyük alim Bağdad qazısının
məhbəsinə salınır və 1294-cü ilin 28
yanvarında 77 yaşına çatmamış həbsxanada
vəfat edir.
Səfiyəddin Urməvinin ayrıca kitab halında çap
edilmiş "Kitabül-ədvar" əsərini filologiya
elmləri namizədi Müqəddəs Payızov
ərəbcədən tərcümə etmişdir. Ön
sözün müəllifi, professor Zemfira Səfərova
əsər haqqında yazır: "Kitabül-ədvar"da
bütün araşdırılan problemlərin
mərkəzində Şərq müsiqisinin lad sistemi durur.
Urməvi bu əsərində ilk dəfə
"ədvar", yəni dövrlər, dairələr
terminini musiqişünaslığa daxil edərək, onu lad
mənasında işlədir. "Məqam-muğam"
terminləri isə sonralar yaranıb işlənmişdir.
Səfiyəddin Urməvi risalədə on iki
ənənəvi laddan, onların intonasiya əsaslarından,
tetraxord və pentaxord kimi özəklərindən bəhs
edir, intervalları nəzəri cəhətdən
müəyyən edir, onların keyfiyyətini göstərir
və qrafik şəkillərini çəkir,
həmçinin 84 dairənin cədvəlini verir".
"Kitabül-ədvar" risaləsinin fəsilləri
içində estetikaya aid problemlərə də rast
gəlirik. On dördüncü fəsildə ladların,
muğamların emosional təsirindən
danışılır. Hər ladın insanın qəlbinə
müxtəlif cür təsiretmə gücündən
danışdıqdan sonra müəllif həmin fəsildə
çox mühüm məsələyə - hər ladın
ona uyğun olan şeirlə əlaqələndirilməsi
məsələsinə də toxunur.
S.Urməvinin ayrıca kitab halında çap edilmiş
"Şərəfiyyə risaləsi" adlı ikinci
əsərini ərəbcədən Əlyazmalar
İnstitutunun əməkdaşı Hacı Müzafəddin
Əzizov tərcümə etmişdir. Bu əsər
"Kitabul-ədvar"la bərabər Azərbaycan
musiqişünaslığının təməlini
qoymuşdur.
Alim bu əsərini Təbriz şəhərində
yazmış və istedadlı şagirdi
Şərəfəddin Haruna ithaf etmişdir. S.Urməvi
özü "Şərəfiyyə risaləsi"nin
yaranma səbəbləri barədə belə yazır:
"Bu risalə Yunanıstanın qədim müdriklərinin
irs qoyub getdikləri üsullardan istifadə edilərək
və onlara faydalı artımlar əlavə olunaraq tərtib
edilmiş kompozisiya nisbətləri haqqındadır."
Qərb alimləri S.Urməvinin risalələrini nadir
əsərlər hesab edərək, Avropa dillərinə
çevirmiş, onlar haqqında araşdırmalar
aparmışlar. Görkəmli fransız alimi B.R. d Erlanje
özünün altıcildlik "Ərəb musiqisi"
adlı tədqiqatının üçüncü cildində
Səfiyəddinin ilk əsəri
"Kitabül-Ədvar"la bərabər,
"Şərəfiyyə risaləsi"nin də fransız
dilinə tərcüməsini vermişdir. İngilis alimi Corc
Farmer həmin cildə yazdığı ön sözdə
deyir: "Səfiyəddin Urməvinin adı ərəb musiqi
tarixinin səhifələrini işıqlandıran, ona nur saçan
adlardandır. "Kitabül-ədvar" və
"Şərəfiyyə"nin müəllifi, doğrudan
da, "sistemçilik" məktəbinin
yaradıcısıdır. Ondan sonra gələn bütün
ərəb, fars və türkdilli müəlliflərin
hamısı alimin nəzəriyyəsinin
davamçılarıdır".
S.Urməvinin "Şərəfiyyə risaləsi"nin
əlyazmasının nəşri həm risalənin
bəşəri dəyərinə, məzmununa,
qaldırılan nəzəri problemlərə görə,
həm də gözəl xəttat Səfiyəddinin
özünün əlyazması olduğuna görə
xüsusi önəm daşıyır. Qeyd edək ki, kitaba
əsərin fotofaksimilesi də əlavə edilmişdir
və oxucu indi ustad S.Urməvinin gözəl xəttini seyr
etmək imkanına malikdir.
Musiqi nəzəriyyəsinə dair çap edilmiş "Musiqi
məcəlləsi" adlı üçüncü
əsərin müəllifi XV əsr Azərbaycan alimi
Fətullah Şirvanidir. Əsəri ərəb dilindən
Əmirşah Əmirəhmədov tərcümə
etmişdir.
Fətullah Şirvani istedadlı müsiqişünas alim
olmaqla bərabər, həm də riyaziyyat, həndəsə,
astronomiya, coğrafiya, biologiya, ədəbiyyat və s.
sahələrdə böyük uğur qazanmışdır.
Onun musiqi, kəlam, təfsir, astronomiya və riyaziyyata dair
risalələri və şərhləri məşhurdur.
Fətullah Şirvani 1417-ci ildə Şamaxıda anadan
olmuş, ilk təhsilini doğma şəhərdə
almışdır. Şamaxıdan sonra o, Şirazda və
Tusda təhsilini davam etdirmiş, 1435-ci ildə
Səmərqəndə getmiş, məşhur atsronom-alim
Uluqbəyin açdığı mədrəsədə dərs
demişdir. O Uluqbəyin "Əl-Ənvar li ə
mali-əbrar" əsərinə fars dilində şərh
yazmış və müəllifə
bağışlamışdır.
Fətullah Şirvani 1453-cü ildə İstanbulda
özünün məşhur "Məcəllə
fil-musiqa" əsərini Fateh Sultan Məhəmmədə
təqdim etmişdir. Alim II Murad dövründə (1421-1451)
Anadoluya getmiş və Kasitamonuda Candaroğlu İsmayıl
bəyin qonağı olmuş, bir müddət orada
qalmış və dərs demişdir.
1465-ci ildə Fətullah Şirvani həcc ziyarətinə
getmiş, 1467-ci ildə bir müddət Məkkədə
qalmış və orada dərs demişdir. Məkkədən
sonra o, Qahirəyə, sonra İstanbula getmiş, burada dərs
demiş, yaradıcılıqla məşğul olmuşdur.
Həyatının sonunda Fətullah Şirvani
vətəninə qayıtmış və 1486-cı ildə
Şamaxıda vəfat etmişdir.
F.Şirvaninin "Məcəllə fil-musiqa" ("Musiqi
məcəlləsi", yəni, "Musiqi məcmuəsi,
toplusu") əsəri onun musiqi sahəsində məlum olan
yeganə əsəridir. Alim bu əsərini Sultan Muradın
oğlu II Sultan Məhəmmədə ithaf etmişdir. Alim
"Məcəllə"də qaynaq kimi böyük
alimlərdən İbn Sinanın, S.Urməvinin
yaradıcılığına, Nəsirəddin Tusinin
əsərlərinə və başqa görkəmli
alimlərin irsinə müraciət edərək, onlardan sitat
gətirir. Bu da onu göstərir ki, Fətullah Şirvani
görkəmli sələflərinin
yaradıcılığına yaxşı bələd idi
və onları yüksək qiymətləndirirdi.
Musiqi tariximizdə mühüm rol oynayan bu üç
əsərin tərcümə edilərək müasir
oxuculara, mütəxəssislərə
çatdırılmasında orta əsrlər ərəb
dilinin gözəl biliciləri olan
tərcüməçilərin -M.Payızovun, M.Əzizovun,
Ə.Əmirəhmədovun xidmətlərini xüsusi qeyd
etmək lazımdır. Hər üç kitabın ixtisas
redaktoru, əməkdar elm xadimi, professor Zemfira Səfərova
əsərlərə dəyərli ön söz və
şərhlər yazmış, bununla ciddi tədqiqat işini
yerinə yetirmişdir. Kitabların ümumi redaktoru filologiya
elmləri doktoru Məmməd Adilovdur.
Adıçəkilən əsərlərin nəşri
mütəxəssislər və muğamşünaslar
üçün qiymətli töhfədir.
Xəzər.-
2006.- 23 sentyabr.- S. 19.