İdrisoğlu A.

Haqsızlıqla barışmayan rejissor

 

Hüseynağa Atakişiyev, doğrudan da bir Allah vergisi idi


Əgər yaşasaydı sentyabr ayının 8-də 57 yaşı tamam olacadı. Lakin amansız əcəl ona imkan vermədi. Aprel ayının 9-da biz onu son mənzilinə yola saldıq. Hüseynağanın vaxtsız həyatdan getməsinə hamı ağlayıb-acıyırdı. Çünki Hüseynağa həm yaxşı insan, həm də yaxşı aktyor-rejissor kimi hamının qəlbində özünə doğma yuva qurmuşdu. Əfsus ki, bu dünyada özünün layiqli qiymətlərini ala bilmədi. Çünki bədxahları buna imkan vermədi. Onun demokratik fikirlərini dəyərincə qiymətləndirmək, yerində dediyi iradlardan nəticə çıxarmaq əvəzinə, ondan özlərinə düşmən obrazı yaratdılar. Təkcə ondanmı?..
Mədəniyyətin onlarla aparıcı sənətkarlarından - bəstəkarlarından, rejissorlarından, aktyorlarından, musiqiçilərindən, müğənnilərindən, teatr rəhbərlərindən özlərinə düşmən obrazı yaratdılar mədəniyyətin yüksək pilləsində oturan məmurlar.
Yalnız bir şey görə onlar bizə düşmən kəsiliblər. Azərbaycan mədəniyyətini bərbad günə qoyduqlarını onların üzlərinə dediyimizə, mətbuatda yazdığımıza görə. Azərbaycan mədəniyyətini bazara döndərdiklərini, fəxri addan tutmuş, prezident təqaüdünə, ayrı-ayrı mükafatların, medalların verilməsinə qədər hər şeyin pulla, rüşvətlə, tanışlıqla həll olunduğunu onların üzünə dediyimizə görə.
***
Axırıncı on beş il müddətində həqiqətən də Azərbaycan mədəniyyətində elə bir köklü iş görülməyib. Yaxşı ənənələr isə dağıdılıb. Demokratik fikirli incəsənət işçiləri bu illərdə təqib olunub. Gözümçıxdıya salınıb.
***
Hüseynağa ilə bizim dostluğumuzun 35 illik bir tarixçəsi var. Biz 1971-ci ildə M.A.Əliyev (indiki Azərbaycan Mədəniyyət və Incəsənət Universiteti) aktyorluq fakültəsinə daxil olmuşduq. Məşhur aktyor-rejissor, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun kursuna.
Həm də bu kurs ilk eksperimental kurs idi. Burda aktyorlarla rejissorlar bir yerdə təhsil alırdılar. Yəqin kurs yoldaşlarım da bunu təsdiq edərlər ki, Hüseynağa elə ilk dərs günlərindən özünün fitri istedadına görə nəinki kurs yoldaşlarının, həm də müəllimlərin sevimlisi oldu. Artıq birinci kursda o, gələcəkdə həm maraqlı aktyor, həm də maraqlı rejissor olacağını sübut etdi. O, aktyorluq fakültəsində oxumaqla yanaşı, Moskvadakı B.Şukin adına Teatr məktəbinin də qiyabi rejissorluq fakültəsinə daxil oldu. Biz 1975-ci ildə aktyorluq fakültəsini bitirəndə Hüseynağanın həm aktyorluq, həm də rejissorluq diplomları vardı. Mərhum rejissor, Azərbaycan teatr sənəti üçün çox uğurlu işlər görmüş Tofiq Kazımov onu Milli Akademik Dram Teatra aktyor işləməyə də dəvət etmişdi. Lakin Hüseynağa öz kurs yoldaşları ilə o vaxt Şəkidə yeni açılmış Dövlət Dram Teatrına getməyi daha üstün tutdu. Və həmin kursun çox böyük əksəriyyəti rejissor, gözəl insan, yaxşı təşkilatçı Vaqif Abbasovun rəhbərliyilə Şəkiyə işləməyə getdi.
***
Hüseynağa Atakişiyevin rejissorluğunun ən böyük marağı və qayəsi onda idi ki, bu rejissura Azərbaycan meydan teatrı köklərindən, epik teatrdan, Stanislavskinin teatr məktəbindən qidalanırdı. Daha doğrusu, Hüseynağa öz rejissurasında bu üç sahəni biri-birilə sintez etmişdi.
O, Azərbaycan Milli Akademik Dram Teatrında da bu məktəbi yaratmaq, köhnə aktyor oyun üslubunu cilalamaq, bu teatra cavan dramaturqlar, bəstəkarlar, rəssamlar gətirmək istədiyinə görə çox böyük təzyiqə məruz qaldı... Məhz buna görə də 1989-cu ildə özünün teatrını yaratdı. Və bəzi qara fikirli adamlara özünün rejissurasını bir daha sübut elədi. Onun yaratdığı Gənclər Dövlət Teatrında da biri-birindən maraqlı, yüksək professional aktyor oyunu və rejissor yozumu olan bu tamaşalar tamaşaçılar tərəfindən sevildi. Və bu on yeddi ildə Gənclər Teatrının öz tamaşaçıları, öz aktyorları yetişdi. Bu gün bu teatrın “şinelindən çıxan” onlarla aktyorlar, aktrisalar bu gün respublikamızın aparıcı teatrlarında çox böyük uğurla işləyirlər. Hüseynağanın otuz ildən artıq bir müddətdə quruluş verdiyi tamaşaların da çox böyük bir hissəsi Azərbaycan teatr tarixinin qızıl səhifəsinə düşüb. Və mən inanıram ki, onun rejissurası gec-tez cavan teatrşünaslar tərəfindən tədqiq olunacaq. Və bir daha məlum olacaq ki, Hüseynağa o sənətkarlardan olub ki, öz sağlığında özünün layiqli qiymətlərini almayıb. Və bunun da əsas səbəbi onun çox demokratik fikirli insan olmasında, haqsızlıqla barışmamasında, kimlərəsə məddahlıq etməməsində, öz işi xatirinə kimlərəsə yamınmamasında olub.
Onun bir sifəti vardı.
***
Kim idi bunun günahkarı ki, onun rəhbərlik etdiyi kollektivin çox istedadlı aktyorlarına da bu illərdə fəxri adlar verilmədi? Görəsən, həmin adamlar indi vicdan əzabı çəkirlərmi ki, Hüseynağaya qarşı olan bu yersiz hücumlara onun əsəbləri dözmədi... Məgər demokratik fikirli incəsənət işçilərinə qarşı bu yersiz hücumların qarşısını alan olmayacaqmı?
Çox əfsus ki, hələ də köhnə hamam, köhnə tasdır... Əgər belə getsə, Azərbaycan incəsənəti hələ çoxlu qurbanlar verəcək... Bu da yəqin ki, hələ də mədəniyyət sahəsində kötük kimi öz yerindən möhkəm yapışmış bəzi yüksək rütbəli məmurlar üçün çox sərfəlidir. Onlar da yəqin ki, heç vaxt imkan verməyəcəklər ki, Azərbaycan incəsənəti inkişaf etsin. Çünki bu, onların marağı daxilində deyil. Onları başqa şeylər maraqlandırır... Amma biz, Azərbaycan incəsənətinin tezliklə bu durğunluqdan çıxmasını istəyənlər bu sahədə çalışan insanların maddi durumunun yaxşı olması arzusu ilə yaşayanlar birləşməliyik ki, öz sözümüzü deyək. Öz haqq səsimizi ucaltmalıyıq ki, yeni-yeni qurbanlar verməyək. Haqqımızı tələb etməliyik. Artıq yetər! Axı, haqqın səsi xalqın səsidir...

 

Azadlıq.-2006.-8 sentyabr.- S. 15.