Mehdixanlı T.
Tamaşaçı
məhəbbəti qazanan sənətkar
Teatrşünas, professor İlham Rəhimliyə
məxsus fikirdir: "Yaşar Nuri səhnədə tərəf-müqabilləri
ilə çox səmimidir. Səsi,
görünüşü ürəyəyatımlıdır.
Onun səmimiyyəti ifa etdiyi səhnə obrazını
tamaşa anlamından çıxarır, seyrçinin həmsöhbəti,
həmdərdi və yaxud mübahisə yoldaşı
edir..." Yaşar yaratdığı hər bir obrazın
xarakterini, psixologiyasını, arzu-amalını dərindən
öyrənir, cana gətirir, ona nəfəs verir. O, Akademik
Milli Dram Teatrında 32 il ərzində 50, kino-filmlərdə
20, televiziya tamaşalarında 21 obraz yaradıb. "Mozalan"
satirik-kino jurnalının 20 sayında çəkilib. Bu rəqəmlər
ilk anda adi görünə bilər. Əslində isə
aktyor həmin obrazların hər birinin baxımlı,
yaddaqalımlı olması üçün cəfalara
qatlaşıb. Əvəzində
populyarlıq, tamaşaçı məhəbbəti,
alqışı qazanıb, seçdiyi sənətin zirvəsinə
ucalıb.
Yaşar 55 il əvvəl Bakıda dünyaya göz
açıb. 173 saylı orta məktəbdə oxuyarkən
atası Məmmədsadığın işlədiyi Musiqili
Komediya Teatrında dramaturq Məhərrəm Əlizadənin
və bəstəkar Ağası Məşədibəyovun
"Toy kimindir?" tamaşasında Qoşunun oğlu
Tapdıq rolunda səhnəyə çıxıb. İlk
ifası çoxlarının xoşuna gəlib. Sonralar
Dövlət Televiziyasının "Yelkən"
verilişində fəal iştirak edib. Şagird - aktyor kimi məşhurlaşıb.
Müxtəlif dram dərnəklərinə gedib. 1965-ci ildə
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə
daxil olub. Kurs rəhbərləri, məşhur səhnə
xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan
könül açdığı sənətin incəliklərini
öyrənib.
Ali təhsilini başa vuran ili Yaşarı hərbi xidmətə
aparıblar. Ordudan tərxis olunandan sonra onu İncəsənət
İnstitutunun Tədris Teatrına qəbul ediblər. Orada
İ.Əfəndiyevin "Sən həmişə mənimləsən"
(Fərəcov), J.Molyerin "Skapenin kələkləri"
(Jeront), C.Cabbarlının "Aydın" (Mirzə Cavad)
tamaşalarında səhnəyə çıxıb.
1974-cü il dekabr ayının 1-i Yaşar Nurinin
yaddaşına həmişəlik yazılıb. Məhz həmin
tarixdə onu Akademik Milli Dram Teatrına işə qəbul
ediblər. Özü bu barədə deyir: "Evimiz
teatrın binasından bir-iki tin aralı idi. Hər dəfə
o tərəfə baxanda könlümdən niskilli, həsrətli
istək keçərdi: "Axı mən niyə orada
işləməyim?" Tez-tez teatrda tələbə
dostlarımla, həmkarlarımla görüşər,
tamaşalara baxardım. Bir gün teatrın baş rejissoru, mərhum
Tofiq Kazımov mənə dedi. "Səni burada işə qəbul
edirik. Ancaq bir şərtlə, gərək etimadı
doğruldasan". Sevincim yerə-göyə
sığmırdı. Tofiq müəllimin ciddi xəbərdarlığı
yadıma düşəndə isə diksinirdim.
Oynayacağım rolların sözlərini sadəcə olaraq
əzbərləmirdim, mənasını, məntiqini başa
düşməyə, tamaşaçılara yüksək səviyyədə
çatdırmağa çalışırdım".
Yaşarın Dram Teatrında ilk çıxışı
Aleksandr Vampilovun "Övlad" pyesindəki Silva obrazı
olub. Tamaşanın quruluşçu rejissoru da rəhmətlik
Tofiq Kazımov idi. Onun ifa bacarığı əksər
seyrçilər kimi rejissorun da xoşuna gəlir. O, gənc
aktyoru təbrik edir, ona uğurlar arzulayır.
Y.Nurinin təbiətində komik, gülüş yaradan cəhətlə
yanaşı, ciddilik də var. Bir-birinə əks olan
xarakterik xüsusiyyətləri o, səhnədə məharətlə
birləşdirməyi bacarır. Yaratdığı
obrazın psixologiyasına uyğun elə sifət
mimikalarından, göz ifadələrindən, davranış,
jest elementlərindən ustalıqla istifadə edir ki, rejissor
mizanı ilə yanaşı, onun fərdi oyun keyfiyyətləri
də üzə çıxır. Tamaşaçı onun
ifa qabiliyyətinə heyran olur, eyni zamanda
düşünür.
İllər keçməsinə baxmayaraq aktyorun
M.İbrahimovun "Kəndçi qızı"
(Alışov), C.Məmmədquluzadənin "Ölülər"
(Məşədi Oruc), S.Vurğunun "Vaqif" (Kürd
Musa), C.Cabbarlının "Sevil" (Əbdüləli bəy),
Ə. Əylislinin "Quşu uçan budaqlar"
(Qasım), B.Vahabzadənin "Fəryad" (Rəhman),
R.İbrahimovun "Biganələr oteli" (Milan) və
başqa səhnə əsərlərində
oynadığı rollar maraqla qarşılanıb. Onun xalq
yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığına, xüsusən dramaturgiyasına
böyük məhəbbəti var. O, "Bağlardan gələn
səslər"də Pərviz, "Billur saray" da
Bayandur, "Bizim qəribə taleyimiz"də Davud
obrazlarını böyük məhəbbətlə
yaradıb. Mərhum İlyas müəllimin təxminən
otuz il əvvəl Dram Teatrında gənc aktyorun əlini
sıxıb dediyi bu sözləri indi də
xatırlayırıq: "Sağ ol oğlum, mən sənin
oyunundan çox razı qaldım. Sənə daha artıq sənət
sevgisi, uğurları arzulayıram". Yaşar Nuri Milli Dram
Teatrında fəaliyyətə başlamasından 7 il
keçmiş əməkdar artist, 8 il sonra isə xalq artisti fəxri
adlara layiq görüldü.
Y.Nurinin komik və ciddi rolların mahir ifa qabiliyyətini ekran əsərlərində
də görürük. Bu baxımdan rejissor Vaqif Mustafayevin
çəkdiyi "Yaramaz" bədii, tammetrajlı filmdəki
Maşallah rolu xarakterikdir. Məhz bu rolun əla ifasına
görə o, Dövlət mükafatına layiq
görülmüşdür. Ümumiyyətlə,
Yaşarın çəkildiyi "Mozalan" satirik
kino-jurnallarda da onun nöqsanlara, etibarsızlara, səhlənkarlara
qarşı barışmaz mövqeyi yadda qalır.
Yaşar sənətə gəldiyi ilk vaxtdan Azərbaycan
Dövlət Televizasyı ilə daim yaradıcılıq əlaqəsi
saxlayır. "Qatarda" (müəllif İ.Məlikzadə,
quruluşçu rejissor R.Həsənoğlu) və
"Bağışla", "Səni axtarıram",
"Səndən xəbərsiz" (müəllif A.Qəhrəmanov,
quruluşçu rejissor T.Vəliyev) trilogiyasında
oynadığı Dadaşov və Elçin rolları ilə
daha artıq populyarlıq qazanmışdır...
Sevimli aktyorun bir müsbət cəhətini xüsusi qeyd etmək
istərdik. O, səhnəyə çıxdığı
gündən oynadığı rolun sözlərinə
etinasız olmayıb. Müəllif fikrini, rejissor
mizanını tam mənimsəyib. Tamaşaçılara
çatdıracağı hər sözün qədrini bilib,
onları öz fikiri kimi ürəkdən,
inandırıcı səsləndirib. Onun bu istedadına bəzən
mütəxəssislər də heyrətləniblər. O,
heç vaxt hazırlıqsız studiyaya girməyib, mikrafon,
kamera qarşısında dayanmayıb. Rejissorun, ssenari müəllifinin
ideyalarını, fikirlərini asanlıqla mənimsəmə,
dərk etmə qabiliyyəti var. Bu kimi cəhətinə
görə də əməyi, xidmətləri daim qiymətləndirilib.
İki dəfə "Qızıl Dərviş"
mükafatı laureatı olub. O, rəqs nömrələrinin,
muğam və ya estrada, aşıq havaları üzərində
qurulan satirik, dramatik, psixoloji, komik, qrotekskli, karnaval
estetikasına uyğun obrazların ifasına qətiyyətlə
girişir. Həssas musiqi duyumu, səsinin şirinliyi, onun
aktyorluq fəaliyyətində şöhrətli olmasına
imkanlar yaradır.
Yaşar Nuri nikbin, həyatsevər, zəhmətkeş,
başlıcası isə seyrçilərin qədərsiz
istəyini, rəğbətini qazanmış, onların
arzuladıqları, sevdikləri, hər bir ifasına həvəslə
baxdıqları sənətçidir. İstedadlı aktyorun
bu gün 55 yaşı tamam olur. Ona uzun ömür,
cansağlığı, daha artıq sənət uğurları
arzulayırıq!
Azərbaycan.- 2006.- 3 sentyabr.- S. 5.