Məhərrəmova T.
Bəs bizim yubileyimiz nə
vaxta qaldı?
Teatr kollektivləri problemləri
başdan aşa-aşa yeni mövsümə
hazırlaşırlar
Teatrlar yeni mövsümü açmağa, kollektivlər isə istirahətdən qayıtmağa hazırlaşır. Demək olar ki, kollektivlərdə çalışanların əksəriyyəti gözləri yolda, qulaqları səsdə istirahətlərini birtəhər başa vurmaq üzrədir. İstirahət deyəndə, 5-10 nəfəri çıxmaq şərtilə elə bizim kimi Bakının istisində yanıblar. İntizarları isə bəzilərinin fəxri ad, bəzilərinin Prezident təqaüdü və ya Prezident mükafatı, bəzilərinin isə adicə rol həsrəti ilə bağlıdır. Çoxları yeni mədəniyyət nazirinə böyük ümid bəsləyir ki, onların illərdən bəri ürəklərində yaşatdıqları arzuları gerçəkləşdirəcək. İş ondadır ki, indi bu arzu və tələb haqqı oldu-olmadı hamının dilində səsləndiyindən bir az çaşbaş qalırsan. Bilmirsən ki, hansına haqq qazandırasan? İllərlə zəhmət çəkib sənətdə can qoyan insanlara, yoxsa "estafet gənclərin əlindədir"- deyə sənətdə haqqı olmayan cavanlara? Bəlkə heç bu cavanları da qınamaq yersizdir. Zamanın haqq tərəzisinin əyildiyini görüb onlar da bu çəkidən pay istəyirlər.
Söhbətimizin canı heç də sənətçilərin dövlət diqqəti qazanması ilə bağlı deyil. Bayaq dediyim kimi, bəzi teatr kollektivlərinin niskilli ürəklə yollandıqları istirahətdən qayıtdıqdan sonra doğma teatrlarının yubileyinin keçirilib-keçirilməməsi və bu münasibətlə çalışdıqları sənət ocaqlarına dövlətin diqqətinin ayrılıb-ayrılmaması ilə bağlıdır.
Başıbəlalı yubileylər
Bizdə əksərən yubiley kəlməsi çox təmtəraqlı səslənir. Əlbəttə, yalnız o zaman təmtəraqlı səslənir ki, əli "yuxarıda" olan və ya yuxarılara çatan bir şəxsin özünün, yaxın qohumunun və ya dünyadan köçən hər hansı bir əzizinin yubileyi keçirilsin. Xırda-mırda adamların doğum tarixlərinə yubiley sözünü aid etmək bir qədər təəccüblü qarşılanır. Onlar öz ciblərindən xərc çəkərək yüngülvari də olsa tarixləri qeyd edirlər.
Teatrların yubileyinə gəlincə, bu barədə bir az düşünməyə dəyər. Nə mənada? Yəni incəsənətimizdə tarixi xidməti olan bir sənət ocağının yubileyinin keçirilməsindən ötrü əslində, əlin yuxarılara çatıb-çatmamasına lüzum yoxdur. Belə ki, ötən mövsümdə Musiqili Komediya Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Kamera Teatrı və Rus Dram Teatrının yubileyi keçirilməliydi. Teatr kollektivləri də bu yubileylərin qeyd edilməsini səbirsizliklə gözləyir, hər müsahibələrində sevinclə dilə gətirirdilər. Amma...
Mədəniyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmətov yubileylərin keçən mövsümdə qeyd olunmamasını nazirlikdə baş verən struktur və kadr dəyişiklikləri ilə əlaqələndirdi. "Bildiyiniz kimi, dəyişikliklər baş verdi. Yeni nazirlik formalaşır, texniki məsələlər vaxt aparan işlərdir. Dediyiniz yubiley tədbirləri nəzərdə tutulan siyahıdadır. Ancaq nə vaxt olacağını deyə bilmərəm, yəni konkret tarix məlum deyil. Nazirlikdə baş verən dəyişikliklərlə əlaqədar bu tədbirlər ləngiyib".
Nə vaxta qaldı?
Musiqili Komediya Teatrının yubileyinin keçirilib-keçirilməməsi ilə bağlı xəbəri nəzərinizə çatdırmazdan əvvəl bu teatrın tarixinə nəzər salaq.
- Musiqili Komediya Teatrı 1910-cu il 24 mayda təşəkkül tapıb. Ancaq müstəqil sənət ocağı kimi 1938-ci ildən fəaliyyətə başlayıb. Teatr yarananda Cəlil Məmmədquluzadənin adını daşıyıb. Bu ad dövlət tərəfindən rəsmi ləğv olunmadan kollektivə Şıxəli Qurbanovun adı verilib.
Teatrın ilk tamaşası 1938-ci ilin 30 mayında göstərilib. Afişalarda və proqramların yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili Komediya Teatrı" sözləri yazılıb. Elə həmin il Xalq Komissarları Soveti teatrın yaranmasına göstəriş verib və tezliklə dövlət teatrı yaradılmasına başlanılıb. Ayrı-ayrı vaxtlarda bu teatrda Əlihüseyn Qafarlı, İbrahim Şünasi, Ələkbər Hüseynzadə, Lütfəli Abdullayev, Firəngiz Şərifova və başqa aktyorlar çalışıb. 56-cı ildə MKT-nın azərbaycan və rus bölmələrini bərpa etmək üçün səmərli işlər görülüb. Həmin il aprelin 21-də Şəmsi Bədəlbəyli yeni kollektivə direktor və bədii rəhbər təyin edilib. Ayrı-ayrı vaxtlarda "Muskomediya"da Əliheydər Ələkbərov, Ağakişi Kazımov, Vaqif İbrahimoğlu, Cahangir Novruzov baş rejissor, Siyavuş Aslan bədii rəhbər işləyib. 96-cı ildən teatrın bədii rəhbəri Hacıbaba Bağırovdur.
Teatrın truppa müdiri Novruz Qartal
"Muskomediya"nın 95 illik yubileyinin keçirilməsinin
hələ də qeyri-müəyyən olduğunu bildirdi:
"Muskomediya"nın yubileyi hələ ki qalıb.
Əbülfəs Qarayev yubileyi keçiriləcək 2-3
teatrın adını çəkdi. Onlardan biri
də bizim teatr idi. Ancaq yubileyin nə vaxt olacağını bilmirəm". Üstəlik, Novruz Qartal da
daxil olmaqla teatrın bir çox üzvləri yubiley münasibətilə
onlara fəxri ad veriləcəyini səbirsizliklə
gözləyirlər.
Onu da
qeyd edək ki, təmirə dayanan teatr binaları
arasında təkcə
Musiqili Komediya Teatrının adı yoxdur. Üstəlik bu teatr bir neçə kollektivin məşqləri
və tamaşaları
üçün öz
səhnəsində müvəqqəti
yer ayıracaq. El dili ilə
desək, "Özünə
umac ova bilməyən
"Muskomediya" başqalarına
əriştə kəsəcək".
Heç olmamaqdansa...
Yubileyi qeyd olunacaq digər
sənət ocağı
S.Vurğun adına
Rus Dram Teatrıdır.
85 illik yaradıcılıq
yolu keçən bu kollektiv 20-ci illərdə Bakı
"Satiragit" teatrı
kimi yaranıb. Sonra Rus İşçi Teatrı, 1937-ci ildən isə Rus Dram Teatrı kimi fəaliyyət göstərib.
Teatr
56-cı ildən Səməd
Vurğunun adını
daşıyır.
1920-ci ilin yazında Rusiyanın "Yarasa"
teatrının Bakıya
qastrolu başlayıb. Aprel ayında Qırmızı
Ordunun Azərbaycanı
işğal etməsi
ilə bağlı
"Yarasa" teatrının
qastrolu yarımçıq
qalıb və kollektiv dağılıb.
Truppanın bəzi üzvləri
vətənə qayıtmayaraq
Bakıda qalıblar.
Onların və yerli aktyorların qüvvələri
ilə sovet ideologiyasını təbliğ
etmək məqsədilə
Bakıda Dövlət
Azad Tənqid və Təbliğ Teatrı yaradılıb.
Yaradıcılıq qayəsi
sırf ideologiya üzərində qurulan teatr ilk tamaşasını
20-ci il dekabrın
20-də göstərib. Kollektiv dünya
klassiklərinin məşhur
əsərlərini, rus
klassiklərinin pyeslərini,
çağdaş dünya
və rus dramaturqlarının müasir
mövzulu dram əsərlərini,
Azərbaycan klassik və müasir sənətkarlarının pyeslərini
tamaşaya qoyur.
Hələlik isə teatrın 85 illik yubileyinin keçirilməsi bir yana qalsın,
teatrın binası təmirə dayandırılıb.
Bu mövsümdə kollektiv məşqlərini
Xətai Mədəniyyət
Sarayında keçirəcək.
Həmçinin kollektiv tamaşaçılarını
itirmək problemi ilə üzləşib.
Yəqin
təmir işləri
başa çatandan və teatr öz
tamaşaçısını yenidən qaytarandan sonra yubiley də
yada düşəcək.
Rusların məşhur
bir məsəlində
deyildiyi kimi: "Heç olmamaqdansa, gec olması yaxşıdır".
125 yaşlı sənət ocağı
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
milli səhnə sənətimizin salnaməsində
xüsusi yeri var.
1882-ci ilin əvvəlində
İrəvan şəhər
gimnaziyasının müəllimi,
tanınmış maarifpərvər
Məşədi İsmayıl
özünün şagirdləri
ilə Basak Mədətovun "Tamahkarlıq
düşmən qazanır"
pyesini tamaşaya hazırlayır. 2 il sonra
İrəvan şəhər
seminariyasının müəllimi
Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə
çalışır. Onun fədakarlığı
sayəsində teatr həvəskarları bir yerə cəmləşərək
müxtəlif pyeslər
hazırlayır. 1900-17-ci
illərdə İrəvan
Azərbaycan Teatrı
aktyor ifaları, rejissor işləri və repertuar tərkibi baxımından
ciddi uğurlar qazanır. 1928-ci il martın 25-də
"İrəvanda Dövlət
Türk Teatrosu yaratmaq barədə" qərar verilir. Təşkilat işi təcrübəli
sənətkar Yunis Nuriyə tapşırılır.
İrəvan Dövlət Dram teatrının təsisatlı
sənət ocağı
kimi fəaliyyətə
başlaması üçün
Molyerin "Zorən təbib" komediyası seçilir. İlk tamaşa 1928-ci il 24 apreldə
göstərilir. Bununla
da İrəvan Azərbaycan
Teatrının ikinci və
daha sanballı mərhələsi
başlayır. Bu teatr Ermənistanda
azərbaycanlılara qarşı başlayan
kütləvi təzyiqlər
nəticəsində 48-ci ildə
Basarkeçər rayonuna
köçürülüb. Özünü maliyyələşdirmə
işinə keçən
teatr 49-cu ilin əvvəlində maliyyə
çətinliyi üzündən
bağlanıb. 66-cı ildə
İrəvan ziyalılarının təşəbbüsü
ilə teatrın bərpası üçün Ermənistan
hökuməti qarşısında məsələ qaldırılır. Azərbaycan da onların
çağırışına həyan
durur. 67-ci ilin
fevralında sənət müəllimləri
Nəsir Sadıqzadə ilə
birlikdə aktyorlar
teatrın bərpası üçün
İrəvana göndərilir. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrı
67-ci il aprelin 28-də "Sevil"
tamaşası ilə öz
pərdələrini açır və teatrın ikinci
həyatı başlayır.
İrəvan teatrı 88-ci ildən qaçqınçılıq taleyi yaşayır. 89-90-cı illərdə
kollektiv Vidadi Əliyevin rəhbərliyi ilə Xırdalan qəsəbəsindəki
mədəniyyət sarayında yerləşir. 94-cü ildən
isə H.Sarabski adına Mədəniyyət
evinə köçür.
Onu da qeyd etmək yerinə düşər ki, bu
teatrın bəxtinə qaçqın
teatrı həyatı yaşamağa
başladığı vaxtdan gün doğmayıb. Kirayələr,
diqqətsizlik... ötən
il qeyd olunmalı olan
125 illik yubileyin keçirilməməsi.
Bu il avqustun
31-də prezident İlham Əliyev İrəvan Dövlət
Azərbaycan Dram
Teatrının 125 illik yubileyinin
keçirilməsi üçün
sərəncam verib. Nəhayət, teatrın kollektivi
rahat nəfəs
almağa başlayıb. Hələliksə
bu sərəncamın onlar üçün hansı qapılar açacağı hamı üçün
sirdir.
Teatrdan onu da bildirdilər ki, kollektivə "Nəriman Nərimanov"
kinoteatrında yer verilib.
Teatr qismən də olsa ora
köçüb. "Şərait tam düzəlmədiyi üçün
birdəfəlik köçməmişik".
Görəsən, yubileyin
keçiriləcəyi vaxta
qədər teatrın bütün
problemləri həll
olunacaqmı?
"Savalan"dan əsən nəsim
Hər bir dövrdə tarixin siyasi gərdişi, cəmiyyətin
ictimai-sosial dəyişiklikləri
teatrın yaradılması prosesinə, iqliminə və eyni zamanda, onun
quruluşuna təsir edir. Bu dəyişikliklər
Şuşa Teatrından da yan keçməyib. Bu teatrın
açılması ilə
Şuşanın mədəni, mənəvi, ictimai və siyasi
həyatında mühüm bir hadisə baş verir.
1990-cı il mayın 15-də Mədəniyyət
Nazirliyinin qərarı ilə
Şuşada Dövlət
Musiqili Dram Teatrı
yaradılır. Dram Teatrın fəliyyətini təmin etmək üçün
qısa bir zamanda
yaradıcı və texniki
heyəti bir yerə yığmaq mümkün olur. Yadigar Muradov teatrın bədii rəhbəri-direktoru
təyin edilir.
Bakıda məskunlaşdıqdan sonra teatr cəmiyyətdə
baş verən hadisələrə
tamaşaları ilə müdaxilə
etməyə başlayır. Bu gün teatrın tərcümeyi-halı
tamaşalarıdır. Hazırda teatr
"Savalan" kinoteatrının
binasında yerləşir. Ötən mövsümün
sonlarında teatrda olarkən
Anarın "Təhminə və Zaur" əsəri əsasında hazırlanan
eyniadlı tamaşanın məşqləri
gedirdi. Yekun məşqləri oynanılan tamaşanın
premyerasının nə vaxt
keçiriləcəyi indiyə
qədər məlum deyil. Çünki kirayə səhnə tapmaq kollektiv üçün həmişəki
kimi problemdir.
"Tamaşanı oynamaq üçün
səhnə axtarırıq. Tapanda tamaşanı təqdim
edəcəyik"-deyə
kollektiv üzvləri
bildirdilər. Qeyd edək ki, teatrın
binası çox yararsız vəziyyətdədir. Binaya
tamaşaçı cəlb olunmasından
və teatrın özünü
bir sənət ocağı olaraq təqdim etməsindən ötrü nə qədər vaxtın lazım olduğunu söyləmək çətindir. O vaxta qədər də
Şuşa teatrı olan-qalan
tamaşaçısını da itirməyə...
Sentyabrın 18-də açılacaq yeni mövsümü isə kollektiv "Güllələnmiş
heykəllərin fəryadı" ilə qeyd edəcək.
Ancaq hansı səhnədə?
Bu sual hələ ki, cavabsızdır.
Sonuncu ölən ümidlər
Kamera Teatrına gəlincə, bu teatr 1991-ci ildə yaranıb. Adının estetik prinsipinə uyğun məzmunlu və düşündürücü repertuar quran kollektiv cəsarətli eksperimentlər aparır. Truppa müdiri Gülər Nəbiyeva ötən mövsümdə repertuarlarındakı 15 ən yaxşı tamaşanı təqdim etməklə 15 illik yubileylərini qeyd etdiklərini bildirdi. "Sonra bu tamaşalar TXİ-də müzakirə olundu. Öz hesabımıza banket də təşkil etdik. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev də tamaşaya baxmağa gəlmişdi. Ancaq yubileyimiz dövlət səviyyəsində qeyd olunmadı".
Qeyd edək ki, hazırda "Şəhriyar" adına Mədəniyyət Mərkəzində yerləşən kollektivə "Araz" kinoteatrını təklif ediblər. Ancaq teatrın bədii rəhbəri Cənnət Səlimovaya həmin məkanı bəyəndirmək mümkün olmayıb. Ona görə yox ki, indiki yerləri əla vəziyyətdədir. Ona görə ki, heç olmasa bu şəraitsizliyə alışıblar. "Kinoteatrın bir tərəfində kino göstərilir, bir tərəfində çayxana işləyir. Özünüz təsəvvür edin, bir də bizə o qədər pulu kim verəcək ki, təmir işləri görüb özümüzə şərait quraq? Bizə pul ayırdılar, burda bəzi təmir işləri gördük. Ancaq pulumuz çatışmadığı üçün yarıda qaldı. Deyilənə görə, icra hakimiyyəti söz verib ki, "Şəhriyar" Mədəniyyət Mərkəzini təmir etdirəcək, biz də ümidimizi ona bağlamışıq".
Beləcə, teatr kollektivləri problemləri başdan aşa-aşa yeni mövsümə hazırlaşırlar. Bu yaxınlarda söhbət etdiyim aktyorlardan biri: "Onsuz da rol olmadığından teatra yolumuz az-az düşür. Təmirin nə vaxt başa çatacağını da heç hiss etməyəcəyik. Əsas odur ki, bizə qayğı göstərsinlər. Həm rol sarıdan, həm də maddi cəhətdən"-söyləyirdi.
Düz sözə nə deyəsən?
Kaspi.-2006.- 8 sentyabr.- S. 7.