Məhərrəmova T.
"Teatr
elə bir xəstəlikdir ki, müalicəsi yoxdur"
Vaqif Əliyev, Xalq artisti: "Bu yaşımda daha hansı sənətlə
məşğul ola bilərəm?"
Bakı Bələdiyyə Teatrının tanınmış aktyoru, Xalq artisti Vaqif Əliyev ömrünün 48 ilini teatr sənətinə həsr edib. İndi də bağlandığı sənətə ötüb keçən illərin vərdişi kimi yox, bitib tükənməyən arzusu, həvəsi kimi baxır. Ona görə də: "Teatr sənəti yaxşı mənada elə bir xəstəlikdir ki, onun müalicəsi yoxdur. Bu sənətə bağlı adam başqa bir sənətlə məşğul ola bilməz" - deyir. Heç şübhəsiz, sənətə fanatikcəsinə vurğun adamlar belə düşünə bilər, yoluxduqca bu "xəstəliyə" yoluxmaq istərlər.
- Yeni teatr mövsümü sizə hansı ümidləri verir?
- Keçən mövsümdə iki tamaşa üzərində məşqlərimizi davam etdirdik. Ötən mövsüm Türkiyə səfəri ilə də yadda qaldı. Abdulla Qurbaninin "Türk sancağı" əsəri əsasında hazırlanan tamaşanı Naxçıvan, daha sonra İqdır, Qars, Ərzurum və Ankarada tamaşaçılara təqdim etdik. Tamaşa çox yüksək səviyyədə qarşılandı. Bələdiyyələr tamaşamızı çox gözəl təşkil etmişdilər.
Hal-hazırda Xalid Əlimirzəyevin "Daşa dönmüş ürəklər", Hüseyn Cavidin "İblis" əsərləri üzərində məşqlər davam edir. Dekabr ayında Hüseyn Cavidin 125 illiyidir. Bu münasibətlə "İblis"i təhvil verəcəyik.
- 60-cı illərdə görkəmli rejissorların tamaşalarında oynamısınız. Eyni zamanda, korifey sənətkarları səhnədə görmüsünüz.
- Aktyorluğa gəlişim təsadüf nəticəsində
olub. Sənədlərimi Politexnik İnstitutuna versəm də,
müsabiqədən keçmədim. Bir gün
qəzetdə 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan
ədəbiyyatı və incəsənəti 10
günlüyü ilə əlaqədar kütləvi səhnələrdə
iştirak etmək üçün teatra 18-25 yaşlı gənclərin
tələb olunması haqqında elan oxudum. O vaxtlar
tez-tez "Azdrama"nın tamaşalarına gedirdim. Bəxtimi
sınamaqdan ötrü "Azdrama"ya getdim. Müsabiqəyə
400-ə yaxın ərizə verilmişdi. Başda Ədil
İsgəndərov olmaqla tanınmış sənətkarlardan
ibarət münsiflər heyəti tələbələrin qəbuluna
nəzarət edirdi. Müsabiqədən keçdim və məni
teatra qəbul elədilər. O vaxt teatrda Moskva dekadasına gedəcək
3 tamaşa hazırlanırdı. Həmin tamaşalarda
çoxlu kütləvi səhnələr var idi.
"İliç buxtası", "Almaz" və
"Otello" tamaşaları Moskva dekadasına getməli
idi. Teatrın nəzdindəki teatr studiyasında bizə səhnə
danışığı, texnikası və səhnə hərəkətindən
dərs keçirdilər. Bu, bir növ instituta
hazırlıq idi.
1959-cu ildə Moskvada keçirilən dekadada mən də iştirak elədim. Ən çox
yadımda qalan "Otello"
tamaşası oldu. Otello
rolunu Ələsgər
Ələkbərov, Yaqonu
isə Rza Əfqanlı
oynayırdı. Bu sənətkarların böyüklüyünə
tamaşaçılar fasilə vermədən əl
çalır, alqışlayırdılar.
60-cı ildə Tiflisə qastrola gedib "Vaqif", "Qaçaq Nəbi",
"Şeyx Sənan"
tamaşalarını göstərdik.
İnanın ki, tamaşalara
bilet tapılmırdı. Mən
kütləvi səhnələrdə
iştirak etməklə
yanaşı, rejissor köməkçisi
işləyirdim. Çexovun
100 illiyi ilə əlaqədar "Azdrama"da
"Vanya dayı" tamaşası
hazırlanırdı. Məmmədkamal
Kazımov mənə həmin
tamaşada rejissor köməkçisi olmağı
təklif etdi.
Tamaşanın quruluşçu rejissoru Ələsgər
Şərifovla həmin
tamaşada işlədim.
1961-ci ildə Mehdi Məmmədov
"Əliqulu evlənir"
komediyasını hazırladı. Həmin
tamaşanın rejissor köməkçisi
də mən oldum. Sonra bir çox tamaşaların hazırlanmasında rejissor köməkçisi
kimi çalışdım. "Namus" tamaşasında Sumbatın
uşaqlığını oynayırdım. Tərəf-müqabillərim
Sona Hacıyevanın anası Əzizə Məmmədova, Əli
Qurbanov, Ələsgər
Ələkbərov, İsmayıl
Osmanlı, Ağasadıq Gəraybəyli,
Mövsüm Sənani,
Mustafa Mərdanov idi. Bundan əlavə, Sidqi Ruhulla, Mərziyyə xanım kimi
aktyorları səhnədə görmüşəm. Bütün
bunlar mənim üçün ən böyük məktəb idi.
Təəssüf edirəm ki, televiziyada Ələsgər
Ələkbərov, Əli Qurbanov, Rza Əfqanlı kimi sənətkarlar
haqqında verilişlər gedəndə yalnız onların kinodakı
obrazlarını göstərirlər.
Hansı ki, onlar "Azdrama"da çox gözəl rollar
oynayıblar. Vaxtilə həmin
tamaşalar yazılmayıb. Hərdən Moskva
televiziyası ilə Lev Tolstoyun
1908-ci ildə "Yasnaya
Polyana"da gəzintisini
göstərirlər. Bizdə
isə 56-60-cı illərdə
göstərilən tamaşalar
lentə köçürülməyib.
Bu aktyorların oynadığı "Otello",
"Şeyx Sənan",
"Vaqif" və
s. tamaşaları çəkmək
olardı. Çünki bugünkü
nəsillər onların ifasında həmin tamaşaları görməyiblər.
- Heç şübhəsiz, siz bu məktəbdən çox
şeylər götürdünüz.
Bəs institutda
oxumadınız? Yoxsa artıq nəzəriyyəyə ehtiyac
yox idi?
- 1961-ci ildə instituta qəbul oldum. Xoşbəxtlikdən
kurs rəhbərimiz Ədil İsgəndərov idi.
Hamlet Xanızadə, Davud Əhmədov, Kamal Xudaverdiyev, Məcnun Hacıbəyov bizimlə
bir kursda oxuyurdu. İkinci kursda oxuyanda məni hərbi xidmətə
çağırdılar. Qayıdandan sonra başqa
kursda - Səməndər
Rzayev, Ceyhun Mirzəyev, Hicran Hüseynovla bir kursda oxumalı oldum.
İnstitutu qurtarandan sonra könüllü
olaraq Sumqayıt teatrına getmək istədiyimi bildirdim. O vaxt Sumqayıtda
yeni teatr
açılırdı. Təyinatımı "Azdrama"ya vermək istəyirdilər.
Ancaq razılaşmadım. Düz 33 il - 2000-ci ilə
qədər Sumqayıt teatrında
çalışdım. O vaxtdan isə Bələdiyyə
Teatrında çalışıram. Demək
olar ki, teatrın bütün repertuarında varam. Bu
teatrla Türkiyədə, İranda qastrollarda olmuşam, uğurlu tamaşalar göstərmişik.
- Maraqlıdır,
hamının, xüsusilə
gənc aktyorların
can atdığı "Azdrama"ya
niyə qayıtmadınız?
- Sumqayıt
teatrı yeni olduğu üçün
orada hamısı gənclər olacaqdı. Bir var, "Azdrama"ya gəlib kütləvi səhnələrdə səhnəyə çıxasan və gözləyəsən ki, sənə nə vaxtsa rol verəcəklər. Bir də
var, təzə tamaşa, yeni gənclər... Əsas və ikinci dərəcəli rolları da özümüz oynayacaqdıq. Kütləvi səhnələrə çıxmaqdansa, orada birinci olmaq daha yaxşı idi.
- Sumqayıt
teatrından çıxandan
sonra niyə "Azdrama"ya qayıtmaq istəmədiniz? Artıq müəyyən yaş və təcrübə qazanmışdınız. Olmaya keçilmiş yola dönmək çətin idi? Və ya bəlkə cavanlar arasında işləməyin sizə asan olmayacağını düşünürdünüz?
- Sumqayıt
teatrındakı fəaliyyətimdən
sonra özüm "Azdrama"ya qayıtmaq istəmədim. Çünki o həvəs artıq keçmişdi. Vaxtilə çiyin-çiyinə çalışdığım aktyorlar da o səhnədə yox idi. Mən o məktəbi keçmişdim. Ağakişi Kazımov Sumqayıt teatrında "Müsibəti Fəxrəddin"i hazırlayanda Rza Əfqanlını, Barat Şəkinskayanı dəvət elədi. Biz onlardan çox şey öyrəndik. Həsənağa Salayev, Leyla Bədirbəyli, Əliağa Ağayev tamaşalarımızda iştirak
etməyə gəlirdi.
Bu aktyor heyətini görüb hərəsindən bir şey öyrəndiyim üçün məndə
o səhnəyə qayıtmağa artıq həvəs qalmamışdı.
- Bəs
niyə müstəqil
rejissor kimi özünüz tamaşa
qoymadınız?
- Rejissorluq
tamamilə başqa sənətdir. Rejissor olmaq üçün bu dərinliyə varmağı bacarmalısan. Aktyor kimi hansısa mizanları hazırlaya bilərsən, ancaq sənət əsəri
təqdim etmək üçün rejissor sənəti olmalıdır. Düzdür, ikinci rejissor kimi çalışmışam. Ancaq sırf rejissor kimi tamaşa hazırlamağa məndə
həvəs olmayıb. Hətta
tələbə yoldaşlarım da mənə deyirdi ki, sən "Azdrama"da rejissor köməkçisi olmusan, bu sənəti bilirsən, niyə bir tamaşa hazırlamırsan? Mənim üçün aktyorluq sənəti daha maraqlı oldu. Səhnə məni özünə cəlb etdi.
- Səhnədə
olduğunuz illər ərzində gözünüzün
dalınca qaldığı
rollar oldumu?
- Cavan olanda bəziləri Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu"sunu oynamaq istəyir. Mən isə həmişə zarafatla deyirdim ki, Lenin rolunu oynamaq istəyirəm. Təsadüf elə gətirdi ki, 94-cü ildə Akif Zeynalovun "Dəfn" tamaşasında Lenin obrazı mənə tapşırıldı. Həmin tamaşada Lenin obrazını rus dilində oynadım. İnanın ki, səhnəyə çıxanda tamaşaçılar yerlərində donub qalmışdı. Elə bilirdilər ki, səhnədki Leninin özüdür. Mənə tapşırılan rolların öhtəsindən həmişə bacarıqla gəlmişəm. Nə versələr, yenə də eyni həvəslə oynayacağam.
- Sənətdən söz düşəndə qadın aktrisalar həmişə: "Mən özümü sənətə qurban vermişəm" - deyirlər. Kişi aktyorların analoji suala cavabı necə olardı?
- Bu sənətə bağlı adam başqa bir sənətlə məşğul ola bilməz. Əgər hansısa bir aktyor təsadüf nəticəsində teatra gəlibsə, bir-iki il ərzində mütləq bu sənəti tərk edəcək. Bəlkə də onu vaxtında başa salsalar ki, bu sənin sənətin deyil, onun xalqa daha çox mənfəəti dəyər. Nəinki vaxt itirərək burada qalıb rol gözləmək, yaşa dolmaq... Görürsünüz ki, müsabiqələr keçirilir. Qohum-tanışın SMS-ləri ilə səhnəyə cürbəcür "star"lar çıxır. Ancaq bunun ömrü uzun olmur. O müğənnilər nə Bülbül, nə Xan əmi, nə Şövkət xanım, nə də Rəşid Behbudov olacaqlar. Bu sənət də belədir. 48 ildir ki, bu sənətdə çalışıram. Bu yaşımda daha hansı sənətlə məşğul ola bilərəm? Teatr sənəti yaxşı mənada elə bir xəstəlikdir ki, onun müalicəsi yoxdur.
Kaspi.-2006.-7 sentyabr.- S. 7.