Məmmədov İ.

Elçinin “Qatil”i İstanbulu fəth etdi

 

Xalq yazıçısı Elçin Türkiyədə ən çox tanınan və oxunan müasir yazıçılardan biridir. Onun yaradıcılığı haqqında qardaş ölkə universitetlərində elmi-tədqiqat işləri aparılır. 2004-cü ildə Atatürk Universitetində Elçinin romanları üzərində doktorluq dissertasiyası müdafiə edilib.

Elçinin roman, povest və hekayələri ən nüfuzlu nəşriyyatlar tərəfindən türk dilində nəşr olunur. Onun pyesləri Türkiyənin Dövlət teatrlarında tamaşaya qoyulub və həm tamaşaçılar, həm də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Ankaranın, Konyanın, Ərzurumun teatrsevərləri görkəmli yazıçının komediyalarına öz sevimli aktyorlarının ifasında baxıblar.

Təsadüfi deyil ki, Türkiyədəki beynəlxalq teatr festivallarına Elçinin tamaşaları tez-tez dəvət edilir. Keçən il Dənizli Beynəlxalq Teatr Festivalında Elçinin "Mənim sevimli dəlim" komediyası Azərbaycan Akademik Milli Dram Teatrı aktyorlarının ifasında böyük müvəffəqiyyətlə nümayiş etdirilib.

Bu ilin avqust ayında isə III Beynəlxalq "İstanbul-məkan-teatr" festivalına Akademik Milli Dram Teatrının "Qatil" tamaşası dəvət alıb.

III Beynəlxalq "İstanbul - məkan -teatr" festivalı açıq məkanda kütləvi tamaşalar göstərir. Bu dəfə Azərbaycanla bərabər, Albaniyanın, Bolqarıstanın, Bosniya-Hersoqovinan, Fələstinin, Xorvatiyanın, İraqın, İranın, Tatarıstanın, Başqırdıstanın, Qatarın, Qırğızıstanın, Çuvaşiyanın, Kiprin, Çernoqoriyanın, Litvanın, Macarıstanın, Makedoniyanın, Pakistanın, Serbiyanın, Sudanın, Suriyanın, Tunisin Türkiyənin teatrları da festivalda iştirak edirdilər. Ümumilikdə festivalda 24 ölkədən 27 teatr kollektivi öz sənətini nümayiş etdirdi.

"Qatil" avqustun 10-da məşhur Qalata körpüsündə, 12-də isə İstanbulun ən böyük meydanlarından biri olan Sultan Əhməd meydanında göstərildi. Hər iki tamaşa böyük tamaşaçı kütləsinin təkrar-təkrar alqışları altında keçdi. Qalata körpüsü də, Sultan Əhməd meydanı da turistlərin sevimli " yerləri olduğu üçün, tamaşaçılar arasında dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlər də çox idi. Eyni zamanda, Türkiyənin bir çox görkəmli ictimai xadimləri, elmi-ədəbi dairələrin, diplomatik korpusun nümayəndələri də xüsusi olaraq "Qatil"ə baxmaq üçün gəlmişdilər. Tamaşanı hərarətlə alqışlayanlar arasında Azərbaycan icmasının nümayəndələri də çox idi.

Mübaliğəsiz demək olar ki, "Qatil" tamaşasının timsalında Azərbaycan teatr sənəti bu festivalda böyük müvəffəqiyyət qazandı və ən yaxşı tamaşalardan biri kimi qiymətləndirildi. Rejissor Mehriban Ələkbərzadənin tamaşaya verdiyi quruluş, baş rollarda Şükufə Yusifovanın, Sabir Məmmədovun, eləcə də Yaşar Nurinin, Səidə Quliyevanın ifaları festival iştirakçılarının rəğbət və sevgisinə səbəb olub. Adi tamaşaçılar da, professional teatr xadimləri də bizim sənətkarlarımız haqqında ağızdolusu danışırdılar. "Qatil" faciəsinin fəlsəfi-psixoloji mövzusu, ustalıqla qurulmuş dramatik süjet gərginliyi, bədii surətlərin dolğunluğu xüsusi vurğulanırdı.

Türk mətbuatı, televiziya kanalları "Qatil" tamaşasını geniş işıqlandırdı. STV, TRT kanalları tamaşanı nümayiş etdirdi, "Ulusal" kanalı isə "Qatil" haqqında 1 saatlıq veriliş göstərdi. Verilişi Elçin yaradıcılığına dərindən bələd olan görkəmli türk teatr xadimi Həyati Əsilyazıçı apardı.

Fərəhli haldır ki, Elçinin "Qatil" faciəsi İstanbul Böyük Bələdiyyə Teatrının bu ilki repertuarına daxil edilib. Hazırda teatrda tamaşanın məşqləri gedir. "Qatil"in İstanbul premyerası oktyabr ayının 18- göstəriləcəkdir. Mütəxəssislərin yekdil fikrinə görə İstanbul Böyük Bələdiyyə Teatrının bu tamaşası türk teatr aləmində hadisə olacaq.

stanbul - məkan - teatr" festivalının tamaşaçıları Elçinin yaradıcılığı və tamaşa haqda bunları dedilər.

Əhməd Bozel ("Yedditəpə" Universitetinin professoru): "Türk dünyasının böyük yazarlarından olan Elçin bizim universitetin fəxri doktorudur və onun Universitetimizin təsisçisi, sayın xocamız Bəhrəddin Dalanla dostluğundan fəxarət duyuruq. Elçinin roman hekayələri bizim müəllimlər heyətinin tələbələrin sevə-sevə oxuduğu əsərlərdir. "Qatil" bir daha sübut etdi ki, Elçin böyükyazar, böyük fikir adamıdır."

Fəridə Çay (oftalmoloq həkim): "Qatil" məni qızım Səmimi valeh etdi. Səmim keçən il Fateh Universitetinin filoloji fakültəsini bitirmişdir. Elçinin "Mahmud Məryəm" romanı bizim ən çox sevdiyimiz romandır. Mən onu on dəfədən çox oxumuşam. Festival tamaşaları arasında Elçinin adını görcək, qızımla bərabər gəlib, "Qatil'ə baxdıq. Çox təsirləndik. Gözümüzün yaşını saxlaya bilmədik."

Henrix Fişer (Almaniyalı türkoloq): "İstanbula "Boğaziçi" Universitetinin dəvəti ilə gəlmişəm. Alman dilində Elçinin "Mahmud Məryəm", birdə " dəvə" romanlarını oxumuşam. Onun "Ölüm hökmü" romanını isə türk dilində oxumuşam. Məncə, bu roman dünya miqyaslı bir əsərdir. Elçin mənim çox dəyərləndirdiyim az saylı müasir yazarlardan biridir. Türk həmkarlarımla "Qatil'ə baxmağımdan çox məmnunam. Həyatın sərt üzü ulduzlar aləminin romantikasını belə məhv edir. Elçin bu mövzunu usta qələmlə ifadə edə bilmişdir. Bu əsəri alman dilinə çevirmək istəyirəm. Buna görə Elçinlə əlaqə yaratmağa icazə almağa çalışacağam. Qiymətli dostum Çingiz Bəktaş bu işdə mənə yardımçı olacağına söz verib. Doğrusunu deyim ki, mən Azərbaycanda belə yüksək səviyyədə teatr olduğunu təsəvvür etmirdim. Gözəl aktyorlarınız vär. Şükufə Yusifova məni valeh etdi. O, Avropanın ən məşhur səhnələrinə layiq aktrisadır."

Yavuz  İşık ( adamı): "Mən Azərbaycanda çox olmuşam. Elçin bəy orada çox tanınır. Türkiyədə çox tanınır. Onun yaratdığı qatil qadın, əslində, mələkdir. Ancaq etmək olar? Həyat mələyi qatil edir".

 

525-ci qəzet.- 2006.- 9 sentyabr.- S. 21.