Səttarova M.

Qoşa qovaq nağılı

 

Sənət adamları daim diqqət mərkəzində olduqlarından sənətçilərin ailə cütlüyü həmişə maraq dairəsinin mərkəzində dayanır. Azərbaycanın sənət dünyasında bu cütlüklərin sayı barmaqla sayılacaq qədərdir. Üstəlik, sənətçi cütlüklərin bəzilərinin ailə həyatı bənövşə ömrü qədər çəkib. Geridə acı xatirələr mərhum müğənni Gülxar Həsənovanın timsalında bir ömür boyu heç bitməyəcək peşmançılıq hissi qalıb.

Ancaq illəri bir dam altında yola salıb, bir yastıqda qocalan sənətkarlarımız da az deyil. Səhnədə yaşadıqları ülvi sevgilərini gerçək həyatda tapan bu insanların ömür yolu çoxlarına örnək olub. Öz sevgiləri ilə səhnənin heç qurban tələb etmədiyini "iki qoçun başının bir qazanda qaynaması"nın mümkünlüyünü sübut ediblər. Sevərək, sevilərək, ömürlərinin 40 ilini birgə geridə qoyublar. Sevgi dolu bu həyatdan yaxınlarına, doğmalarına da, onları qovuşduran səhnəyə pay ayıra biliblər. 40 illik birgə həyatın ayrılığı isə cəmisi 6 il çəkib. günlərin birində əməkdar artist Mirvari Novruzova əcəl karvanını bu dünyadan çəkərək, ömür-gün həmdəmi, xalq artisti Əli Zeynalovun yanına köçüb...

İlk izdivacın uğursuzluğu

İlk nikahdan bəxtləri gətirməyib. Sonradan bir araya gəlmələri bir ömür boyu xoşbəxt yaşamaları üçün Tanrı onların ilk qismətini uğursuz yazıb. Uğursuz ilk izdivac bünövrəsi əllinci illərdə qoyulan Mirvari Novruzova - Əli Zeynalov cütlüyünün yaranmasıyla nəticələnib.

Mirvari xanım atasını erkən itirmişdi. Atasının vəfatından sonra evin bazar-dükan məsələsi 10 yaşlı qızcığazın çiyinlərinə düşmüşdü. Bazarlığa qonşuluqdakı rus qadınla gedib-gələr, satdığı qızıl üzük, qolbağa ərzaq alıb gətirərdi. Atasızlığın olduğunu öz təcrübəsində yaşadığından kimsəyə arzu etmədiyi bu taleyi bir müddət övladları da yaşamalı olur. Qara bəxti ilə barışmağa hazırlaşdığı bir vaxtdasa həyatına yenidən bahar günəşi doğur. Onu yarıyolda qoyan evliliyinin yeni daha xoşbəxt bir evliliyin təməlini qoyacağını ağlına belə gətirmədiyi halda, Tanrı onun qarşısına Əli Zeynalovu çıxarır...

Bakı Pedaqoji Teatr Texnikumunu bitirib, bir müddət Moskvada təcrübə keçən Əli Zeynalov ömrünün təxminən 10-11 ilini İrəvan Azərbaycan Dram Teatrı ilə bağlayır. 1945-ci ildə xalq artisti Adil İsgəndərovun onu Bakıya dəvət etməsi aktyorun həyatına yeni səhnə ailə qapısı açır. Ancaq sənətçinin ömür kitabının Bakı səhifəsi heç uğurlu alınmır. Bakıya köçdüyü ilk illər xanımını itirir. İki körpə uşaqla təkbaşına qalan Əli Zeynalova həyatının ən çətin anlarında Mirvari Novruzova dayaq olur. 9 aylıq körpəni ana qayğısı ilə əhatə edən sənətçi xanım həmkarının da qəlbini fəth edir. Bir neçə ildən sonra ilk nikahdan 4 övladları olan sənətçi cütlüyünün ailəsində sayca 5-ci körpə dünyaya gəlir...

Bir-biri üçün yaranmışlar

Fərqli xasiyyətli insanlar idi. Evin xanımı qədər hərəkətli, deyib-gülən bir insan idisə, Əli Zeynalov bir o qədər astagəl zəhmli idi. Ancaq bu, onların 40 il birgə həyat sürmələrinə mane olmur. Bilgəhdə bağ sahəsi almışdılar. Uşaqlıqdan kişi işlərinə alışıq olan Mirvari xanım bağ evinin tikintisinə özü başçılıq edirdi. Evin daşlarını da özü seçmişdi. Ustaların aldığı daş xoşuna gəlmədiyindən maşının kabinəsində birbaşa daş karxanasına getmiş daşları bir-bir seçmişdi.

Ailə qurduqları vaxtda hər ikisi ölkənin mədəni həyatında nüfuz, çəki sahibi olsalar da, dəbdəbədən uzaq sakit bir həyat sürürdülər. Övladlarının doğum günlərini dar çərçivədə qeyd edərdilər. Bir dəfə qızları Səadət bunun səbəbi ilə maraqlandıqda, aktyor "ola bilsin ki, vaxtsa maddi vəziyyətimiz yaxşı olmasın həmin vaxt sizin ad günlərinizi yüksək səviyyədə keçirə bilməyək. İstəməzdik ki, həmin vaxt ötənləri xatırlayıb, sıxılasınız" izahatını verir.

Evlərinin qapısı isə sənət dostlarının üzünə taybatay açıq idi. Mirvari xanım Novruz bayramını çox sevdiyindən bu bayramı xüsusi qeyd edərdilər. Uşaqlığı Novruzun yasaq olduğu vaxtlara təsadüf etsə , gözünü açandan axır çərşənbədə, martın 21-də bayram masasını paxlava, şəkərbura xonçası ilə bəzənmiş görüb. Atası ət kombinatında müdir işləyirdi. Onun kimi yüksək vəzifə sahibinin, dövlət məmurunun ailəsinin bayramı qeyd etməsi təhlükəli sayılsa da, ailəsinin bu istəyinə qarşı çıxmırdı. İllər sonrası övladlarına Novruzla bağlı saralmış xatirələrini çözən Mirvari xanımın danışdıqlarının arasında atasının həyəcanından xəbər verən bir hadisə vardı. Nənəsi ilə bayram hazırlığı görürmüş. İşin qızğın çağında atası evə gəlir. Anasına bir söz deyə bilməsə , evin qapı-pəncərəsini tələm-tələsik bağlayaraq, "heç olmasa, bunları bağlayın ki, qonşular görməsin" - deyir.

Mirvari xanım bayram günlərinə özəl yeməklər bişirər, süfrəni xüsusi səliqə-səhmanla açardı. Sənət dostlarının, yaxınlarının qatıldığı bayram günlərinə Əli Zeynalovun pianoda ifa etdiyi "Kəsmə-Şikəstə", Mirvari xanımın şövqlə oynadığı "Tərəkəmə" ayrı bir ləzzət qatardı...

"Bizi ayırmayın..."

"Kölgələr sürünür" filmiylə ilk dəfə kamera qarşısına keçən Əli Zeynalov "Leyli Məcnun"da Leylinin atası, "Bir qalanın sirri"ndə Simnar xanı oynayır. Təqaüdə çıxdıqdan sonrasa kinostudiyanın dublyaj redaksiyası ilə əməkdaşlıq edərək, filmlərin ilk səsləndiricisi kimi tarixə düşür. Mirvari xanım da səhnə uğurlarına görə ömür-gün həmdəmindən geri qalmırdı. "Baladadaşın məhəbbəti" filmi, "Solğun çiçəklər", "Pəncərədə işıq", "Göz həkimi" tamaşalarında maraqlı obrazlar yaradan sənətçi bir neçə tamaşada da ömür-gün həmdəmi ilə tərəf-müqabili olur. Beləcə, birgə həyatlarının 40 ilini geridə qoyurlar. Cütlüyün sakit həyatına Əli Zeynalovun 75 yaşında infarkt keçirməsi ilə son verilir. Gərgin keçən günlərdən sonra həkimlər təhlükənin geridə qaldığını söyləsələr , hər şey elə qəfil, gözlənilməz baş verir ki, Mirvari xanımı ömür-gün həmdəminin ölümünə inandırmaq olmur.

Həyat yoldaşının vəfatından 4 il sonra, 1992-ci ildə 69 yaşlı Mirvari Novruzova təqaüdə çıxarılır. Bu hadisə Əli Zeynalovun yoxluğundan sonra aktrisanın həyatdan aldığı ilk son zərbəsi olur. Səhnəli günlərini xatırlayb kimsə görməsin deyə, göz yaşlarını içinə axıtdığı bir vaxtda Amaliya Pənahovanın Bələdiyyə Teatrına dəvəti aktrisanın sıxıntılı günlərinə son verir.

Yenidən səhnəyə dönməsi yaşam eşqini artırsa da, Əli Zeynalovun itkisiylə qeybə çəkilən təbəssümü geri qayıtmır. Yalnız bircə dəfə "Leçkomissiya"da müalicə olunduğu vaxt Rübabə Muradovanın özünə ağı deməsini eşidincə tələsik qonşu palataya keçir. Nəsibə Zeynalova Əliağa Ağayevlə birgə müğənninin ovqatını, əhval-ruhiyyəsini qaldırmaq üçün çox şeydən danışıb-gülürlər. Xəstəxananın dəhlizini aktrisanın şaqraq gülüşü bürüsə , bu gülüş ömür-gün həmdəminin yoxluğundan sonra gözlərində yuva salan qəm-kədəri gizlədə bilmir...

1994-cü ilin Novruz bayramı ərəfəsi teatra getdiyi zaman ürəyi vəfasızlıq edir. Tələm-tələsik xəstəxanaya yerləşdirsələr , Əli Zeynalovu bu dünyadan aparan xəstəlik Mirvari Novruzovanın da ömür kitabının son səhifəsini yazır. Çox sevdiyi bir gündə, martın 20-də səhər saat altıda, xəstəxanada keçinir. Ölümündən sonra cibindən bir kağız tapırlar. Övladlarına son vəsiyyəti idi. Fani dünyada heç ayrılmadığı ömür-gün həmdəmindən o biri dünyada da onu ayırmamağı vəsiyyət etmişdi. Aktrisanın son arzusuna əməl edilir. Hər kəsin bayram əhval-ruhiyyəsi yaşadığı bir vaxtda Mirvari Novruzova bir vaxtlar Əli Zeynalovla yaşadığı mənzildən ömür-gün həmdəminin 6 il öncə Yasamal qəbiristanlığında tutduğu yeni mənzilə yola salınır...

 

Xəzər.- 2006.- 9 sentyabr.- S. 14.