Müşfiq H.
Ulaş Özdəmir:
"Sənət baxımından Azərbaycanın yüksək
səviyyədə olduğunu təxmin edirəm"
"Kalan" musiqi şirkətinin
nümayəndəsi Azərbaycan sənətçiləri ilə
əməkdaşlığa hazır olduğunu bildirir
Müsahibimiz bağlama
ustası, səs sənətçisi, "O da məni
sevir" filminə musiqi yazmış Ulaş Özdəmirdir. Ulaş bəy
artıq 8 ildir "Kalan" musiqi şirkətinin
yaradıcılıq bölməsinə rəhbərlik edir.
"Kalan" musiqi şirkəti klassik türk
musiqisi, xalq mahnıları və arxivlərdəki qədim
musiqi parçaları ilə yanaşı Türkiyənin
bütün etnik musiqilərini də dinləyicilərə təqdim
edir. Bu zamana qədər şirkət 800-dən
çox müxtəlif kaset və CD istehsal edib.
- Ulaş bəy, Azərbaycan ismi sizə öncə nəyi
xatırladır?
- "Azərbaycan" deyiləndə
ağlıma ilk öncə Nəsimi və Şah Xətai,
üstəlik maraq dairəmdə olduğu üçün
musiqi gəlir. Aramızda müəyyən
məsafə varmış kimi görünsə də, əslində
çox da fərqli bir şey görmürəm. Azərbaycan mənə sanki böyüyüb
başa çatdığım torpaqları xatırladır.
- Musiqini də vurğuladınız. Bəs sənət
olaraq Azərbaycanı necə tanıyırsınız?
- Sənət baxımından Azərbaycanın yüksək
səviyyədə olduğunu təxmin edirəm. Bunu tanıdığım bir çox azərbaycanlı
heykəltəraş və rəssamın
yaradıcılığına istinadən deyirəm. İstər klassik Qərb, istərsə də milli
musiqi sahəsində fəaliyyət göstərən görkəmli
bəstəkar və sənətkarlarınızın
mövcudluğundan xəbərdarıq. Xüsusilə
Alim Qasımovun yaradıcılığı ilə
yaxından tanışıq.
- İstər Türkiyədə, istərsə
də Azərbaycanda xeyli Əli aşiqlərinin
mövcudluğundan xəbərdaram. Azərbaycan oxucusunu
Türkiyə ələviliyinin təməl prinsipləri ilə
- Mənim bu barədə hansısa qəti fikir söyləməyim
yersiz olardı. Yalnız bəzi mülahizələrimi
söyləmək istərdim. Ələviliyi
hansısa qəlibə, çərçivəyə
sığdırmaq imkansızdır. O, təməlində
Əli sevgisi olsa belə, islamdan daha öncəki dövrlərin
sirlərini, hikmətini də öz içində saxlayan bir sinkretik dünyagörüşdür. Ələviliyin təməlində İnsana olan
sevgi durur. İnsanda Tanrının
bütün sifətlərini görən və təsdiqləyən
bir dünyagörüşdür ələvilik. Əliyə olan sevgi də bu sifətlərin tamamının
onda ən mükəmməl şəkildə ifadə
olunması ilə əlaqədardır. Digər
təməl prinsiplər 4 qapı və 40 məqamla, "əlinə,
belinə və dilinə sahib ol!" hikməti ilə
bağlıdır. Xüsusi vurğulamaq
istədiyim bir şey də var. Mən ələviliyi sadəcə
ələvi düşüncəsi olaraq deyil, bektaşilərin,
əhli-həqlərin, nusayrilərin, kakailərin ortaq
dünyagörüşü olaraq görür və onları
bir-birindən ayırmıram.
- Son zamanlar Türkiyədə ələvilər
üçün din dərsləri kimi təməl problem ciddi
şəkildə gündəmə gəlib. Bu
məsələ indi nə vəziyyətdədir?
- 1993-cü ildən sonra istər Türkiyədə, istərsə
də Avropa və dünyada çox ciddi ələvi təşkilatlanması
var. Bu təşkilatların fəaliyyətləri
dövründə bir çox məsələlər geniş
kütlənin tələbi olaraq gündəmə gəlmiş
oldu. Əlbəttə ki, təşkilatların
çoxalması məsələlərin həddən ziyadə
siyasiləşməsi təhlükəsini də doğurur.
Amma əksər hallarda təşkilatma problemlərin
həlli baxımından mühüm rol oynamağa
başlayıb. Avropadakı ələvi təşkilatları
federasiyasının fəaliyyəti, özəlliklə
Türkiyə - Avropa Birliyi müzakirələri
baxımından atdığı addımlar, dolayısı ilə
Ərdoğan hökumətinə edilən təzyiqlər təbii
ki, problemlərin həlli istiqamətində müəyyən
addımların atılmasına imkan yaratmış oldu.
Lakin problemlərin birdəfəlik həll
edildiyini söyləmək hələ tezdir. Bu istiqamətdə hələlik ciddi bir nəticə
yoxdur.
- Bu məsələ sanki Türkiyədə bir ələvi
problemi varmış kimi təqdim olunur. Halbuki mənim
tanıdığım ələvilik Türkiyə dövlətini
və onun xalqını sevən, vətənpərvər bir
dünyagörüşdür...
- Bu, bizlərə qarşı hər zaman ortaya
atılan qərəzli yanaşmadır. Osmanlı
dövründə belə yeniçərilər bektaşi
olsalar da, ələvilər daim zülm altında
yaşayıblar. Müasir dövrdə belə
bizlər Maraş və
- Sünni və ələvilər arasında fikir mübadiləsinin
gücləndirilməsi və bu təməldə
yaxınlaşma məqsədilə hansısa addımlar
atılırmı?
- Bəli, zaman-zaman belə addımlar atılır. Əksər hallarda qısa müddətdən sonra
"siz də, biz də Məhəmmədi və Əlini
sevirik, elə isə nə fərqimiz var?"
düşüncəsi ortaya çıxır. Qarşı tərəf bu düşüncəni də
yanlış iddialara təməl edərək bir-birini
tanımaqdan çox ələvilərə xitabən "gəlin
bizim kimi olun!" şüarı ilə
çıxış edir. Hətta, baş
nazir Ərdoğan belə Əlini çox sevdiyini bildirir.
Kaş ki bu gerçək ola və hər
iki tərəf arasında ciddi anlaşmanın yaranmasına təkan
verə. Təəssüf ki, bunu müşahidə
etmirik. Son zamanlar təşkilatlanma ələviliyin
problemlərinin həlli istiqamətində ciddi addımlar
atmış oldu. Lakin ələviliyin
öz içində belə bir çox problemlər
mövcuddur. Son dönəmlər mediada ələviliklə
bağlı davamlı yazı və informasiyaların getməsi
məhz ələvilərin özlərini daha yaxşı
tanımaları üçün də mühüm
addımdır. Çünki uzun sürən
basqılar nəticəsində bir çox ələvinin
öz yaşam fəlsəfəsini və kökünü
unutduğunu təəssüflə vurğulamalı oluram.
Yəqin bildiyim budur ki, bu problemlərin həlli
üçün daha çox zamana ehtiyacım var.
- "Azərbaycan" deyiləndə Nəsimi və Şah
Xətaini yada saldığınızı vurğuladınız.
Bu cür mühüm ortaq dəyərləri
olan Azərbaycan və Türkiyədə yaşayan
insanların bir-birini daha yaxşı tanıması
üçün onlardan nə cür yararlanmaq
mümkündür?
- Uzun zamandan bəri biz türklərin ortaq bir
çatışmazlığı var - biz daim Qərbə
doğru qaçırıq. Bir çoxlarında
ziyanlı vərdiş halını almış bu bəlanı
dilə gətirərkən heç də Qərblə əlaqələrə
qarşı çıxmırıq. Sadəcə,
gəlib keçdiyimiz məkan və zamanları, xüsusilə
sənət və musiqi baxımından daha yaxşı dəyərləndirməyin
zəruriliyini vurğulamaq istəyirəm. Bəli, Türkiyə İrana nisbətən Qərb
ölkəsidir, lakin Yunanıstana nisbətdə biz Şərq
ölkəsiyik. İstər Azərbaycan,
istərsə də İrana münasibətdə daim Qərbə
doğru tələsik qaçışımızın
doğurduğu əksikliklər mövcuddur. Bu baxımdan həmin ölkələrdə
yaşayan yeni nəslə mənsub sənətçi
dostlarımla fikir mübadiləsi apararkən daim təəəccüblənirəm
ki, biz nədən bir-birimizdən bu qədər bixəbərik.
- "Kalan" musiqi şirkəti onlara dəstək
olaraq nəsə etmək fikrindədirmi?
- Onların hamısı üçün
ayrı-ayrılıqda nəsə etmək imkanlarımız
xaricindədir. Lakin onlar üçün birgə
kaset və CD çıxara bilərik. Məsələn,
Azərbaycan milli musiqisi ilə bağlı belə bir layihə
gerçəkləşdirə bilərik. Zatən "Kalan" şirkəti Anadolu musiqisi ilə
bağlı sənət nümunələri ilə çox
maraqlanır. Məsələn biz, Bosniya
musiqisi ilə bağlı da belə bir addım atacayıq.
- Bağlama sənətçisi olaraq onu nə cür
tanımlarsınız?
- Ələvi dünyagörüşündə
bağlamanın müqəddəsliyi onun
çalındığı ortamdan qaynaqlanır. Yəni bir çoxları üçün adi musiqi
aləti olan bağlama məhz dini ayinlərimizdə - cəmlərdə
çalınarkən onun hikməti ortaya çıxır.
Bağlama hazırlayan sənətkarların tut və ya
hansısa digər ağacdan istifadə etməsi kimi fərqli
üslubları ola bilər, lakin
bağlamının bütün Anadoluda müqəddəs dəyər
kimi qiymətləndirilməsinin təməli məhz ələvi
dünyagörüşündəki, ayinlərimizdəki yeri
ilə bağlıdır. Fikrimcə, Azərbaycan
üçün saz nədirsə, bizim üçün də
bağlama odur. Üstəlik,
bağlamanı Anadoludakı digər xalqların nümayəndələri
də çalırlar.
- Nədən son zamanlar Türkiyədə əruz vəznində
yazan, bu dövrün Nəsimi və Xətaisi ola
biləcək şəxslər ortaya çıxmır?
- Bunun bir neçə səbəbi var. Türkiyədə dil
və əlifba inqilabından sonra osmanlıca adlanan dil,
dolayısı ilə divan ədəbiyyatı ilə
bağlı söz ehtiyatı da ortadan qaldırıldı. Odur ki, indiki nəsil Füzulini, Viranini və
başqalarını anlamaqda çətinlik çəkir.
Bu baxımdan Azərbaycan xalqı olaraq siz daha
şanslısınız. Bunu cümhuriyyət
əsaslarına qarşı çıxmaq kimi dəyərləndirməyin,
lakin kaş ki, divan ədəbiyyatı kimi möhtəşəm
keçmişlə əlaqəmiz bu şəkildə
qırılmış olmayaydı, - deyə
düşünürəm. Üstəlik, dildən ərəb
və fars mənşəli sözlərin
çıxarılması da bu baxımdan öz mənfi təsirini
göstərmiş oldu.
Bakı - İstanbul – Bakı