Məhərrəmova T.

 

"Həyatdakı aktyorları görəndə mat qalıram"

 

Telman Adıgözəlov, aktyor: "Cəmiyyətdə bizdən də betər oynayırlar"

 

Teatr yeni mövsümə hazırlaşdığı ərəfədə aktyorların başının yamanca qarışıq olmasına baxmayaraq, şənbə səhifəmizin qonağı olmaqdan imtina etmədi. Telman Adıgözəlovla görüşümüz çalışdığı teatrda, yəni "Azdrama"da baş tutdu. İşə, daim ora-bura vurnuxan aktyorların müdaxiləsinə bir növ yadırğamış teatr binasında rahat bir bucaq tapmaq müşkülə çevrilmədi. Hərçənd ki, teatr binası təmirə dayanmaq üzrə idi və bu, aktyorları pəjmürdə salmaqla bərabər, onlara yeni ümidlər verirdi.

Qonağımızla söhbətimizi də bu nota köklədik:

  Milli şüuru formalaşdırmalıyıq

  - Yeni teatr mövsümündən nə gözləyirsiniz?

- Baş rejissorumuz Mərahim Fərzəlibəyov, teatrın direktoru Maqbet Bünyadov və sərəncamçı direktor mövsümü açmamışdan qabaq planlar haqqında danışdılar. Ümumiyyətlə, bir şeydən razıyıq ki, çox gözəl, bayram əhval-ruhiyyəli mövsüm açılışı oldu. Hər birimizə zərfə qoyulmuş suallar təqdim olundu. 3-4 vərəqdə "Teatrı necə görmək istəyirsiniz", "Hansı əsərlərdə oynamaq istəyirsiniz?", "İqtisadi çətinliyiniz nədir?" və s. suallar yazılmışdı. Yəqin ki, anketdə yazılanlar nəzərə alınacaq. Bu bizə yeni-yeni formalar vəd edir. Demək olar ki, yeni müdiriyyətlə teatr üçün təzə bir dövr başlayır. Əsasən repertuar seçimində dəqiq olmalıdırlar və yəqin ki, olacaqlar da. Mənə elə gəlir ki, cavan aktyorun şansı, daha doğrusu, vaxtı çoxdur. Yaradıcılıq üçün ilham olmalıdır. Məncə, Səttar Bəhlulzadənin əsərləri yalnız onun ruhunun məhsulu idi. O, bu əsərləri ilham gələndə yaradıb. Aktyorlar da elədir. Daxili sarsıntılar, çətin vəziyyətlər olur ki, səni ağrıdır və hansısa bir əsərdə onların həllini görürsən. Əsərlər seçildikcə, bizə daxilimizdə toplananları izhar eləmək üçün həm meydan, həm də əsər lazımdır. Əsərlərdə seçim olmalıdır. Dünya dramaturgiyasına da müraciət etmək lazımdır. Həmçinin ən ümdə, milli dramaturgiyanı gücləndirməyə ehtiyac var. Ancaq problem eyni olduğu üçün dünya dramaturgiyasından eyni əsərləri də götürmək olar. Əminəm ki, bəşəriyyət eyni problemi yaşayır. Sadəcə, dinlər, adət-ənənələr müxtəlifdir. Bizdə milli dərketmə bir qədər çətindir. Çünki biz kandarda oluruq. Mənə elə gəlir ki, hər şeydən əvvəl milli şüurun formalaşmasına xidmət etməliyik. Müəllimim Cənnət Səlimova deyirdi ki, incəsənət nə qədər milli olsa, bir o qədər beynəlmiləldir. Çünki problemlər bütün insanlar üçün eynidir. Elə əsərlər qoymaq lazımdır ki, milli şüurun formalaşmasına xidmət eləsin. Hətta düzgün tariximizi göstərən televiziya filmləri çəkilməlidir.

- Dediniz ki, teatrda cavan aktyorların şansı daha çoxdur. Bəs sizin şansınız nə qədərdir?

- Bunu Allah bilir...

- Zərfdə sizə suallar ünvanlandığını dediniz. Yəqin ki, bu ümumi sualların hər bir aktyor tərəfindən subyektiv cavabları olub. Məsələn, "Teatrı necə görmək istəyirsiniz?" sualına necə cavab verərsiniz? Sizcə teatr təkcə milli şüurun formalaşmasına xidmət edən tamaşaların qoyulması ilə məhdudlaşmalıdır?

- Füzuli, Nizami və başqa klassiklərdən üzü bəri gələnlər hamısı məhəbbətdən yazıb. Ancaq dramaturgiyada Şekspirin "Romeo və Cülyetta"sı dünya klassikası sayılır. Biz "Leyli və Məcnun"u o səviyyəyə çıxara bilməmişik. Ona görə oynanılmır. Hamıya da elə gəlir ki, "Romeo və Cülyetta"nı tamaşaya qoysaq, bu, əsl klassika olacaq. Mənə elə gəlir ki, Hüseyn Cavidin "İblis"i "Faust"dan da yüksəkdir. Artıq Azərbaycan xalqının mənəvi dəyərlərini bütün dünyaya tanıtmaq vaxtıdır. Bu əsərləri dünya səhnələrində oynamaq lazımdır. Heç olmasa, dünya dramaturgiyasına özümüz haqqında bir qədər arayış verə bilək. Ancaq bizdə elə dramaturqlar da var ki, onlar tanınmır. Baxmayaraq ki, onlar problemləri çox gözəl yazırlar. Çox gözəl pyeslər də var. 60-70-ci illərdə Şekspirin və digər klassiklərin əsərlərini Bakının yuxarı məhəllələri əzbər bilirdi. Azərbaycan həmişə klassika ilə yer tutub və bu yükü daşıya bilən güclü aktyorlarımız da olub. Mən də həmin güclü klassik teatrı istəyirəm. Biz italyan kostyumunu, alman markalı maşını xoşlayırıq. Bizə elə gəlir ki, onun-bunun dilində danışıb, paltarını geyinsən, yaxşıdır. Onda simasızlıq yaranır. Simaya malik olmaq üçün güclü milli dərk, milli dramaturgiya yazılıb, hələ yazanlar da var. Mənə elə gəlir ki, onları səhnəyə gətirib millətin milli şüurunun formalaşmasına çalışmaq lazımdır. Özümüzü ona həsr eləməliyik.

  Görünür, mənə uyğun rolları yoxdur

  - Hazırda teatrınız təmirə dayanıb. Bir il, ilyarımdan sonra yeni təmir olunmuş teatr binasında çalışacaqsınız. Təkcə zövqlə, yüksək dizaynla təmir olunmuş binada çalışmaq sizin bütün arzularınıza cavab verəcəkmi, yoxsa daxildə də yeni bir işığın yanmasına ehtiyac var? Sizə daha nə stimul ola bilər? Təkcə milli dramaturgiyanın teatrda təşəkkül tapmasımı?

- Teatrımız təmirsiz olanda da tamaşa oynayırdıq. Bu, sadəcə, məişət mədəniyyətidir. Gözəllik, dizayn yəqin ki, olacaq. Biz çox geri getmişik. Moskva, Türkiyə teatrları səliqə-səhman, dekorasiya, kostyum sexləri və s. sarıdan çox irəlidədir. Bir stul, parik, kostyum axtaranda sənə min cür göstərirlər. Bu, çox dövlətli bir teatr olmalıdır. Xaricdə səhnədə effektlər üçün lazer və müxtəlif kompyuter işıqlarından istifadə edirlər. Orda texniki cəhətdən hər cür təminat var. Teatr bizim gün ərzində olan dünyamızı 3-4 saat ərzində əks etdirməlidir. Bunun üçün yüksək texnologiya olanda tamaşaçı həmin mühitə girə bilir. Təklif olunmuş şəraitə nəinki aktyor, tamaşaçı da öz xoşu ilə daxil olur. Ona görə bizə yüksək texnologiya lazımdır ki, tamaşanı istədiyimiz kimi təqdim edə bilək və yəqin ki, sizin dediyiniz həmin o işıqdır. Ancaq onu da bilin ki, texnika nə qədər yüksək dərəcədə olsa, aktyor onu hiss eləmirsə, effektin heç bir xeyri olmayacaq. Yəni tamaşaçını zahiri işıqlarla aldatmaq olmaz.

- "Əsl sevinc zəhmətdən sonrakı istirahətdir" - deyiblər. Siz bu sevinci sonuncu dəfə nə vaxt hiss eləmisiniz? Hərçənd ki, sizi teatrınızın son tamaşalarında önəmli bir rolda görməmişik.

- Yeni əsərlərdə rol məsələsi gəlib rejissorlara dirənib. Bilirsiniz ki, aktyor sənəti asılı sənətdir. Görünür, mənə uyğun rolları yoxdur. Əsl sevinci tamaşa oynayıb qurtarandan sonra - evə gedərkən yaşayırsan. "Mən necə oynadım, harada səhv elədim?" və s. suallara cavab axtarırsan. Məşq prosesinin axırında obraz alınanda dünyada ondan böyük sevinc olmur. Ona görə aktyorlar mənən varlı, fiziki cəhətdən kasıb olurlar. Çünki onlar üçün çox şey lazım deyil. Bir rol almaq və yaxud alqış yetərlidir. Amma dövr elə gəlib ki, məsələn, Amerika aktyorları maddi cəhətdən çox zəngindirlər. Hansısa bir dahi deyib ki, incəsənət varlı adamların sənətidir. Yəni aktyor maddi cəhətdən o qədər təmin olunmalıdır ki, səhnədə qaz, işıq pulunu düşünməməlidir. Beyin hüceyrələri o qədər sərbəst olmalıdır ki, obraz haqqında düşünə biləsən. Maddi cəhətdən qaçhaqaç, qovhaqov aktyora təsir eləməməlidir. Aktyorun yaxşı evi və yəqin ki, maşını olmalıdır. Ümumiyyətlə, aktyorun sıxıntısı az olmalıdır. İş ondadır ki, maddi çətinliklərlə səhnəyə çıxıb şah, milyonçu obrazı oynamaq olmur. İnsan bu yolların hamısını keçməlidir ki, oynayanda onun içindən çıxsın. Və yaxud padşah oynayanda onun içindəki ruh padşah olmalıdır.

- Ancaq Hüseyn Ərəblinski vaxtilə teatrı yaşatmaq üçün üzüyünü girov qoyub, səhnəyə nimdaş paltarlarla çıxanda belə düşünməyib.

- Necə düşünməyib? Vaxtilə Ərəblinski gözəl, kübar ailədə böyüyüb. Mən demirəm ki, hamı kübar olmalıdır. Amma ruhu varlı adam olmalıdır. Ataların bir sözü var: "Varlı olmasın, gözü tox olsun". Amma bu cəmiyyətdə maddi sərvətlər var ki, ondan sənə də pay düşməlidir. Adam var ki, yarım milyonluq maşından düşüb kartof satanla 10 qəpiyin davasını edir.

  Mənə heç nə vermirlər

  - Teatrda aktyorlara ünvanlanan suallar içərisində "İqtisadi çətinliyiniz varmı?" sualını necə cavablandıracaqsınız?

- Yəni nə istəyirsiniz - ev, maşın... Əgər olsa, yazacağam ki, pis olmazdı. Ancaq bilirəm ki, olmayacaq. Bununla belə, mən həmişə Allahıma şükür eləmişəm.

- Bir ara mətbuatda maddi sıxıntılar içərisində yaşamağınız haqqında yazırdılar. Məsələn, yazırdılar ki, dişlərinizi düzəltməyə pul tapmırsınız və s.

- Bu, əsassız, faktsız fantaziyadır. Sağ olsun, dostları, həkimləri. Məndə həkimlərin yüzdən artıq vizit kartı var. Deyirlər ki, gəl, dişlərini pulsuz düzəldək. Hətta sponsorluq edənlər də var. Sadəcə, iynə vurulanda dözə bilmirəm, ona görə dişlərimin müalicəsi yubanır. Ancaq bu yaxınlarda dişlərimi düzəltdirmək qərarına gəlmişəm.

- 50 yaşını keçməyinizə baxmayaraq, maşallah, xeyli cavan görünürsünüz. Bəlkə bu sirri açasınız. Olmaya, sizi səhnə cavan saxlayır?

- Çətin sualdır. Ümumiyyətlə, mənə nə yaşımı, nə də mükafat verirlər, heç nə vermirlər. İqtisadi çətinliklər hamıda var. Əgər bir adam heç kəsə pislik etmək haqqında fikirləşmirsə, mənə elə gəlir ki, o özünü cavan saxlayır. "Səhər durub kiməsə pislik edim" - deyə heç vaxt beynimi yormamışam. Həmişə deyirəm ki, yaxşılıq etməyə vaxt çatmır, bunlar pislik eləməyə vaxtı hardan tapırlar? Mənə elə gəlir ki, insanın daxili nə qədər xıltsız olsa, nə qədər özündə mənfi hissləri boğub işıqlı hislərə doğru getsə, o adam cavan qalar, qaməti bükülməz, gözləri acıqlı olmaz. Əsas ruhdur, bədən köynək, paltar kimi bir şeydir.

- Bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, ətrafda pis niyyətli insanlar çoxdur.

- Pislik var ki, onun cavabını verməlisən. Verməsən, adam olmazsan. Ancaq kimsə zəifdirsə, dözə bilmirəm, mənəvi cəhətdən yıxılanda ona dəstək olmalısan, dəstək oluram da. Məsələn, televiziyada şir ceyranı tutanda baxa bilmirəm, ürəyim ağrayır. Deyirəm ki, bir gülləm olaydı, vuraydım, şir ceyrana çatmayaydı. Amma bu, təbiətin qanunudur.

- Görünür, çox ürəyiyumşaq adamsınız. Olubmu heç ürəyiyumşaqlığınız sizə ziyan gətirsin?

- Olub... Amma müəyyən vaxtdan sonra hər şey yerini alıb. Qarşı tərəf çox pis vəziyyətdə qalıb. Ümumiyyətlə, hər şeyi Allahın mühakiməsinə buraxmaq lazımdır. İnsan naşılığı, abdallığı üzündən pis işlər də görür. Sonra heç nəyi dəyişdirə bilməzsən. Deyirlər ki, Allahsızın, dinsizin öhdəsindən imansız gələr. Nə vaxtsa özündən betərinə rast gələcək.

- "Pisliyə yaxşılıqla cavab vermək" həddindən artıq humanistlikdir. Bu qədər mərhəmətə ehtiyac varmı?

- Var... Yaxşılığın özü də bir intiqamdır. Elə bir yaxşılıq edir ki, artıq o, el gözündə heçə dönür. Həm də yaxşılıq edənin ürəyi böyükdür. Bilir ki, qarşısındakı səhv yoldadır. Bir dəfə aeroport yarmarkasına getmişdim. Üzünü saqqal örtmüş bir nəfər maşınımın pəncərəsini döyəndə elə bildim ki, dilənçidir. Pul vermək istəyəndə, "Mənə pul lazım deyil. Telman müəllim, 5-6 il əvvəl sizin xətrinizə dəymişəm. Əgər yeri varsa, məni bağışlayın, belə yaşaya bilmərəm" - dedi. Nə qədər fikirləşdimsə, xatırlaya bilmədim. Dedim ki, belə daxildən deyirsənsə, mən səni bağışlayıram. "Mən rahatlandım" - deyib yoluna düzəldi.

- Bütün insanlar bir-birinə qarşı belə ədalətli olsa, sizcə dünyanın tarazlığı qayıdarmı?

- Dünyanın tarazlığı elə hərənin bir cür olmağındadır. Hamı eyni cür olsa, yenidən düzələn hissiyyatsız insanlar kimi manqurtlaşma gedər. Quran da, din də insanların ruhən təmizlənməsindən ötrüdür. Yəni insan bəd hissləri özündən qovsun, ürəyində Allah xofu olsun. Mən bu haqda çox danışa bilmərəm. Çünki namaz qılmıram. Ancaq bu yolu gedirəm. Allah-təala hər kəsin ürəyində olmalıdır. Dünyada əməldən böyük şey yoxdur. Dediyinlə elədiyin düz gəlməlidir, bu, böyük şeydir. İnsan kimi, kişi kimi yaşamalısan.

- Sizcə yaxşı insan kimdir?

- Həyatda bir nəfər hamı üçün yaxşı ola bilməz. Gözəl insan öz hisslərini idarə edən, ümumiyyətlə, pislik eləməyən adamdır. Pisliyi bağışlamayan, onun cavabını verən, ancaq yaxşılıq edən adam yaxşı ola bilər.

- Nəyi bağışlamaq olmur?

- Gözləmədiyin adam tərəfindən arxadan vurulan zərbəni bağışlamaq çətindir.

- Adətən qadınlar öz bəxtlərindən şikayətlənirlər. Kişilərin bu cür şikayətləri onların iradəsizliyi deyilmi?

- Bu, Allah yazısıdır. Həmçinin iradəsizlik də ola bilər. Amma oturub "nə vaxt mənim bəxtim açılar" gözləməklə də deyil. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Çalışmaq, bu seldə üzmək lazımdır.

  Biz yazıq olmuşuq

  - Deyə bilərsinizmi, uşaqlıq həvəsinizdən nə qalıb?

- Aktyorlar başdan-ayağa uşaqdır. Fikir verin, Yer kürəsinin 99,9 faizi ya aktyor, ya rəssam, ya rəqqas olmaq istəyir. Bu hissi çox vaxt içlərində gizlədirlər. Kişisənsə, get tənhalıqda musiqiyə, muğama qulaq asma, aktyora baxma. Ona görə oynamaq lazım deyil. Cəmiyyətdə elə oynayırlar, elə aktyorlar var ki, bizdən də betərdirlər. Biz yazıq olmuşuq. Hər şeyi kişi kimi dərk eləyib etiraf eləmək lazımdır.

- Həyatda çox optimist təsir bağışlayırsınız. Aktyorluğunuz burda köməyinizə gəlirmi?

- Yox, bu mənim öz daxili hissimdir.

- Çətinliyə düşəndə necə çıxırsınız? Mübarizə aparırsınız?

- Sözsüz... Möhkəm iradəliyəm. Əgər bir işi görməyə başladım və ya söz verdimsə, onun axırına qədər getməliyəm.

- Ürəyinizdən hərdən həsəd hissi keçirmi? Məsələn, aktyor yoldaşlarınız xarici markalı maşında, sizsə "Jiquli"də gəzirsiniz.

- Xeyr, bu mənə toxunmur. Hamı istəyir olsun, ancaq hərənin öz taleyi var. Bununla razılaşmaq lazımdır. Beynim zibil yeşiyi deyil ki, hər şeyi ora yığıb qarışdırım. Yəni auramın güclü olmasına çalışıram. Onu bilirəm ki, bu sənətsiz yaşaya bilmirəm. Hərdən fikirləşirəm ki, necə olur, adamların hamısı aktyor olmur. Bundan gözəl sənət varmı? Bu ki ömür boyu axtarışdır. Allah-təalanın bizə verdiyi ömür vaxtını doldurmaq və mənalı olması üçün yaradıcılıq olmayan yerdə necə yaşamaq olar? Sənət zirvəsiz bir şeydir. Bu yolun özü maraqlıdır.

- İndiyə qədər bütün rollarınız ürəyinizcə olub?

- Olmayanı da olub. Ürəyincə olmayanı oynamaq üçün aktyor özünü zorlayır, rolun maraqlı olması üçün mütləq müəyyən ştrixlər tapmağa çalışır. Səhnədə ki, maraq olmadı, elə orda olmasan yaxşıdır.

- Adətən ilk rol aktyorların yadından çıxmır.

- Mənsə xatırlaya bilmirəm. Ancaq o yadımdadır ki, kinostudiyanın axşam kursunda Cənnət Səlimovanın rəhbərliyi ilə "Romeo və Cülyetta"da Romeo və "Hacı Qara"da Səfər bəyi oynadım. Rol alınıb tamaşaçıların xoşuna gələndə, ondan böyük sevincim olmadı. Hiss elədim ki, nəyəsə qadirəm, yəni pasport aldım. Bir-birinin əksi olan rolları oynamağı xoşlayıram. Elə rollar var ki, bir-birinə oxşayır, amma mən başqalaşmağı xoşlayıram. Məndə şkala gah zilə qalxır, gah bəmə düşür.

- 30 il ərzində müxtəlif rollar oynamısınız. Obrazdan-obraza başqalaşma həyatınıza nə gətirib?

- Ümumiyyətlə, aktyorluq düşünmə qabiliyyətinin, dünyaya baxışın dəyişməsi deməkdir. Roldan-rola psixologiya dərinləşir. Mən həmişə bir ləhcədə danışan, hərəkətləri müəyyən çərçivədə olan adamlara qibtə eləmişəm. Amma biz həmişə səhnədə dəyişmişik. Səhnə yeganə yerdir ki, orada oynamaq lazımdır. Amma həyatdakı aktyorları görəndə mat qalıram.

- "Həyat bir səhnədir, insanlar da aktyor" fikrinə böyük Şekspir imza atıb. Elə isə niyə həyatda oynayan insanlarla rastlaşanda bu qədər təəccüblənmək lazımdır?

- Çünki səhnədəki oyundan zərər gəlməz. Oradan nəsə götürə bilərsiniz. Ancaq həyatdakının çox pis nəticəsi olar.

 

Kaspi.- 2006.- 30 sentyabr.- S. 22-23.