İradə

«Arzu edirəm ki, əvvəlki Azərbaycan mədəniyyətinin 50 faizini görmək mənə nəsib olsun»

 

Roza Cəlilova: «Adi tamaşaçı görür ki, mən 50 ilə yaxındır səhnədəyəm və mənim əməyimə qiymət verilmir, haqqımı ala bilmirə

 

Respublikanın əməkdar artisti, tanınmış rəqqasə Roza Cəlilova Azərbaycan mədəniyyətinin və incəsənətinin hazırkı durumu ilə bağlı qəzetimizə açıqlama verib. Roza xanım Azərbaycan mədəniyyətinin bu gününə nəzər salmazdan öncə, Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu vaxtlarda gündən-günə uçuruma yuvarlanan dövrünə toxundu. Roza Cəlilova bizimlə söhbətində bildirdi ki, onun sabiq nazir haqqında deyəcəyi sözü heç kəs «arxadan atılan daşa» bənzətməsin:

«Çünki mən həmişə onu açıq şəkildə tənqid etmişem. Mən və digər tanınmış  sənət adamları keçmiş mədəniyyət nazirləri Əhəd Bayramovdan, Məmməd Qurbanoğlundan, Rauf Hacıyevdən, Zakir Bayramovdan böyük hörmət və ehtiram görmüşük, bizə onlar həmişə yol açıblar. Harda « olub», biz orada «baş» olmuşuq. Amma Polad Bülbüloğlu nazir olandan sonra Rəşid Behbudovun ailəsinə, Arif Məlikova və başqa sənətkarlara ögey münasibət göstərdi. Arif Məlikovun «Məhəbbət əfsanəsi» baleti bütün dünyanı gəzdiyi və şöhrət qazandığı halda, opera teatrında qoyulmadı. Bizim görkəmli sənətkarlarımız Lütfiyar İmanova, Habil Əliyevə ehtiramla yanaşmadı. Fidan və Xuraman Qasımova bacılarını işdən çıxartdırdı. Halbuki, bu sənətkarların hamısı bizim fəxrimizdir. Bu sənətkarlar gələcək nəsil üçün böyük məktəbdir. Görəndə ki, bizdə belə sənətkarlara qiymət yoxdur, ata-analar öz uşaqlarını incəsənət sahəsinə getməyə qoyarmı? Dəfələrlə eşitmişəm ki, hansısa balaca qız rəqqasə olmaq istəyir, amma valideyni ona deyir ki, Roza Cəlilova olacaqsan? Adi tamaşaçı görür ki, 50 ilə yaxındır səhnədəyəm və mənim əməyimə qiymət verilmir, haqqımı ala bilmirəm. Təkcə mən yox, respublikanın əksər görkəmli mədəniyyət və incəsənət xadimləri həmişə Polad Bülbüloğludan narazı olub. Hər bir görkəmli sənətkar yaşa dolduqdan sonra daha da hörmətli olmalıdır. Siz bilirsiz, mən Polada nəyi irad tutdum? Mən hələ həyatımda hansısa bir mədəniyyət nazirinin səhnədə oynadığını görməmişəm. Onlar ağır, sanballı insanlar idilər. Toyda, şənlikdə oynamaq olar, yoxsa sən səhnəyə çıxıb oynayırsan. Sən nazirsən. O, mənim bu sözümdən incidi və mənimlə ədavət aparmağa başladı. Mənə məktub gəldi ki, guya nazirlikdən mənə mütəmadi yardım göstərilib. Mən də bunun ağ yalan olduğunu yuxarılara yazdım. Sən niyə öz köməkçini yalan yazmağa vadar edirsən? Mən onsuz da sənətdə öz yerimi tutmuşam, mənə Heydər Əliyev prezident təqaüdü verib. Mən indi haqqımı almamışam, onu Allah bilər. O, 20 il mədəniyyət naziri oldu, 60, 70 illik yubileyim keçirildi, mənimlə ədavət apardığına görə yubileyimə gəlmədi».

Roza Cəlilova Polad Bülbüloğlunun nazir olduğu dövrlə  Əbülfəs Qarayevin mədəniyyət ve turizm naziri təyin edildiyi qısa bir dövrü müqayisə edərək bildirdi ki, artıq Azərbaycan mədəniyyətinin taleyindən narahat deyil: «Ona görə narahat deyiləm ki, mədəniyyətə daxili mədəniyyəti olan nazir rəhbərlik edir. Düzdür, mən onunla görüşməmişəm. Amma eşidirəm ki, yaşlı nəslə qayğı göstərir, gənclərlə görüşlər keçirir, onlara meydan verir. Mədəniyyətimiz yavaş-yavaş dirçəlir, mədəniyyət sahəsində islahatlar başlanır. Mən ağa ağ, qaraya qara deyən adamam. Müşahidələrim nəticəsində görürəm ki, Əbülfəs Qarayev mədəniyyətə can yandırır. Fikir vermisinizmi, artıq ara oxuyub-oynayanları televiziyalardan uzaqlaşır. Arzu edirəm ki, heç olmasa əvvəlki Azərbaycan mədəniyyətinin 50 faizini bu gün görmək mənə nəsib olsun».

Roza xanım onu ağrıdan digər bir məsələyə-indiki rəqqasələrin ifasına da toxundu: «İndikilər oynaya bilmirlər ki, onlar atılıb-düşürlər. Rəqs insanın qəlbinin dərinliyindən gələn bir hissdir. Amma indi toylarda pulla oynayırlar. Mən heç toylara da getmirəm ki, onların hərəkətlərini görüm qanım qaralsın. Bu yaxınlarda mənim tələbəmin toyu oldu mən o toydan razı qaldım. Bir vaxtlar milli rəqslərimizə oynayırdılar. İndi milli rəqslərimiz arxa plana keçib. Xalq rəqsilə musiqi vəhdət təşkil edir, möhtəşəm bir poema yaradır. Bu rəqslər xalqın zövqünü oxşayır. O rəqqasələrə demək istəyirəm ki, sənəti pulla ölçməsinlər. Çünki incəsənət, rəqs satılan, alınan bir məfhumdur. İncəsənət incəsənətdir, rəqs gözəlliyə, zərifliyə, milliliyə xidmət edir».

 

Bakı xəbər.-2006.-8 sentyabr.- S.15.