Turanə

Karmenin 100 illik yubileyi Bakıda keçirildi

 

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında Rusiyanın tanınmış rejissoru, SSRİ xalq artisti Roman Karmenin 100 illik yubileyi mərasimi keçirildi. Xatırladaq ki, hələ avqust ayında keçirilməsi nəzərdə tutulan yubiley mərasimi müəyyən səbəblərə görə təxirə düşmüşdü.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək söylədi ki, R.Karmen adı bütün azərbaycanlılara tanışdır. Bu adın sahibi kinematoqrafiyada özünəməxsus iz qoyaraq böyük bir epoxaya səbəb oldu.

O, Azərbaycanın ən böyük sərvətlərindən biri olan neftdən elə bir film ekranlaşdırdı ki, böyük səs-küyə və marağa səbəb oldu. O, bizim zəngin sərvətimizdən nəinki Rusiyaya, həmçinin, o zaman sovetlər dövründə yaşayan digər ölkələrə də xəbər vermiş oldu. Bu gün R.Karmenin xatirəsi Rusiyada anıldığı kimi, burada da kinosevərlər tərəfindən eyni münasibətlə əziz tutulur. O, nəinki vətəninin hadisələrini, eləcə də hələ o zaman İspaniyada cərəyan edən hadisələri, həmçinin, keçmiş sovetlərin mübarizəsini ekranlaşdırıb gələcək nəsillərə çatdırdı.

Tədbirdə yubilyarın həyat yoldaşı, oğlu və fılmlərində operator kimi fəaliyyət göstərmiş Sergey Medinski, neftçilər də iştirak edirdilər. Xatırladaq ki, R.Karmen "Xəzər neftçiləri haqqında dastan" və "Dənizi fəth edənlər" adlı sənədli filmlərin rejissorudur. Onun neftçilərin həyatından bəhs etdiyi vətənimizdə ərsəyə gətirdiyi filmin ssenari möəllifi İmran Qasımov, bəstəkarı isə Qara Qarayevdir.

 

Yeni Azərbaycan.- 2006.- 26 sentyabr.- S. 8.