Azərbaycan Prezidenti İlham Əliyev Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarını qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Prezident sarayında Bakıda keçirilən Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Sizin hamınızı ölkəmizdə görməyimə çox şadam. Xoş gəlmisiniz! Azərbaycanda Rusiya İlinin keçirilməsi nadir hadisədir. Düşünürəm ki, rus kitabı festivalı keçiriləcək bütün tədbirlər çərçivəsində ən yaddaqalanı olacaqdır. Ona görə də ümidvaram ki, ölkəmizə səfər sizin üçün də çox xoş olacaqdır. Bir çoxunuz əvvəlki illərdə, son onillikdə Azərbaycanda artıq dəfələrlə olmusunuz, bir çoxunuzla məni şəxsi dostluq münasibətləri bağlayır. Ona görə də sizin hamınızı, o cümlədən ölkəmizə ilk dəfə gələnləri ürəkdən salamlayıram.
Bir tərəfdən, bu festival Bakı sakinlərinin rus ədəbiyyatının, rusdilli ədəbiyyatın nailiyyətləri ilə tanış olmasından ötrü gözəl imkandır, eyni zamanda, ümumən ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm hadisədir. Çünki iqtisadi, siyasi əlaqələrlə yanaşı, bizim bu istiqamətdə böyük uğurlarımız var, ikitərəfli münasibətlərdə humanitar əməkdaşlıq da əvəzsiz rol oynayır. İndi o da ön sıraya keçir ki, bu da çox sevindiricidir. Görünür, bu onunla bağlıdır ki, ölkələrimizdə, MDB ölkələrində dövlətçiliyin təşəkkülü prosesləri artıq bitmişdir, iqtisadi böhranlar da əsasən başa çatmışdır və indi daha dinamik inkişaf dövrü gəlib çatmışdır ki, burada da mənəvi dəyərlərə tələbat artır. Ona görə də bir daha demək istəyirəm ki, mən bu festivalı məhz həmin nöqteyi-nəzərdən qiymətləndirirəm. Festivalın çox böyük səmərəsi, böyük əhəmiyyəti var. Mövcud olan, genişləndirilməli olan əlaqələr ikitərəfli münasibətlərin möhkəmlənməsində, şübhəsiz, öz rolunu oynayır.
Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumən çox müsbətdir, biz bundan məmnunuq. Festivalın keçirilməsi buna daha bir sübut və bu əlaqələrin möhkəmlənməsi işində daha bir addımdır.
Siz yəqin bilirsiniz ki, Azərbaycanda rus dilinə böyük məhəbbətlə yanaşırlar. Rus dilinin ölkəmizdə saxlanması bizim üçün çox vacibdir. Əlbəttə, 15 il müstəqillikdən sonra bizdə rus dilindən Sovet İttifaqı dövründəki qədər istifadə edilmir və bunun da təbii səbəbləri var. Lakin gənc nəslin də rus dilini bilməsi çox vacibdir.
Yeri gəlmişkən, bu gün Azərbaycanda əlamətdar gündür - sentyabrın 15-i dərs ilinin başlanğıcı günüdür. Mən səhər tezdən bir neçə məktəbə getdim, onlardan birinin təmirdən sonra açılışında iştirak etdim. Bu məktəbdə iki bölmə - Azərbaycan və rus bölmələri var. Azərbaycanda tədrisin rus dilində aparıldığı belə məktəblər 300-dən çoxdur. Bu baxımdan biz fəxr edə bilərik ki, SSRİ dağıldıqdan sonra rusdilli məktəblərin sayı azalmadı, harada tədris rus dilində aparılırdısa, eləcə də saxlanmışdır. O cümlədən dövlət ali məktəblərində, orada da təhsilin rus dilində aparıldığı şöbələr var. Məsələn, Slavyan Universiteti. Başqa sözlə, bu, dövlət siyasətidir, çünki Azərbaycan çoxmillətli dövlətdir və hər bir millət təkcə Konstitusiyaya görə deyil, real həyatda da bərabər hüquqlara malikdir. Ona görə də ölkəmizdə yaşayan xalqlar arasında sülh inkişafımızın və dövlətçiliyi möhkəmlətməyin mühüm amillərindən biridir. Ona görə də çoxmillətli dövlət kimi biz, təbii ki, ölkədə yaşayan xalqların milli mədəniyyətlərinin inkişaf etdirilməsi, tam ahəngdarlıq şəraiti yaradılması məsələləri ilə çox ciddi məşğul olmalıyıq. Bundan ötrü çox yaxşı zəmin var. Azərbaycan tolerantlığı, dözümlülüyü, milli həmrəyliyi ilə həmişə fərqlənmişdir və indi də fərqlənir. Əlbəttə ki, bu festival kimi tədbirlər belə meyilləri gücləndirir. Gərək bizim aramızdakı əlaqələr qırılmasın, onlar daimi xarakter daşısın. Məsələn, ötən il və cari il əlaqələrin yeni formatı üçün imkanlar yaratmışdır: keçən il Rusiyada Azərbaycan İli idi, bu il Azərbaycanda Rusiya İlidir. Bu iki il bizi daha da yaxınlaşdırdı. Gərək bu illər başa çatdıqdan sonra əlaqələr kəsilməsin, meyil davam etsin. Bu, ilk növbədə, bizdən, ölkələrin rəhbərlərindən və təbii ki, ictimai və siyasi proseslərə təsir göstərən, ictimai rəyi formalaşdıran adamlardan asılıdır. Rusiyada da, Azərbaycanda da ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri sayılıb-seçilən, hörmət bəslənən insanlardır. İctimai şüurun, ictimai rəyin, ölkənin inkişaf yollarının formalaşmasında onların rolu böyükdür. Tanınmış yazıçının, şairin, mədəniyyət xadiminin dediyi sözün ictimaiyyət üçün böyük dəyəri var. Ona görə də gələcəkdə münasibətlərimizin necə inkişaf edəcəyi həm də xeyli dərəcədə ölkələrimizin nümayəndələri arasında bu sahədə əməkdaşlığından asılı olacaqdır.
Biz çox istəyirik ki, münasibətlərimiz indiki kimi dinamik inkişaf etsin. Bundan ötrü bütün əsaslar var, qarşılıqlı istək var və deyə bilərəm ki, biz hesab edirik, ümumiyyətlə, Rusiya ilə Azərbaycanın münasibətləri qonşular arasında münasibətlərə nümunədir. Qonşuları seçmirlər, amma təəssüf ki, bəzən qonşular arasında mübahisələr, hansısa anlaşılmazlıqlar, daha ciddi problemlər meydana çıxır. Lakin bizim münasibətlərimizdə belə şeylər yoxdur. Ona görə də əlaqələrimizi möhkəmlətmək lazımdır. Ümidvaram ki, biz birgə səylərimizlə daha da irəliləyəcəyik.
Sizi bir daha salamlamaq istərdim, sizinlə şəxsən görüşməyimə çox şadam, şadam ki, şəhərimizin sakinlərinin də sizinlə görüşmək imkanı olacaqdır. Bilirəm ki, bu axşam filarmoniyada görüş keçiriləcəkdir. Arzu edirəm ki, ölkəmizdə olduğunuz günlər xatirinizdə qalsın və xoş keçsin. Sağ olun.
İTAR-TASS İnformasiya Agentliyinin baş direktoru Vitali İQNATENKO görüşdə çıxış edərək dedi:
- İlham Heydəroviç, Sizinlə söhbət etmək, görüşmək imkanına görə sağ olun. Demək istəyirəm ki, bu salon Rusiya Federasiyasının ziyalılarını birinci dəfə qəbul etmir. Unudulmaz Heydər Əliyeviç məhz bu salonda bizi bir neçə dəfə qəbul etmişdi. Biz bunların hamısını xatırlayırıq. Diqqətəlayiq haldır ki, biz bütün bunları unutmuruq.
Budur, indi bizi Siz qəbul edirsiniz.
Bu gün başlanan festivalın təşkilində Rusiya XİN xüsusi rol oynayır. Sizə və festivalın təşkilinə kömək edənlərin hamısına dərin təşəkkürümüzü bildiririk. Bu günlər ərzində biz "dəyirmi masalar" keçirəcək, Bakı Slavyan Universitetində olacağıq. Biz çox şadıq ki, rus kitabı festivalının tarixi məhz burada başlayır.
Sonra "Drujba narodov" jurnalının baş redaktoru Aleksandr EBANOİDZE çıxış edərək dedi:
- Mən "Drujba narodov" jurnalına başçılıq edirəm. O, ünsiyyət və mədəni əlaqələr vasitəsidir, əvvəldən belə düşünülmüşdür və belə də fəaliyyət göstərməkdədir. Sizə deməyə şadam ki, ilk dəfə olaraq bu il biz Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılış nəşr etməyi qərara aldıq. Son 15 ildə Moskva nəşrlərində Azərbaycan yazıçılarının əsərləri çap edilməmişdi. Xüsusi buraxılış jurnalın üçüncü nömrəsidir, onun birinci səhifəsində Mehriban xanım Əliyevanın məktubu dərc olunmuşdur. Biz buna görə ona minnətdarıq. Xüsusi buraxılış maraqlı alındı. Bu yaz nömrəsindən sonra Azərbaycan müəlliflərinin daha iki əsəri çap olundu. İtirilmiş ədəbi əlaqələr beləcə bərpa edilir.
Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri Mixail SESLAVİNSKİ rus kitabı festivalının təşkilinin miqyasını və səviyyəsini yüksək qiymətləndirdi. O dedi: "Festivalın açılışının idman kompleksində olmasına yaxşı mənada qibtə etdik. Xatırladaq ki, əvvəllər şair və yazıçıları böyük stadionlar qəbul edərdi. Burada olanların bir çoxu 1970-ci illərdə Heydər Əliyevin təşkil etdiyi sovet ədəbiyyatı festivallarına gəlmişdi. Biz burada, festivalda xoş təbəssümlər, səmimi maraq və diqqət gördük. Bu, təkcə salonda deyil, şəhərdə, küçələrdə də baş verirdi. Adamlar müasir kitablarla, 1970-ci illərin kitabları ilə yazıçılara yaxınlaşır, avtoqraf xahiş edirdilər. Bütün bunlar insan qəlbinə hərarət verir.
Dünya şöhrətli yazıçı, Qırğızıstanın Lüksemburqdakı səfiri Çingiz AYTMATOV Azərbaycan dövləti başçısının elm və mədəniyyətə yetirdiyi diqqəti yüksək qiymətləndirdi, Bakıda rus kitabı festivalının keçirilməsini buna sübutlardan biri kimi vurğuladı. O dedi: "Bizə çox xoşdur ki, Azərbaycan Prezidenti bizim üçün aktual olan məsələləri bizimlə bilavasitə müzakirə edir. Özü də iqtisadi, sosial problemlərlə, siyasətlə birlikdə".
Görkəmli yazıçı, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi Oljas SÜLEYMENOV vurğuladı ki, yaradıcılıq təşkilatı kimi qorunub saxlanmasında məşhur siyasi xadim Heydər Əliyevin böyük rol oynadığı Azərbaycan Yazıçılar Birliyinin qorunub saxlanması faktının özü yüksək qiymətə layiqdir. Bu siyasəti Prezident İlham Əliyev də uğurla davam etdirir. O dedi: "Rus kitabına belə əhəmiyyət verilməsini ancaq alqışlamaq lazımdır".
Şair Dmitri Bıkov Rusiyanın gənc yazıçıları adından çıxış edərək azərbaycanlı müəlliflərlə yaradıcılıq əlaqələrindən danışdı.
Mixail Seslavinski Birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları adından "Bolşaya rossiyskaya ensiklopediya"nın sanballı nəşrinin indiyədək çapdan çıxmış cildlərini, habelə sonrakı cildlərin alınması üçün sertifikatları Azərbaycan dövlətinin başçısına təqdim etdi. O, həmçinin bildirdi ki, nəşrin ilk cildlərində Azərbaycan, Prezident Heydər Əliyev, Bakı haqqında geniş məqalələr dərc olunmuşdur.
Görüşdən sonra Prezident İlham Əliyev və qonaqlar Prezident sarayı qarşısında xatirə şəkli çəkdirdilər.

 

Xalq qəzeti.-2006.-16 sentyabr.- S.4.