Bakıda Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarına

 

Hörmətli festival iştirakçıları!
Sizi Azərbaycan torpağında ürəkdən salamlayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, festivalınız rus ədəbiyyatının bütün pərəstişkarları üçün əsl bayrama çevriləcəkdir. Rus mətbuatının ümumdünya konqresinin və İTAR-TASS-ın yubileyinin ardınca Bakıda belə bir festivalın keçirilməsini biz səmərəli əməkdaşlığımızın parlaq göstəricisi hesab edirik.
Böyük rus ədəbiyyatı dünya mədəni irsində xüsusi yer tutur. Azərbaycanlılar istər rus klassikası ilə tanışlığın, istərsə də müxtəlif illərdə ölkəmizə gəlmiş müasir Rusiya yazıçı və şairləri ilə görüşlərin gözəl anlarını hafizələrində yaşadırlar.
Azərbaycan nadir ölkədir ki, burada son üç il ərzində rus klassiklərinin əsərləri ümumilikdə milyon nüsxədən artıq tirajla təkrar nəşr edilmişdir. Puşkin və Lermontovun, Qoqol və Dostoyevskinin, Turgenev və Tolstoyun bir çox illər bundan əvvəl tərcümə olunmuş əsərləri latın qrafikasında ilk dəfə çap edilərək, müasir oxucuya təqdim olunmuşdur. Bu, istər ölkənin rusdilli məktəbləri, istərsə də bütün ali məktəblərində rus dilində təhsili qoruyub saxlaya bilmiş Azərbaycanın təhsil məkanında rus klassik ədəbiyyatına verilən yüksək qiyməti əyani şəkildə təzahür etdirir.
Ümidvaram ki, festival bütün iştirakçıların qəlbində silinməz iz buraxacaq, Azərbaycan və Rusiya arasında yeni humanitar təşəbbüslərdə öz layiqli davamını tapacaqdır.
Sizin hamınıza cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2006-cı il