Abdullayev M.
Kitab mədəniyyətləri yaxınlaşdıran
təsirli vasitədir
Bakıda keçirilən Birinci
beynəlxalq rus kitabı festivalı bu həqiqəti bir daha
təsdiqlədi
Bu günlərdə Azərbaycanın ictimai-siyasi,
mədəni həyatında çox əlamətdar bir
hadisə baş verdi. Sentyabrın
15—16-da beynəlmiləlçilik
ənənələri ilə tanınan Bakı
şəhərində keçirilmiş Birinci beynəxalq rus
kitabı festivalı Azərbaycan—Rusiya mədəni
əlaqələrinin yeni, parlaq bir səhifəsi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirin
əhəmiyyətini yüksək qiymətləndirdi: “Bir tərəfdən bu festival Bakı
sakinlərinin rus ədəbiyyatının, rusdilli
ədəbiyyatın nailiyyətləri ilə tanış
olmasından ötrü gözəl imkandır, eyni zamanda,
ümumən ölkələrimiz arasında ikitərəfli
münasibətlərin inkişafı üçün
çox mühüm hadisədir. Çünki iqtisadi, siyasi
əlaqələrlə yanaşı, — bizim bu
istiqamətdə böyük uğurlarımız var, —
ikitərəfli münasibətlərdə humanitar
əməkdaşlıq da əvəzsiz rol oynayır” .
Festival bu ilin fevralında prezidentlər İlham Əliyev
və Vladimir Putinin iştirakı ilə Bakıda Heydər
Əliyev adına Sarayda açılmış Azərbaycanda
Rusiya ili çərçivəsində keçirildi.
Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz
arasında qonşuluq münasibətlərinin inkişafına
necə böyük önəm verdikləri festivalın
təntənəli açılışında da
özünü büruzə verdi. Dövlət
başçıları bu əlamətdar hadisə ilə
bağlı öz təbriklərini göndərdilər,
festivalı böyük bayram kimi
dəyərləndirdilər.
Tədbirdə Rusiya ilə bərabər daha 13
ölkənin görkəmli şair və
yazıçılarının, tanınmış
mədəniyyət və incəsənət xadimlərinin,
yaradıcılıq təşkilatlarının və 110 nəşriyyatın
nümayəndələrinin iştirak etmələri Birinci
beynəlxalq rus kitabı festivalına marağın,
həqiqətən, böyük olmasına dəlalət
edirdi. Festivalın nüfuzunu və onun yüksək
səviyyədə təşkil olunmasını tədbir
iştirakçıları Azərbaycan Prezidenti İlham
Əliyevlə görüş zamanı dərin
minnətdarlıq hissi ilə qeyd etdilər.
Bu səmimi görüşdə
dövlətimizin başçısı belə bir fikri
xüsusi vurğuladı ki, Azərbaycanda və digər MDB
ölkələrində dövlətçiliyin
təşəkkülü prosesi artıq bitmişdir, iqtisadi
böhranlar da əsasən başa çatmışdır
və indi daha dinamik inkişaf dövrü gəlib
çatmışdır ki, burada mənəvi
dəyərlərə tələbat artır.
Azərbaycan Prezidenti bunları nəzərdə tutaraq
bildirdi: “Rusiya ilə Azərbaycan arasında
münasibətlər ümumən çox müsbətdir,
biz bundan məmnunuq. Festivalın keçirilməsi buna daha bir
sübut və bu əlaqələrin
möhkəmləndirilməsi işində daha bir
addımdır”.
Xatırladaq ki, keçən il Rusiyada Azərbaycan ili
olmuşdu. Bu il isə Azərbaycanda Rusiya ilidir. Bütün sahələrdə
olduğu kimi, mədəni ənənələrin
də ardıcıl davam
etdirilməsi üçün
həm Azərbaycanda,
həm də Rusiyada ən yüksək səviyyədə
siyasi iradə nümayiş etdirilir.
İki qonşu ölkə
arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə
yüksəlməsində
xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Bu prosesin uğurla davam etdirilməsi ictimai-siyasi proseslərə
təsir göstərən
ədəbiyyat, incəsənət,
mədəniyyət xadimlərindən
də çox
asılıdır.
Dövlət
başçımızın qeyd etdiyi kimi, Rusiya
ilə Azərbaycan
arasında əlaqələr qonşular arasındakı münasibətlərə
nümunədir. Azərbaycan
postsovet məkanında yeganə
dövlətdir ki, müstəqillik əldə
olunandan sonra burada heç bir rusdilli məktəb bağlanmadı, hamısı fəaliyyətini
davam etdirir.
Azərbaycanlılar dünya
sivilizasiyasının bir hissəsi
olan rus mədəniyyətinə
həmişə məhəbbət
və hörmətlə
yanaşıblar. Ölkənin
paytaxtında rus mədəniyyət
ocaqları, ayrıca Bakı Slavyan Universiteti fəaliyyət göstərir.
Azərbaycan tolerantlığı, bəşəri həmrəyliyi
ilə həmişə
fərqlənmişdir. Birinci
beynəlxalq rus kitabı festivalı kimi tədbirlər belə mövqeyi daha da gücləndirir. Bu
fikirlə festivalın
təşkilatçılarından biri olan Rusiyanın Mətbuat və Kommunikasiyalar Agentliyinin rəhbəri Mixail Seslavinski də tam həmrəy
olduğunu bildirdi. O, Azərbaycan Prezidentinin qəbulunda olarkən festivalın təşkilinin
miqyasını və səviyyəsini
yüksək qiymətləndirərək
dedi: “Burada
olanların bir çoxu
1970-ci illərdə Heydər
Əliyevin təşkil
etdiyi sovet
ədəbiyyatı festivallarına gəlmişdi.
Biz burada, festivalda xoş təbəssümlər, səmimi
maraq və diqqət gördük. Bu,
təkcə salonda deyil, şəhərdə,
küçələrdə də baş verirdi. Adamlar müasir kitablarla, 1970-ci illərin
kitabları ilə yazıçılara
yanaşır, avtoqraf xahiş
edirdilər. Bütün
bunlar insan qəlbinə hərarət
verir”.
Doğrudan da beynəlxalq
rus kitabı festivalının proqramı çox
zəngin və
maraqlı oldu. Tədbir
iştirakçıları sentyabrın 15-də, festivalın
açılıışı günü
Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər,
məzarı önünə əklil qoydular. Qonaqlar tanınmış alim, akademik
Zərifə xanım Əliyevanın da
məzarı üstünə gül-çiçək düzdülər.
Tədbir iştirakçıları sonra
Şəhidlər Xiyabanında oldular, Azərbaycanın azadlığı
uğrunda canlarından keçmiş
qəhrəman oğullarımızın xatirəsini ehtiramla
andılar.
Birinci beynəlxalq rus
kitabı festivalı iştirakçılarının böyük bir qrupu sentyabrın 15-də Heydər
Əliyev Fondunda oldu. Onlar ulu
öndərin zəngin
və şərəfli
ömür yolu ilə dərin maraqla tanış oldular. Fondun gördüyü işlər, reallaşan layihələr, xüsusən
də “Yeniləşən
Azərbaycana yeni məktəb” Proqramının uğurları barədə məlumat alan qonaqlar çox
məmnun qaldılar. Azərbaycanın
yaxın dostu Oljas Süleymenov dedi:
“İnanıram ki, təhsilə
belə diqqət Azərbaycanda yeni oxucu nəsli yetişdirməyə imkan
verəcəkdir”. Kitabsevərlər
Heydər Əliyev Fondunun prezidentinin bu qurumun ölkədə tezliklə oxucular üçün münasib
qiymətlərə kitab
mağazalarının geniş bir şəbəkəsini
yaratmaq planını da rəğbətlə qarşıladılar.
Tədbir çərçivəsində
keçirilən maraqlı görüşlərdən biri
də Azərbaycan
Yazıçılar Birliyində “Şərq və Qərb şairləri – Puşkin və Nizami ənənələri” mövzusunda
dəyirmi masa oldu. Keçmiş sovet respublikalarında
yazıçıların yaradıcılıq
ittifaqlarının bağlanmasını
xatırladan birliyin sədri,
xalq yazıçısı Anar Azərbaycanda bu qurumun ulu öndər Heydər Əliyevin səyləri nəticəsində
qorunub saxlanmasından, hətta
mövqeyini möhkəmləndirməsindən
danışdı. Bu görüşdə
yaradıcılıq tendensiyaları, mədəni
əlaqələrin genişləndirilməsinin
əhəmiyyəti bir
daha vurğulandı, konkret təkliflər səsləndi.
Slavyan Universiteti ilə tanışlıq zamanı festival
iştirakçıları həm Azərbaycanda, həm də bu təhsil ocağında rus dili və mədəniyyətinə
yüksək münasibətə
heyran olduqlarını gizlətmədilər.
Dünyanın müxtəlif ölkələrindən – Finlandiya,
Nikaraqua, İsrail, Estoniya
və başqa ölkələrdən olan,
rus dilində yazıb-yaradan qonaqlar Azərbaycanla bağlı düşüncələrindən
və yeni əsərlərindən söz
açdılar. Dünya
ədəbiyyatının canlı korifeyi
Çingiz Aytmatovun qloballaşan dünyada fərd və cəmiyyət arasındakı mənəvi-psixolji
məqamlar barədə
mülahizələrini tələbələr ,
yəqin ki, bütün həyatları boyu
unutmaycaqlar. Böyük
yazıçı onun
yaradıcılığını daim diqqətlə
izləyən tələbə
gənclərlə ünsiyyətdən
riqqətə gəlmişdi.
Dünya şöhrətli
yazıçının gənclərə
tövsiyəsi də
çox ibrətamiz səsləndi. O dedi ki, kitab mədəniyyəti
hər xalqın ümumi
mədəniyyətinin ən
ülvi, həqiqi və ayrılmaz hissəsidir.
İndi sürətlə dəyişən
və yeniləşən
dünyada, müasir texnologiyalar arasında yaxşı kitabın ali mövqeyini qoruyub saxlamaq
lazımdır. Böyük
yazıçının fikrincə, kitablar kəhkəşandakı ulduzlar qədər çox olsa da,
yaxşı kitaba maraq
daim yaşayacaq. Buna görə
də kitabı şəxsi
sənəd kimi qorumaq lazımdır.
Birinci beynəlxalq rus
kitabı festivalı uğurla başa
çatdı. Tədbir
iştirakçıları, özlərinin
etiraf etdikləri kimi, Azərbaycandan ən xoş xatirələrlə ayrıldılar. Böyük əminlik hissi ilə demək olar ki, Azərbaycanda Rusiya ili çərçivəsində
təşkil olunan bu yaddaqalan tədbir iki qonşu xalq arasında mədəni
əlaqələrin möhkəmləndirilməsi
istiqamətində daha
bir faydalı addım oldu.
Xalq qəzeti.- 2006.- 20 sentyabr.-
S. 7.