Azərbaycanda Atatürk Mərkəzində
"dəyirmi masa"
Birinci Beynəlxalq Rus Kitabı festivalının iştirakçıları sentyabrın 16-da Bakı Atatürk Mərkəzində "Rus və Azərbaycan ədəbiyyatlarında zamanların əlaqəsi" mövzusunda "dəyirmi masa" keçirmişlər.
Mərkəzin müdiri,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov tədbiri açaraq demişdir: "Biz hamımız
yaxşı bilirik ki, türk xalqlarının
tarixi slavyan xalqlarının, ilk növbədə
rus xalqının tarixi ilə sıx bağlıdır.
Buna görə də biz türkoloqlar üçün çox lazımlı olan rus kitabı barədə danışacağıq".
Yazıçı, türkoloq Tofiq Məlikov isə görüşün formatını bir qədər dəyişməyi və mövzudan uzaqlaşmayaraq, onun elmi-nəzəri aspektindən daha çox təcrübi tərəfinə diqqət yetirməyi təklif etmişdir.
Onun fikrincə, bu, Rus Kitabı festivalının səmərəsini, faydalılığını və belə genişmiqyaslı tədbirlərin vacibliyini müəyyən etməyə imkan verəcəkdir. T.Məlikov vurğulamışdır ki, hər iki tərəfin görüşlərə, faydalı söhbətlərə ehtiyac duyduğu hiss olunur.
Digər cəhət Azərbaycanda rusdilli müəlliflərin əsərlərinin nəşri və yayılması ilə bağlıdır. Məlum olmuşdur ki, bir çox
oxucular, ictimai təşkilatlar və ali məktəblər
başqa ölkələrdən,
o cümlədən Rusiyadan
ciddi ədəbiyyat almır. Heydər
Əliyev Fondunda görüş zamanı onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyeva da bu barədə danışaraq Bakıda rus yazıçılarının və digər ölkə ədiblərinin əsərləri satılan mağazalar şəbəkəsinin açılması ideyasını dəstəkləmişdir.
"Dəyirmi masa"da çıxış edənlər iki və daha çox ədəbiyyatın əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı fikirlərini söyləmişlər.
"Dəyirmi masa"da Rusiya, Finlandiya (Lyudmila Kol), İspaniya (Vladimir Kokorev), Yunanıstan (Oleq Sipenko), İsrail (David Markiş), Özbəkistan (Nikolay İlyin) və Litvadan (Yuri Kobrin) gəlmiş yazıçılar
iştirak etmişlər.