I beynəlxalq rus kitabı festivalında
Dünən Bakıda I
beynəlxalq rus kitabı festivalı öz işinə
başladı. Tədbir iştirakçıları
ümummilli lider Heydər Əliyevin məzarını və
Şəhidlər Xiyabanını ziyarət etdilər. Milli
parkdakı idman sarayında festivalın təntənəli
açılışı oldu. Əməkdaşımız
Müzahim İsmayılzadə tədbir
iştirakçılarından bir neçəsi ilə
görüşmüş, onların ürək
sözlərini qələmə almışdır.
Vladimir Sunqorkin, Rusiya,
"Komsomolskaya pravda" qəzetinin baş redaktoru:
- Bu mənim Bakıya ikinci səfərimdir.
Açığını deyim ki, ilk səfərimdən
keçən müddət
ərzində şəhər
tam dəyişib, mən
deyərdim ki, tanınmaz olub. Mən Bakını dünyanın
ən gözəl şəhərlərindən biri
kimi tanıyıram.
Burada çoxlu sayda ruslar yaşayır. Onu da qeyd edim
ki, elə Moskvada və Moskva vilayətində yaşayan azərbaycanlıların
sayı 2 milyona çatıb. Bunun özü
Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin
bariz nümunəsidir.
Bizim qəzet əvvəllər
çox tirajla çap olunurdu və bilirəm ki, qəzetimizin Azərbaycanda çoxlu sayda oxucuları vardı. İndi vəziyyət tam şəkildə
dəyişib, oxucuların
görüşünə az
tirajla gəlirik. Bu festivalda planlarımız
ondan ibarətdir ki, nəşriyyat rəhbərləri ilə
danışıqlar aparaq,
tirajımızın sayını
artıraq. Əminəm ki, bu istəyimizə
nail olacağıq. Fikrət
Qoca, xalq şairi:
- Tale elə gətirib ki, mən Moskvada
Ədəbiyyat İnstitutunda
oxumuşam, tələbəlik
illərim bu şəhərdə keçib,
Rusiya qəzet və jurnallarında şeirlərim, nəşriyyatlarında
əsərlərim çap
olunub. Bir kitabın araya-ərsəyə
gəlməsi böyük
bayramdır, o ki qaldı böyük bir xalqın ədəbiyyatının ölkəmizdə
təmsil olunması ola. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən,
Azərbaycana təkcə
kitab gəlmir, o kitabları yazan canlı insanlar gəlir. Onlar öz duyumları
ilə Azərbaycan haqqında nə qədər xatirələr
aparacaqlar - bugünkü
Azərbaycan haqqında,
müstəqil, inkişaf
edən bir ölkə haqqında reallıqları aparacaqlar.
Bu, bəlkə də festivaldan daha vacibdi, çünki
gələn şairlər,
yazıçılar gördüklərini
düzgün qələmə
alacaqlar. Bir var
biz özümüz haqqında
danışaq, bir də var ki,
bizim haqqımızda başqaları müsbət
fikirlər söyləsinlər.
Tədbirin əhəmiyyəti nədən
ibarətdir? Bilirsiniz ki, Moskvada, digər ölkələrdə
yaşayan qələm
sahibləri Bakıya gəlməkdə çətinlik
çəkirlər - həm
maddi, həm də vaxt baxımından.
Onların bu tədbirə
dəvəti və iştirakları bizimçün
qiymətlidir, əgər
qonaqların yarısının
yarısı bizim haqqımızda fikir yaradırsa, bu, böyük bir işdir. Həm də müstəqil olmaq o deməkdir ki, sənin daha çox tərəfdaşın var,
bu gün Rusiya ilə, sabah İranla,
Türkiyə ilə əlaqələr yaratmalısan.
Bu gün
rus kitab festivalı Azərbaycana gəlibsə, deməli, Rusiya həqiqətləri
Azərbaycana gəlib
və onunla tanışlıq bizim üçün xoş əhval-ruhiyyə yaradacaq.
Lyudmila Kol, Finlandiya, yazıçı:
- Mənim heç ağlıma da gəlməzdi ki, nə vaxtsa
Azərbaycana, gözəl
Bakı şəhərinə
gələ bilim. Bu xoşbəxtlik mənə nəsib oldu. Moskvadan mənə zəng
edib dedilər ki, Bakıda rus kitabı festivalı keçiriləcək.
Böyük məmnuniyyətlə bu tədbirdə iştirak etməyə razılıq verdim.
Tanışlıq üçün deyim ki, mən Rusiyada
anadan olmuşam, Moskva Dövlət Universitetinin filologiya fakültəsində dərs
demişəm. Həyat yoldaşımın işi ilə əlaqədar Finlandiyada yaşayırıq. Bakıya yeni
kitablarımla gəlmişəm.
Onları Yazıçılar Birliyinə təqdim edəcəyəm. Əməkdaşı olduğum "Siterarus"
jurnalının bir neçə sayını
da özümlə gətirmişəm. Qeyd edim
ki, sizin həmyerliniz Tahirə Cəfərova da bu jurnalda çalışır.
Çoxlu sayda görüşlərimiz
olacaq və mən Bakıdan ən gözəl anılarla ayrılacağam.
Mirkazım Seyidov, Rusiya, Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin
üzvü, Heydər
Əliyev adına
Beynəlxalq Azərbaycan
Forumunun prezidenti:
- Azərbaycanda
ilk dəfə olaraq keçirilən rus kitabı festivalının
açılışı ümummilli liderimiz Heydər Əliyev siyasətinin yaşaması,
bu kursun davam etdirilməsi deməkdir. Bu, həm
də Azərbaycanın
bu gün apardığı sülhsevər
xarici siyasətinin uğuru kimi qiymətləndirilməli, Azərbaycanın
dünya dövlətlərinə
inteqrasiyası, mədəni
əlaqələrinin daha
da gücləndirilməsi
kimi başa düşülməlidir. Əminəm
ki, bu beynəlxalq
tədbir Rusiyada da geniş əks-səda
doğuracaq.
Festival Azərbaycanın
mədəni həyatını
bütün dünyada
tanıdacaq, çünki
tanınmış ədəbiyyat
xadimlərinin ölkəmizə
səfəri nəticəsiz
qalmayacaq, ölkəmiz,
onun gözəlliyi, qonaqpərvərliyi qonaqlarımızın
diqqətindən yayınmayacaq.
Mən bu tədbirə əliboş
gəlməmişəm, millət
vəkili, YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya həsr etdiyim "Həqiqətin gözəlliyi"
poemanı rus və Azərbaycan dillərində Novosibirsk şəhərində
çapdan çıxıb.
Əsər Mehriban xanımın
fəaliyyətinə həsr
edilib.
Respublika.- 2006.- 16 sentyabr.- S. 7.