Birinci Beynəlxalq Rus kitabı festivalının
iştirakçıları Bakıya gəlmişlər
Sentyabrın 14-də Heydər
Əliyev adına Beynəlxalq Hava Limanı Birinci Rus kitabı
festivalının iştirakçılarını — mədəniyyət
və incəsənət xadimlərini, tənqidçiləri,
bibliofilləri və yazıçıları, cəmi 130
adamı gətirən təyyarəni qəbul etmişdir.
Proqramın zənginliyinə baxmayaraq, festival Azərbaycan
paytaxtında cəmi iki gün keçiriləcəkdir. Bu iki
gündə Milli Parkda “Festival şəhərciyi” fəaliyyət
göstərəcək və buraya gələnlər kitab nəşri
sahəsində yeniliklərlə tanış ola biləcəklər.
Yazıçıların iştirakı ilə “Dəyirmi
masa” da keçiriləcəkdir. Qonaqlar Quba, Xaçmaz,
Şamaxı rayonlarına gedəcəklər. Bakı
filarmoniyasında poeziya gecəsi olacaqdır.
Nümayəndə heyəti ilə birlikdə Bakıya gələn
dünya şöhrətli ədiblər Çingiz Aytmatov və
Oljas Süleymenov əmin olduqlarını bildirmişlər
ki, festival yüksək səviyyədə keçəcək
və həm iştirakçıların, həm də
bakılıların xatirəsindən silinməyəcəkdir.
Çingiz Aytmatov demişdir: “Neçə illərdir
Bakıya gələ bilmirdim. Budur, indi fürsət
düşdü və oğlumla birlikdə gəlmişəm.
Keçmiş sovet, indi isə türkdilli mədəniyyətimizin
başlıca ocaqlarından birini oğluma göstərmək
istəyirəm. Bu baxımdan rus kitabı festivalı
xüsusi əhəmiyyət daşıyır. Mən qəti
əminəm ki, tarixin bizə bəxş etdiyi yaxşı nə
varsa, onların hamısını qoruyub saxlamalıyıq”.
Yazıçı öz oxucularını yeni əsərləri
ilə sevindirib-sevindirməyəcəyi barədə suala
cavabında bildirmişdir ki, “Drujba narodov” jurnalının
baş redaktoru onunla birlikdə Bakıya gəlib və onun
“Dağlar dağılanda” adlı yeni romanının nəşr
edildiyi jurnalın bir neçə nüsxəsini özü
ilə gətiribdir. Lakin yazıçı ona yaxın
adamların bu əsərlə artıq tanış
olduqlarını eşitdikdə, çox böyük məmnunluq
duyduğunu söyləmişdir. Xatırladaq ki, “Festival şəhərciyi”
Milli Parkda sentyabrın 15-də fəaliyyətə
başlayacaqdır.