Əliyeva İ., Hilaloğlu R.

 

Böyük Kitab bayramı

 

Dünən I beynəlxalq rus kitabı festivalı öz işinə başlamışdır. İkitərəfli humanitar əməkdaşlığın uğurlu inkişafının bariz təcəssümü olan bu mötəbər tədbirdə hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, tənqidçilər, publisistlər, naşirlər, bibliofillər və dövlət xadimləri iştirak etmişlər. İlkin müşahidələr deməyə əsas verir ki, festival qısamüddətli olmasına baxmayaraq, bir sıra əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu fikri festival iştirakçıları da əminliklə söylədilər.
Lyudmila QLUŞKOVSKAYA, Estoniyada rus dilində çıxan ədəbi "Vıjqorod" jurnalının redaktoru:
- Jurnalımız 1993-cü ildən müstəqil Estoniyada işıq üzü görməyə başlayıb. İndiyədək bir çox eston və digər Avropa ölkələrindən olan müəlliflərin əsərlərini rus dilinə tərcümə etmişik.
Onu da qeyd edim ki, məşhur tərcüməçi Boris Kryaçko 1973-cü ildən 1998-ci ilədək Tallinndə yaşamış və ədəbi fəaliyyətində əsasən Şərq motivlərinə yer ayırmışdır. Bir çox dilləri sərbəst bilən Kryaçkonun tərcümə etdiyi Nizami, Firdovsi və digər söz dahilərinin şeirləri jurnalımızda çap olunmuşdur.
Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Xalqınızın qonaqpərvərliyi, xoş məramı və Bakının füsunkar təbiəti məni heyran etmişdir. Ümumiyyətlə, burada hər şey mənim xoşuma gəlir.
Alba Mexiya TORRES, şair, Nikaraqua:
- Mən Moskvada təhsil almışam. Beş kitab müəllifiyəm, ispanca yazıram. Əsərlərimi ABŞ-da yaşayan Pavel Qruşko rus dilinə tərcümə edir. Eyni zamanda 27 ölkəyə yayımlanan ədəbi proqramın aparıcısıyam. Əsərlərim Moskvadakı "Qlobus" nəşriyyatında çap olunur. Bundan əlavə, ABŞ, Avropa və Latın Amerikası ölkələrində də kitablarım nəşr edilmişdir.
Bakıda olduğumdan böyük məmnunluq duyuram. Çox gözəl memarlıq üslubu olan binalarınız var. Bundan əlavə, azərbaycanlıların xarakteri biz latın amerikalıların xarakterinə çox bənzəyir. Belə ki, sizin xalq çox qonaqpərvər və ürəyiaçıqdır. Birinci beynəlxalq rus kitabı festivalında özümə çoxlu sayda yeni dostlar tapmışam. Bu tədbirin əhəmiyyəti mənim üçün çox böyükdür.
Mixail SİNELNİKOV, şair, esseçi və tərcüməçi, Moskva:
- Mən Şərq poeziyası ilə çox məşğul olmuşam. Əsas mövzum isə əvvəllər qapalı sayılan "Rus ədəbiyyatında islam motivləri"dir. İndiyədək Azərbaycan şairlərindən Hüseyn Cavid, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl və digərlərinin şeirlərini rus dilinə tərcümə etmişəm. Gördüyüm ən əsas iş isə böyük Xəqaninin "Divan"ının rus dilinə tərcüməsidir. "Dvortsı Madaina" adlı bu kitabım Rusiyada böyük maraq doğurmuşdur.
Azərbaycanda dəfələrlə olmuşam. Burada mənim çoxsaylı dostlarım yaşayır. Əlaqələrimi itirmirəm. Rus Kitabı festivalında iştirakım yenidən dostlarımla görüşmək üçün mənə gözəl imkan yaratmışdır. Bakı mənim üçün daim poetik bir şəhərdir. Bir çox şair və yazıçılar ölkəniz haqqında yazmışlar. Mənim də Azərbaycan haqqında şeirlərim var. Azərbaycan mənə çox yaxın bir diyardır.
Lyudmila KOL, "LiteratuS" tarixi-mədəni, ədəbi jurnalının redaktoru, Finlandiya:
- Jurnalımız dörd ildir ki, işıq üzü görür. Finlandiyada 40 min, paytaxt Helsinkidə isə 30 min rusdilli əhali yaşayır. Əsasən fin müəlliflərinin əsərlərini rus dilinə tərcümə edirik. Onu da qeyd edim ki, tərcüməçimiz əslən bakılı olan Taisiya Cəfərovadır. Çox maraqlıdır ki, istedadlı tərcüməçi Azərbaycan, Finlandiya və Rusiya arasında bu cür əlaqələr, poetik körpülər qurur.
Azərbaycanda gördüklərim mənim üçün çox gözlənilməz oldu. O mənada ki, burada hər şey gözəldir, insanlarınız isə çox qonaqpərvərdir. Rus Kitabı festivalı yüksək səviyyədə təşkil olunmuşdur. Bu tədbirlə bağlı əsl bayram əhval-ruhiyyəsi hökm sürür.
Qeyd edim ki, festival həm də onunla əhəmiyyətlidir ki, rus mədəniyyəti, rus ədəbiyyatı - ümumiyyətlə rus faktoru birləşdirici amilə çevrilmişdir. 1990-cı illərdən bu sahədə yeni canlanma baş verir.
İqor SAVKİN, "Aleteyya" nəşriyyatının direktoru, Sankt-Peterburq:
- Rəhbərlik etdiyim nəşriyyatda 14 il ərzində 1300 adda kitab çapdan çıxmışdır. Hər il orta hesabla 10-12 kitab işıq üzü görür.
Hesab edirəm ki, Bakıda keçirilən Rus Kitabı festivalı çox əhəmiyyətlidir. Çoxdan gözlədiyimiz bu görüş naşirlər və yazıçılar arasında möhkəm mədəni əlaqələrin qurulmasına təkan verəcək.
Azərbaycan paytaxtı məndə çox güclü təəssürat yaratmışdır. Burada yeni dostlar tapdım. Bu qədim torpaqdan ən parlaq təəssüratlarla ayrılmaq niyyətindəyəm. Hamıya yeni nailiyyətlər arzulayıram.

Azərbaycan.- 2006.- 16 sentyabr.- S. 8.