Qafarlı Ə.


Kitab oxumağı yadırğamışıq
2004-cü illə müqayisədə mütaliə edənlərin sayı artsa da, oxucu passivliyi hələ qalmaqdadır

 

 

Müşahidələr son bir neçə ildə Azərbaycanda mütaliə vasitələrinə marağın müəyyən qədər artdığını göstərsə də, ölkədə hələ ki oxucu passivliyi qalmaqdadır. Bu, müxtəlif səbəblərlə əlaqələndirilsə də, fakt odur ki, keçmiş sovetlər dönəmi ilə müqayisədə oxucu kütləsinin sayı çox azalıb. Görəsən, bu gün Azərbaycan oxucusu dünya elm və ədəbiyyatının hansı nümunələrinə maraq göstərir, mütaliə vasitələrinə ildə nə qədər vəsait xərcləyir?
"Kitabxana işi haqqında" Qanuna əməl olunmur
Sualımıza cavab axtarmazdan öncə Almaniyada oxucuların mütaliə vasitələrinə ildə nə qədər vəsait xərcləməsilə bağlı məlumatı xatırlatmaq yerinə düşər. Bu ölkədə əhalinin hər bir nəfəri il ərzində kitab, qəzet, jurnal və digər mütaliə vasitələrinə 375 avro sərf edir. Həmin məbləğin 33 avrosu hər bir şəxsin peşə yönümünə aid ixtisas kitablarının, 26 avrosu dərslik, dərs vəsaitləri, tədris ləvazimatları və xüsusi elmi ədəbiyyatın alınmasına xərclənir. Təxminən 7-8 avro şəxsin ixtisasına yararlı elmi jurnalları əldə etməsinə gedir. 375 avronun qalan hissəsi gündəlik qiraət vasitələri, bədii ədəbiyyat, qəzet və jurnalların alınması üçün ödənilir.. Azərbaycanda kitabxanalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Doğrudur, onların sayı nikbinliyə əsas verir, amma kitabxanaların maddi-texniki bazası, oradakı kitabların vəziyyəti barədə heç də müsbət fikir söyləmək mümkün deyil. Hazırda təkcə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 4 minə yaxın kitabxana var. Bura ayrı-ayrı nazirliklərin, təhsil ocaqlarının nəzdindəki kitabxanaları da əlavə etsək, onda bu rəqəmin xeyli böyük olduğunu qeyd etmək olar. Ölkədə 110-a yaxın nəşriyyat, 15-dən çox mətbəə fəaliyyət göstərir.
Ekspertlər kitabxanalarımızın hazırkı imkanlarının gücləndirilməsi zərurətini söyləyirlər. Xüsusilə regionlardakı kitabxanaların bazasının zəif olduğu bildirilir. Son illərdə Prezidentin sərəncamı ilə dünya və Azərbaycan ədəbiyyatının latın qrafikalı əlifba ilə nəfis şəkildə nəşri, onların ölkə kitabxanalarına göndərilməsi vəziyyəti xeyli dəyişdirib, oxucular yenidən kitabxanaların qapılarını açmağa başlayıblar.
Burada maraqlı bir nüans üzərində dayanmağa dəyər. Nədənsə müəlliflərin çoxu öz kitablarının bir və ya bir neçə nüsxəsini kitabxanalara göndərməyə həvəsli deyillər. Halbuki, "Kitabxana işi haqqında" Qanuna əsasən, nəşriyyatlar çap etdikləri hər kitabdan 20-yə yaxın nüsxəni böyük kitabxanalara pulsuz göndərməlidirlər. Mədəniyyət və Turizm Nazirliyi qanunun bu tələbinə əməl olunmamasından narazıdır.
Nəşriyyatların məsələyə münasibəti isə belədir ki, ölkədə oxucu kütləsi məhdud olduğundan onlar kitabları çoxsaylı tirajla buraxa bilmirlər. Çap edilən 300-500 tiraja malik kitabın 20 ədədinin kitabxanalara göndərilməsi nəşriyyatların maddi gəlirinə mənfi təsir etdiyindən onlar yalnız M.Fətəli Axundov adına Milli Kitabxanaya pulsuz nüsxələr yollayırlar.
Azərbaycan "Kitab Klubu" isə hesab edir ki, ölkə kitabxanalarında oxucuların tələbatının nəzərə alınması üçün real mexanizm olmalıdır.
Maddi imkanları çox zəif olan kitabxanalarımızın əksəriyyəti Azərbaycan ouxucuları üçün də maraqlı olan xarici elm və ədəbiyyatın müasir numunələrin ala bilmirlər. Belə nəşrləri almaq hələlik yalnız M.F.Axundov adına Milli Kitabxananın imkanları daxilindədir. Milli Kitabxanadan "Xəzər"ə bildiriblər ki, xaricdən aldıqları kitabların sayı kifayət qədər olmasa da, onlara müraciət edən oxucuların 70-80 faizinin tələbatını ödəyə bilirlər. Milli Kitabxana yeni kitablar sifariş verərkən oxucuların tələbatını nəzərə alır.
M.F.Axundov adına Milli Kitabxanadan fərqli olaraq əlaqə saxladığımız digər kitabxanalardan xaricdə çap olunmuş kitablarla bağlı oxucu sifarişi qəbul etmədikləri bildirildi. Əksər kitabxanalarda oxucuların xarici nəşrlərlə tanış olması üçün kataloq belə yoxdur.

Elektron kitabxanalar

Kitabxanaların əksəriyyətinin imkanlarının zəif olması və oxucuların maddi durumu nəzərə alındıqda, ölkədə milli dildə İnternet kitabxanalarının yaradılması istiqamətində atılan addımları təqdirəlayiq hesab etmək olar. Düzdür, hazırkı vəziyyətdə belə kitabxanaların imkanlarından istifadə etmək üçün heç də bütün oxucular fərdi kompüterə və internetə çıxışa malik deyillər. Amma əksər hallarda tələb olunan kitabları elektron kitabxanalarda da tapmaq olmur. Bu halda yalnız kitab mağazaları köməyə gəlir ki, bu zaman oxucunun maddi durumu və alıcılıq qabiliyyəti əsas rol oynayır.
Hazırda Azərbaycanda fəaliyyət göstərən elektron kitabxanalardan ən böyüyü www.kitab.az-dır. M.F.Axundov adına Milli Kitabxananın (www.anl.az), "Kitab Klubu"nun (www.kitabklubu.org) kifayət qədər elektron resursu yaradılıb. Milli Kitabxananın elektron resursunun artırılması istiqamətində iş davam etdirilir.
Kitab satışı və
alıcılıq qabiliyyətinə dair sorğu

Kitab mağazalarında da bahalaşma müşahidə olunmaqdadır. Sözsüz ki, yerli kitablarla müqayisədə xarici kitablar dəfələrlə bahadır. Bahalaşma isə mağazalara müraciət edən oxucu kütləsinin sayına təsirsiz ötüşmür.
Bu baxımdan, "Kitab Klubu"nun 2006-cı ilin avqust ayında keçirdiyi sosioloji sorğunun nəticələrinə nəzər salmağa dəyər. Sorğu kitab bazarındakı problemləri üzə çıxarmaq məqsədilə Bakı şəhərindəki nəşriyyatlar, topdan və pərakəndə kitab satışı işçiləri və oxucular (əhali) arasında keçirilib. Qeyd edək ki, "Kitab Klubu" 2004-cü ildə də belə bir sorğu keçirib.
Təxminən 2000 respondent arasında keçirilən sorğu zamanı "Siz son 1 il ərzində hər hansı bir kitab oxumusunuzmu" sualına respondentlərdən 203 nəfəri müsbət cavab verib. Rəyi soruşulanların 32 faizi istədiyi kitabı, 38 faizi yalnız zəruri kitabları, 5 faizi yalnız dərslikləri ala bildiyini qeyd edib. 21 faiz zəruri kitabları almağa pulunun olmadığın qeyd edib. Kitab Klubu hesab edir ki, 2004-cü illə müqayisədə əhalinin alıcılıq qabiliyyəti 5 faiz artıb. "Lakin hələ də respondentlərin 43 faizi yalnız dərslik və zəruri kitabları ala bilir, 21 faizinin isə buna pulu yoxdur"-deyə qurumdan bildirilib.
Sorğuda iştirak edən oxucuların 29 faizi bədii ədəbiyyat, 18 faizi dini ədəbiyyat, 16 faizi elmi ədəbiyyat, 13 faizi lüğət və ensiklopediya, 8 faizi publisistika, 7 faizi hüquq, iqtisadiyyat, menecment, 4 faizi uşaq ədəbiyyatı oxuduğunu bildirib.
"Axırıncı dəfə nə vaxt kitab almısınız" sualına respondentlərin 40 faizi "1 ay əvvəl", 18 faizi "6 ay əvvəl", 20 fazi "1 il əvvəl", 8 faizi "almamışam" cavablarını verib.
Məlum olub ki, oxucular kitab əldə edib oxumaq üçün mağazalara (37 faiz), dost-tanışa (34 faiz), kütləvi kitabxanalar və resurs mərkəzlərinə (17 faiz), internetə (10 faiz), bukinistə (1 faiz), öz iş yerinə (1 faiz) müraciət edir. "Kitab Klubu"nun 49 özəl və dövlət kitab satışı müəssisəsi arasında keçirdiyi sorğunun nəticələri də maraqlıdır. 11 müəssisə satışa 100-ə qədər, 8 müəssisə 300-ə qədər, 5 müəssisə 500-ə qədər, 25 müəssisə isə 500-dən çox adda kitabın çıxarıldığını bildirib. 2004-cü illə müqayisədə indi satışda 500-dən artıq kitabı olan mağazaların sayı 7 faiz artıb. Məlum olub ki, 28 mağazada Azərbaycanda və xaricdə nəşr olunan kitablar, 13 mağazada yalnız Azərbaycanda nəşr olunan kitablar, 8 mağazada isə yalnız xaricdə nəşr olunan kitablar satılır.
Satışda olan kitabların janrlarına gəldikdə isə, onlar müxtəlifdir. Birinci yerdə dedektiv, sonrakı yerlərdə isə dərslik, məhəbbət, dini, tibbi, fəlsəfi, fantastika, elmi, iqtisadiyyat, texniki ədəbiyyat gəlir. Sorğunun nəticələrinə görə, mağazaların son üç ayda ən çox satdığı üç Azərbaycan nəşri Azərbaycan nağılları, Azərbaycan-ingilis və ingilis-Azərbaycan lüğətləri, TQDK-nın testləridir.
25 mağazadan əvvəlki illə müqayisədə bu il kitablara marağın azaldığı , 20 mağazadan isə artdığı bildirilib.
O da məlum olub ki, ən çox satılan kitablar qiyməti 1 manatdan 2 manatadək olanlardır. Alıcıların 45 faizi qiyməti 2 manatdan, 24 faizi isə 4 manatdan artıq olan kitabları da alır. Sorğuda iştirak edən alıcıların fikrincə, yerli naşirlərin kitablarının satış səviyyəsini yüksəltmək üçün qiymətləri aşağı salmaq, reklamı gücləndirmək, kitab nəşrinin keyfiyyətini yaxşılaşdırmaq lazımdır.
Nəşriyyatlar arasında keçirilən sorğunun nəticəsinə görə, onların çoxu ildə 20 addan artıq kitab nəşr edə bilmr. Nəşr edilən ən böyük tiraj 150 min, ən kiçik tiraj isə 50 ədəddir. Ən böyük tirajlı ədəbiyyat istisnasız olaraq dərsliklərdir.
"Kitab Klubu"nun araşdırmasına görə, Azərbaycanda kitab satışı zəif inkişaf edir, ixtisaslaşmış mağazaların açılması üçün vəsait çatışmır. Qurum ədəbiyyat və kitab sənayesinin gücləndirilməsini vacib sayır.
Mədəniyyət və Turizm Nazirliyi kitab sənayesinin inkişafı üçün müvafiq addımlar atacağını vəd edir.

 

Xəzər.-2006.- 23 sentyabr.- S. 9.