Afaq

 

Azərbaycanın turizm imkanlarını əks etdirən reklam çarxları "CNN" də nümayiş olunacaq

 

Azərbaycanda turizmin inkişafı ildən ilə daha da artır. Qeyd edək ki, turizm dünyada neftdən sonra ən gəlirli sahələrdən biri sayılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətovdan aldığımız məlumata görə, bu mövsüm ötən illərdən xeyli dərəcədə fərqlənib. Onun sözlərinə görə, Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizə gələn turistlərlə, buradan gedən turistlərin sayında paralellik yaranıb ki, bu da rekord göstəricilərin əldə edilməsi deməkdir: "Əvvəllər Azərbaycandan qonşu ölkələrə istirahət etmək üçün gedənlərin sayı daha çox idi. Amma hazırda son 6 ayın göstəricilərinə əsasən ölkəmizə 1 milyon 300 min insan gəlib ki, onların da sırf bir milyonu turist qismində gəlib. Ölkəmizdən gedənlərin sayı da bir milyon 400 min nəfərdir. Bu göstəricini heç vaxt əldə etməmişik". İ.Hümbətov bildirdi ki, ölkəmizə gələn turistlər əsasən Avropa, MDB, Amerika və qonşu Türkiyədən gələnlərdir. O, qeyd etdi ki, məhz turizm sektoru inkişaf edən ölkələrin gəlirlərinin təxminən yarısını təşkil edir: "Buna görə də azacıq belə turizm üçün şəraiti olan ölkələr bu istiqamətdə tədbirlər görməklə dünya turistlərini öz məmləkətlərinə cəlb etməyə çalışmalıdırlar. Ən yaxın qonşumuz olan qardaş Türkiyədə turizm mövsümü ərəfəsində ölkəyə istirahət etmək üçün gələcək qonaqların təhlükəsizliyini, onların rahat dincəlmələrinin təmin edilməsi üçün milyonlarla dollar vəsait xərclənir. Çünki ölkəyə nə qədər çox turist cəlb edilərsə dövlət büdcəsinin qazancı da bir o qədər artmış olur. Yəni, Türkiyə dövləti bu sahəyə sərf etdiyi vəsaitdən qat-qat artıq qazanc əldə edir". Bu məqsədlə qurumun bir çox tədbirlər həyata keçirdiyini deyən qurum əməkdaşının sözlərinə görə, oktyabr ayından başlayaraq "CNN" televiziya kanalında Azərbaycanın turizm imkanlarını əks etdirən reklam çarxları nümayiş olunacaq.

 

Xalq cəbhəsi.- 2006.-  7 sentyabr.- S. 15.