Banu

Həqiqəti gizlədən reklamlar

 

Məhsulun olmayan xüsusiyyətləri barədə istehlakçılara məlumat vermək - qanunu pozmaq deməkdir

Müasir həyatı reklamsız təsəvvür etmək mümkün deyil. Hazırda ərzaq mallarından tutmuş, yuyucu tozlara qədər hər bir məhsul reklam edilir. Təbii ki, bu reklamlara inanıb həmin məhsulları demək olar ki, hər birimiz almışıq. Lakin sonradan peşimançılıq çəkdiyimiz anlar da az olmayıb. Sovet dövründə belə fikir formalaşmışdı ki, yaxşı məhsul reklam edilməz. Lakin müasir dövrün tələbləri fərqlidir. İndi reklam məhsulu tanıtmaqla yanaşı, onun satışının neçə faiz olacağını da müəyyənləşdirir. Ümumiyyətlə, məhsulların reklamını mal barədə şişirdilmiş fikirlər hesab etmək olar.
Tacirlər İstehlakçılar Birliyinin rəhbəri Sevgim Rəhmanovun sözlərinə görə, Azərbaycan bazarında da məhsulların yalançı təriflərlə reklam edilməsi hallarına kifayət qədər çox rast gəlinir. Birlik rəsmisi söyləyir ki, əslində qanunvericilik məhsulun olmayan xüsusiyyətlərini reklam etməyi qadağan edir. Bu məsələ "Reklam haqqında" "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarda da öz əksini tapıb. "Düzdür, adını birinci çəkdiyim qanuna o qədər əlavə düzəlişlər edilib ki, indi yamaqlı vəziyyətdədir. Amma yenə qanunlar istehlakçıların hüquqlarını müdafiə edir", - deyə S.Rəhmanov bildirdi.
Birlik rəhbərinin dediyinə görə, istehlakçıların reklamlara inanıb aldanması bu gün adi hal olub. Maraqlıdır, bəs qanunlar olduğu halda istehlakçıların hüquqları niyə qorunmur? - sualını cavablandıran müsahibim deyir ki, bunun bir neçə səbəbi vardır: "Əvvəla, qanunlarda boşluqlar vardır. Digər tərəfdən, mövcud qanunların həyata keçirilməsinə nəzarət edilmir. Həmçinin istehlakçıların hüquqlarını qoruyan həm qeyri-hökumət, həm dövlət qurumlarının səsləri demək olar eşidilmir. Fikrimcə, bu qanunlara riayət edilməsinə nəzarətin zəifliyi ilə bağlıdır".
İstehlakçıların reklam edilən məhsullara baxışının dəyişməsi üçün bəzi gerçəkləri oxucularımızla bölüşürük. Yəqin ki, meyvə şirələrinin reklamı zamanı belə ifadəyə rast gəlmisiniz: "Nitrat qida turşularından istifadə olunmayıb". Əslində normal meyvə şirəsində ümumiyyətlə, belə əlavələrə rast gəlinməməlidir.
Başqa bir misal. Dərman preparatlarının reklamlarını xatırlayın. "Ani təsir göstərir!" Amma reklam edilən dərman preparatının üstünlükləri ilə yanaşı, onun əks effekti haqda məlumat heç vaxt verilmir.
Dünya şöhrətli "Koka-Kola"ya diqqət yetirin. Bu, artıq sübuta yetirilmiş faktdır ki, bu içki susuzluğu kəsmir. Sadəcə olaraq, içkinin tərkibinə fosforlu limonlu turşu əlavə edilir ki, onların təsiri yalnız susuzluğun yatırılma illüziyasını yaradır.
Xanımların çox sevdiyi kosmetoloji məhsulların bəzilərinin reklamına nəzər yetirək. Reklamlardan birində deyilir: "Qırışları aradan götürür, dərinin üz qatı hamarlanır, dəri elastikləşir". İnandırıcı görünür. Amma məsələ ondadır ki, qırışlarla mübarizə aparan əksər kremlərdə dərinin elastikliyini saxlamaq üçün hallogendən istifadə olunur. Bu digər əlavələrin sayəsində məhsullar ilkin olaraq yüksək effekt göstərir. Amma təxminən altı aydan sonra dəri korlanmağa başlayır. Belə ki, dəri zaman keçdikcə həmin hallogenə öyrəşir ona reaksiya vermir.
Azərbaycan reklam bazarında yuyucu tozlar qədər geniş reklam edilən çox az məhsul var. Böyük reklam yalanı bu məhsulun timsalında daha çox təşəkkül tapıb desək, yanılmarıq. Paltarlara düşən ləkələrin effektiv təmizlənməsi, inanılmaz ağardıcılıq qabiliyyətini əks etdirən reklam rolikləri hədsiz çoxdur. Amma yəqin ki, çoxları kadrların hazırlanmasında audiovizual effektlərdən istifadə olunduğunu bilmirlər. Yəqin heç təsəvvürlərinə belə gəlməz ki, paltara düşən ləkənin yuyucu toz tərəfindən tez effektiv təmizləndiyini göstərmək üçün ləkəyə yod əlavə edirlər.
Yodun
sudan qopması isə açıq-aşkar sezilən prosesdir. Xaricdə reklam sahəsində təhsil alan tələbələr etiraf edirlər ki, dərslərdə reklam tryukları barədə treninqlər keçirilir. Belə dərslərdən birinin iştirakçısı olan soydaşımız bildirir ki, bəzən pivə reklamında bitki yağlarından istifadə olunur. Belə ki, pivə şüşəsindən bakala süzülən pivənin aramla, xoşagəlimli axması onun gücü daxilində deyil. Pivə yağa nisbətən yüngüldür aramla süzülmür, həm yağ kimi xoşagəlimli rəngi yoxdur. Ümumiyyətlə, reklamda ən primitiv yalan tryukları vizual effektlər vasitəsilə əldə edilir.
İndi reklamlarda saqqızın xeyrindən çox danışırlar. ABŞ, Avropa Sinqapurda ictimai yerlərdə saqqızdan istifadə etməyə yasaq qoyulduğu bir vaxtda bizdə bu məhsulun reklamı tam sürəti ilə irəliləyir. Əslində isə Azərbaycanda Dövlət Standartlaşdırma, Metrologiya Patent Agentliyinin məlumatına görə, rəsmi olaraq satışına icazə verilmiş saqqız markası yoxdur. Reklamlarda isə bizə məsləhət görülür ki, hər yeməkdən sonra bu zərərli vərdişin xidmətindən yararlanaq. Guya saqqız kariyesin qarşısının alınması üçün əvəzsiz dərmandır.
Əslində isə elmi sübut olunub ki, saqqızın tərkibində şəkər rolunda çıxış edən saxaroz-menitel var ki, bu isə dişlərin sıradan çıxmasında analoqu olmayan maddədir. Yəni kariesi yaratma mənbəyidir. Ümumiyyətlə, saqqız kauçukabənzər maddədən hazırlanan, tərkibinə emulqator, rəng aramatizator vurulan ziyanlı bir şeydir.
Stomatoloqlar isə ümumiyyətlə tərkibində şəkər olan saqqızları məsləhət görmürlər. Belə saqqızları çeynəmək sanki uzun müddət şirniyyat məhsulundan istifadə kimidir. Parodantitdən əziyyət çəkənlərin saqqız çeynəmələri isə qəti qadağandır. Amma buna heç məhəl qoyan yoxdur.
Məlumat üçün deyək ki, saqqız çeynəməklə mədə xəstəliyi, ağız boşluğunun xorası, ağız dərisinin allergiyası, qanda kaliumun artması kimi təhlükəli xəstəliklərlə rastlaşmaq mümkündür. Yəqin ki, saqqızın diş məcununun reklamından sonra "Azərbaycan Stomatoloqlar Assosiasiyası (ASA) tərəfindən tövsiyə edilmişdir" cümləsini eşitmisiniz. Amma maraqlıdır ki, bu "assosiasiyanın" heç bir fəaliyyəti gözə çarpmır.
Maraqlıdır, sovet dövründə heç şampunların reklam edilməyən vaxtlarda belə saçlarda kəpək seyrəlmə problemi bu qədər qabarıq olmayıb. Fikir vermişsinizsə, reklamlarda xanımların saçlarına görə diqqət cəlb etməsi mövzusu daha çox işlədilir. Şampunların tərkibinə gəldikdə isə, deməliyik ki, istehsalçılar şampunların tərkibinə "natrium xlorid" əlavə edirlər. Bu məhlul isə müvəqqəti təravət yaratsa da, sonrada dərini qurudur, saçları korlayır.
Müstəqil istehlakçı birliklərin araşdırmaları nəticəsində bəlli olub ki, reklam olunan əksər şampunlarda bu maddə var. Bu da reklamın daha bir yalanı. Saçların hər gün şampunla yuyulması məsləhətinin mahiyyəti elə bundadır. Bu maddənin köməyi ilə ağrımayan başımıza dəsmal bağlayırıq. Kəpək çoxalır, mal reklam olunur, məhsul satılır. Ona görə , reklamalara çox inanmayaq. Çünki reklamlar məhsul barədə əsl həqiqətləri gizlədir.

 

Ayna.- 2006.- 1 sentyabr.- S. 5.