Qarabağdakı azərbaycanlı
malları talan edilib
Qardaşa
qardaş qanı tökdürdülər
Bu günlərdə Türkiyənin populyar mətbuat orqanlarından biri olan "Zaman" qəzetinin fotoqraf-redaktoru Səlahəddin
Sevi Dağlıq Qarabağda olub. O, işğal altında olan Dağlıq Qarabağda gördüklərini
"Zaman" qəzetində
çap etdirir. Biz onun ikinci
məqaləsini diqqətinizə
çatdırırıq.
On beş
ildən bəri erməni işğalında
qalan Şuşadayıq.
Küçələr yanmış,
darmadağın edilmiş
vəziyyətdədir. Azərbaycanlılara
aid nə varsa, hamısı talan edilib. Küçədə
dolaşarkən klarnetdə
ustalıqla ifa olunan bir Azərbaycan
musiqisi diqqətimizi çəkdi. Səsə
tərəf istiqamət
götürürük. Böyük
tarixi bir evin qapısına gəlib çıxırıq.
Qapıdan içəri
keçirik. Geniş bağçadakı boş
hovuz burada yaşanmış gözəl
və nəşəli
günlərdən xəbər
verir. Pəncərədən
baxan cavandan klarneti kimin çaldığını soruşuruq.
"Böyük qardaşım,
istəyirsinizsə, içəri
keçin", - deyir.
Taxta nərdivanları
çıxıb işıqlı
dəhlizdən keçərək
geniş otağa daxil oluruq. Klarnet
çalan Razmik musiqi səsini eşidib bura gəldiyimizi biləndə
utanır. 23 yaşlı
musiqi müəllimi Razmik Arutunyan Bakıda doğulub. Əsilləri Şuşadandır.
Bakıdan ayrılanda
5 yaşı varmış.
Amma hələ də uşaqlıq illəri keçən o məhəlləni dəqiq xatırlayır, deyir ki, o
məhəlləyə getsə,
evlərini gözübağlı
tapar. 1992-ci ildən bəri Şuşada ata-baba evində yaşayan Razmikin 1 qardaşı, 1 bacısı
var, ata-anası həkimdir. Atası həm də musiqi ilə məşğul olur. Razmik burada 3 gün
sonra gedəcəyi toya hazırlaşırmış.
Klarnetdə nə çaldığını soruşuruq,
Azərbaycan mahnısını,
"Tərəkəmə"ni çaldığını
söyləyir. "Ən
çox hansı musiqiləri çalırsınız,
Azərbaycan yoxsa erməni mahnılarını?"
sualımıza da:
"Mahnılar onsuz bir-birinə qarışıb. Bu coğrafiyanın ortaq malıdır", - deyə
cavab verir. Amma o Azərbaycan
musiqisi çalarkən
sifət cizgilərində
xəfif bir nostalgiyanın, həsrətin
işartıları aydınca
oxunurdu. Arada balaca qardaşına qaş-göz elədi və bir neçə
dəqiqədən sonra
bizi süfrəyə
dəvət etdi. Süfrədə Azərbaycan üsulu
ilə dəmlənmiş
təzə çay və bir gün
öncəki pasxa bayramı üçün
boyanmış yumurtalar
vardı.
Şuşa küçələrində
gəzərkən Razmikin
klarnetindən yüksələn
kədərli Azərbaycan
mahnıları qulağımdan
getmir. Şəhərin
mərkəzində 3 böyük
məscid var. Birinin qapı-pəncərəni mismarlanıb,
minarəsi yıxılıb.
Digər ikisinin isə şərəfələri
(minarədə muəzzinin
əzan verməsi üçün xüsusi
dairəvi yer) uçub-tökülüb. Məscidlərdən
birinin bağçasına
girirəm, ot az qala adam
boyundadır. Məscidin
tavanı da, içi də uçub tökülüb,
divarlardakı bəzək
saxsıların hamısı
ətrafa səpələnib.
Yağan yağış
məscidin içinə
axır. Məscidin həyətindəki məzar
daşları isə sahibsizliyin xatirəsinə
bənzəyir. Ùəyətdən
keçərkən qarşımıza
yaşlı bir adam çıxır. Sən demə, memar imiş, illər uzunu Azərbaycanda çalışıb,
Bakıdakı bir çox binada imzasının olması ilə fəxr edir: "Azərbaycanda mənim hansı millətdən olduğuma
deyil, işlərimə
baxır və mənə böyük hörmət göstərirdilər",
- deyir. Azərbaycan dilində tərtəmiz, qüsursuz danışır.
"İnsanın tikdiyini
insanın dağıtmasını
anlaya bilmirəm" deyən yaşlı memar "hər dəfə bura gələndə kədərlənirəm"
söyləyir. "Pis millət yox, pis insan var,
yaxşı millət
yox, yaxşı insan var. Qardaşa qardaş qanı tökdürdülər", - deyir və uçub-dağılmış
divarlar arasında gözdən itir. Diqqətdən qaçmayan başqa
bir mənzərə də Şuşada hər kəsin hərbi paltar geyinməsidir. Bu görüntü Şuşada
və Dağlıq Qarabağda savaş ovqatının davam etdiyini göstərir.
Küçədə əlindən
tutduğu uşağı
ilə dükana girən qadının şəklini çəkirik
və bu an dəri gödəkçəli
və bığlı
bir nəfər bizə yaxınlaşır.
MKİ işçisi ədası ilə vəsiqəsini göstərib
özünü təqdim
edir və bizdən icazə sənədi istəyir.
Mülki
geyimdə olsa da, bu, polis imiş
və bizimlə təmiz Azərbaycan ləhcəsində danışır.
Sənədimizə baxıb oradakı
qeydləri cibindən
çıxardığı kiçik bloknota köçürür və
"mən sadəcə
öz vəzifəmi yerinə yetirirəm" deyir. O, yazı yazarkən ətrafa göz gəzdiririk və şəhərin mərkəzindəki 3 məsciddən
ən böyüyünün
çardağında dayanmış
hərbi geyimli adamlar diqqətimi çəkir. Polisdən ayrılandan sonra
ora gedirik və minarənin nərdivanları ilə məscidin üstünə
çıxırıq. Biri rütbəli bir neçə zabit və mülki şəxslər əllərindəki
bellə məscidin qübbəsini təmizləyirdilər.
Soruşanda da dedilər
ki, İrandan gələn maddi qaynaqla bu məscidi
restavrasiya edəcəklər.
Amma məscidin vəziyyətinə
baxanda bu işin heç də asan olmayacağı
anlaşılır. Ev, ofis,
otel və sosial obyekt layihələri
hazırlamaqla tanınmış
Manuşak Balayan Şuşadakı abidələrin
hələ sovet dövründən başlayaraq
xarab olduğunu söyləyir. Deyir ki,
o dövrdə məscidlər
də daxil olmaqla bir çox
tarixi binadan anbar kimi istifadə
edilib. Balayanın indiki düşüncəsi
isə Şuşadakı
tarixi abidələrin
rəsmlərini çəkərək
xüsusi bir albom hazırlamaqdır.
Dağlıq Qarabağın
Qaçqınlar və
Köçkünlər Təşkilatının
sədri Saro Saryan Şuşanın 15 ildə necə dəyişdiyini, kimlərin
gedib, kimlərin gəldiyini danışır.
Müharibədən əvvəl Şuşada
12-13 min azərbaycanlı və
4-5 min erməninin yaşadığını
deyən Saryan indi şəhərdə bir nəfər də olsun azərbaycanlının
qalmadığını söyləyir.
Özü də arvadı
və iki uşağı ilə bir azərbaycanlının
evində yaşayır.
Deyir ki, evin əsl
sahibi ölüb və o, bu evin
şəkillərini çəkib
Bakıda yaşayan keçmiş sahibinin ailəsinə göndərib.
Saro Saryan da Dağlıq Qarabağdakı
digər ermənilər
kimi azərbaycanlıların
bir də buraya dönəcəyinə
inanmadığını deyir.
Özü də doğulub-böyüdüyü
Bakıya qayıtmaq haqda fikirləşmir.
Məktəbdən təzəcə gələn uşaqlarına
özü üçün
düzəltdiyi otaqları
göstərir. Arvadı bu
həyatdan heç də məmnun görünmür. Saro
bunu belə izah edir: "Mənim arvadım kosmopolit adamdır, ona görə də Bakıdan sonra Şuşaya isinişə bilmədi".
Qarabağın bu cür bərbad və viran vəziyyətini
soruşanda Saro Saryan belə cavab verdi:
"O illər qış
çox sərt keçdi. Ùəm şuşalı, həm də köçüb gələn
ermənilər azərbaycanlıların
evlərindəki bütün
taxtaları söküb
yandırdılar. Ona görə
də bu evlər belə qapısız, pəncərəsiz,
tavansız qaldı".
Şuşanı ələ keçirildikdən
sonra azərbaycanlı
evlərini ilk dəfə
hansı erməni tutdusa, indi də
ona qaldığını
bildirən Saroyan o mərhələdə ermənilər
arasında ev
üstündə dava
düşdüyünü də söylədi.
Üç nöqtə.- 2007.- 26 aprel.- S. 6.