Prezident sərəncamının icrasına həsr olunmuş tədbir keçirilmişdir

 

Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxanada “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Prezident sərəncamının icrasına həsr edilmiş tədbir keçirilmişdir.
Rayon icra hakimiyyəti başçıları müavinlərinin, mədəniyyət, sosial, şəhərsalma məsələləri ilə məşğul olan şəxslərin, baş memarların iştirakı ilə keçirilən tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, ölkəmizdə monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ümumi bədii-estetik görkəminin milli-mənəvi dəyərlərə uyğunlaşdırılmasında, habelə yerləşdikləri ərazilərin abadlaşdırılmasında Prezident sərəncamının əhəmiyyətindən danışmışdır.
Nazir sərəncamın həyata keçirilməsinə bütün yaradıcı təşkilatların da yaxından qoşulduğunu bildirmişdir. O demişdir ki, Bakı şəhərindəki, digər şəhər və kəndlərdəki monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması üçün müvafiq təkliflər hazırlanıb təqdim olunmalıdır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Tahir Budaqov, Memarlar İttifaqının birinci vitse-prezidenti Hafiz Əmirxanov və başqaları tədbirdə çıxış edərək, sərəncamdan irəli gələn vəzifələrdən və onların yerinə yetirilməsi yollarından danışmışlar.

 

Xalq qəzeti.-2007.-11 aprel.-S.3