Almaniyalı qonaqlar Şəkinin turizm potesialı ilə maraqlanmışlar

 

Azərbaycanda səfərdə olan Almaniyanın tanınmış turizm şirkətlərinin və media qurumlarının rəhbərləri aprelin 19-20-də Şəkidə qonaq olmuşlar. Azərbaycanın mövcud turizm potensialının Almaniyada təbliğ olunması məqsədi daşıyan bu səfər Mədəniyyət və Turizm Nazirliyi ilə respublikamızın Almaniyadakı səfirliyinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Şəki səfərindən öncə qonaqlar Bakıda, həmçinin Quba, Şamaxı və Qəbələ rayonlarında da olmuşlar. Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, səfər proqramına uyğun olaraq almaniyalı qonaqlar əvvəlcə rayonun Fazıl kəndində yerləşən tunc dövrünə aid qədim yaşayış məskəni - Təpəbaşı arxeoloji abidəsinə tamaşa etmişlər. Qonaqlara məlumat verilmişdir ki, labirint formasında olan bu kompleksdə aşkar olunan maddi-mədəniyyət nümunələri eramızdan əvvəl III-II minilliklərdə ərazidə yaşayan əhalinin təsərrüfat həyatı, məişəti və adət-ənənələri haqqında maraqlı və dolğun təəssürat yaradır.

Almaniyalı qonaqlar aprelin 20-də Şərq memarlığının nadir incilərindən olan Şəki xanlarının Sarayı ilə də tanış olmuş, şəhərdəki şəbəkə hazırlanan sexlərdən birinə gələrək, burada iş prosesi ilə maraqlanmış, Kiş kəndrndəki qədim alban məbədinə baxmışlar.

Şəkinin görməli yerləri və qədim tarixi abidələri ilə tanışlıq Almaniyadan gələn qonaqların böyük marağına səbəb olmuş və onlar yaxın gələcəkdə bu qədim diyara turist axınının xeyli artacağına inandıqlarını bildirmişlər.

Xatırladaq ki, həmin layihə çərçivəsində bir neçə gün əvvəl Avstriyadan gəlmiş turizm şirkətlərinin rəhbərləri Şəkinin turizm potensialı ilə maraqlanmış, görməli yerləri tarixi abidələri ilə tanış olmuşlar.

 

Respublika.- 2007.- 20 aprel.- S. 3.