Azərbaycan
Turizm Sənayesinin İnkişafı İttifaqında
görüş
Ölkəmizdə
işgüzar səfərdə olan Türkiyə Turizm
Agentlikləri Birliyi idarə heyətinin sədri Başaran
Ulusoy aprelin 8-də Azərbaycan Turizm Sənayesinin
İnkişafı İttifaqında turizm
şirkətlərinin nümayəndələri ilə
görüşmüşdür.
Turizm sahəsində Azərbaycan-Türkiyə
əməkdaşlığı məsələlərinin
müzakirə olunduğu görüşdə Başaran
Ulusoy demişdir ki, ölkəmizə səfəri turizm
sahəsində böyük potensialı olan Azərbaycan
şirkətləri ilə əməkdaşlıq
sazişlərinin bağlanması və TÜRSAB-ın
Bakıda ofisinin açılması ilə əlaqədardır.
Qonaq turizm təşkilatlarını birləşməyə,
sağlam rəqabət şəraitində Azərbaycanı
tanıtmağa çağırmışdır. B.Ulusoy
demişdir ki, “Azərbaycan gözəldir” deməklə
iş bitmir, bütün dünyaya Azərbaycanın
təkcə neft ölkəsi olmadığını sübut
etmək lazımdır. Bu isə sizdən, işinizi necə
qurmağınızdan, ölkənizi cazibə
mərkəzinə çevirməyi bacarmağınızdan
çox asılıdır. O vurğulamışdır ki,
vaxtilə “səyahət yolu” kimi tanınan Böyük
İpək yolunun “iqtisadiyyat yolu”na çevrilməsində
Azərbaycan böyük önəm daşıyır.
Türkiyədən Çinə mümkün turizm
marşrutunda Azərbaycan mühüm ölkədir və
səfər çərçivəsində
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevlə bu marşrutun açılmasına dair birgə
planlar müzakirə olunmuşdur.
B.Ulusoy turizm sahəsində Azərbaycan
mütəxəssislərinin Türkiyədə təlim
keçməsinə kömək etməyə hazır
olduğunu bildirmişdir.
Şirkətlərin təmsilçiləri
əməkdaşlıq barədə təkliflər irəli
sürmüşlər.
Başaran Ulusoy görüş
iştirakçılarını maraqlandıran suallara cavab
vermişdir.
Xalq qəzeti.-2007.-10 aprel.-S.6.