Babək
Ölkəyə
gələn turistlərin sayı 3 mln. nəfərə
çatacaq
Dünən Bakı
Turizm İnformasiya Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMT
İP) arasında “Daxili turizmin səmərəli
inkişafına kömək məqsədilə
Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional
Yardım” layihəsinin ikinci mərhələsinin başlanmasına dair sənədin
imzalanma mərasimi keçirilib. Sənədi Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev və BMT-nin
İnkişaf Proqramının Azərbaycandakı prezident
nümayəndəsi Bruno Pueza imzalayıb.
İki illik layihə
yeni təsis edilmiş Turizm institutuna turizm sahəsində təhsilin
inkişaf etdirilməsində İnstitusional yardımın
göstərilməsinə və layihənin I
mərhələsində açılmış (Bakı,
Şamaxı, Xaçmaz, və Şəki) və II
mərhələsi ərzində fəaliyyətə başlayacaq
(Gəncə, Naxçıvan, Lənkəran və Quba)
Regional Turizm Mərkəzlərinin səmərəli
fəaliyyəti üçün yardımın
göstərilməsinə yönəlib.
Sənədin imzalanma
mərasimində Mədəniyyət və Turizm naziri
Ə.Qarayev bildirib ki, nazirlik (80%) və BMTİK
tərəfindən (20%) maliyyələşdiriləcək bu
layihə Azərbaycanda yoxsulluğun azaldılması və
turizmin davamlı inkişafı arasında əlaqənin
yaradılması istiqamətində nazirliyin və BMT İP-in
göstərdiyi birgə səylərin davamıdır. Layihə
Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf
üzrə Dövlət Proqramına uyğun tərtib edilib
və 2005-2009-cu illər üçün Birləşmiş
Millətlər Təşkilatının İnkişafa
Yardım Çərçivə Proqramının (UHDAF) I
məqsədinə - "Neft ehtiyatlarının
səmərəli və şəffaf idarəetmə qeyri-neft
sektorlarında lazımi məşğulluğun
çoxalmasına" xidmət edəcək. Nazir hesab edir
ki, regionlarda turizm üzrə informasiya mərkəzlərinin
açılışı bu rayonlarda əhalinin
məşğulluğu üçün yaxşı imkanlar
yaratmaqla yanaşı, onların sosial həyat
səviyyəsini yaxşılaşdıracaq.
Ə. Qarayev
ölkədə fəaliyyət göstərən turizm
şirkətlərinin fəaliyyətinə də toxunub. Keçən
illərlə müqayisədə turizm xidməti
göstərən şirkətlərin sayının xeyli
artdığını söyləyən nazirin fikrincə,
belə şirkətlərinin sayı 300-350-dən artıq
olmamalıdır: "Azərbaycanda 2001-ci ildə cəmi 30-a
qədər turizm şirkəti var idisə, bu gün
onların sayı artıb. Lakin Azərbaycan bazarında bu
şirkətlərin sayı 300-350-dən artıq
olmamalıdır. Çünki Azərbaycanda turizm bazarı,
xüsusilə də xaricə insanların səfərini
təşkil edən və ölkəmizə qəbul edən
şirkətlərin bazarı geniş deyil. Amma daxili turizm
üçün bazar açıqdır və çoxlu sayda
təşkilatlar fəaliyyət göstərə bilər".
Nazir qeyd edib ki, əvvəlki illərdə turizm
fəaliyyəti üçün lisenziya haqqı 500 manat
idisə, hazırda beşillik fəaliyyət
üçün rüsum 5 min 500 manatdır.
Qeyd olunub ki, yaxın illərdə Azərbaycana turist səfərlərinin üç milyon nəfərə çatdırılması planlaşdırılır. Nazirlik ötən ilə dair açıqlamalarında turist səfərlərinin bir milyona qədər olacağını proqnoz vermişdi. Ə.Qarayev bu proqnozun tam olaraq özünü doğrultmadığını, lakin buna yaxın rəqəm əldə olunduğunu deyib: "Bu il Azərbaycana bir milyondan çox turistin gəlməsi nəzərdə tutulub. Bu göstərici ötən ilki göstəricidən çoxdur. Yaxın üç il ərzində isə turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi nəticəsində ölkəyə gələcək turistlərin sayı üç milyondan çox olacaq. Amma bu, təkcə bizdən asılı olan məsələ deyil. Burada təhlükəsizlik, bölgədəki geopolitik məsələlər də rol oynayır. Dövlətin məqsədi təkcə xaricdən gələn turistlər üçün deyil, həm də Azərbaycanın öz vətəndaşları üçün yüksək turist xidmətləri yaratmaqdır".
Ə.Qarayev Azərbaycan vətəndaşlarına Şengen vizasının verilməsi prosedurunu sadələşdirmək istiqamətində iş aparıldığını da söyləyib. Qeyd edək ki, Şengen viza zonasının bir sıra dövlətləri Azərbaycan turistləri üçün problemlər yaradır. Belə ki, nazirliyə daxil olan məlumata əsasən, bir sıra Avropa dövlətlərinin konsulluq şöbələri Avropa ölkələrinə turist turları həyata keçirmək arzusunda olan Azərbaycan vətəndaşlarına viza vermir: "Hazırda nazirlik vətəndaşlarımıza vizanın verilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı Avropa dövlətlərinin səfirlikləri ilə danışıqlar aparır. Prosesə Xarici İşlər Nazirliyi də cəlb olunub".
Nazirin digər məlumatı lisenziya almayan mehmanxanaların fəaliyyətinin dayandırılması ilə bağlı olub. O bildirib ki, ölkədə fəaliyyət göstərən bütün mehmanxanaların araşdırılması nəzərdə tutulur: "Lisenziya almayan, dövlət qanunlarına riayət etməyən mehmanxanaların fəaliyyəti məhdudlaşdırılacaq. Bütün lisenziyaları əldə edən mehmanxanalar üç ay müddətində təkrar sertifikat almaq üçün müraciət etməlidir ". Qeyd edək ki, hazırda ölkədə 290 mehmanxana qeydiyyata alınıb. Lakin onlardan yalnız 60-a qədəri müvafiq normativlərə uyğun olaraq ulduzlarını alıb. "Nazirlik yalnız ulduzlarını alan mehmanxanaların keyfiyyət səviyyəsinə cavabdehdir" - deyən nazir əlavə edib ki, bu yaxınlarda üç böyük şirkətə mehmanxana lisenziyası verilib. Ölkədə turizm xidmətlərinin səviyyəsini yüksəltmək, beynəlxalq standartlara uyğunlaşdırmaq üçün lazımi normativ tədbirlər həyata keçiriləcəyini söyləyən nazir. onu da əlavə edib ki, mehmanxanaların 5 il üçün lisenziya haqqı 1500 manatdır.
Azərbaycanı dünyanın turist mərkəzlərindən
birinə çevrilməsi
üçün əlverişli
imkanları olan bir ölkə kimi xarakterizə edən BMT İP-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Bruno
Pueza bildirib ki, respublikamızın coğrafi mövqeyi onu turistlər üçün cəlbedici
edir. Yeni layihənin
ölkəmizdə turizmin
inkişafına xidmət
edəcəyinə əmin
olan B.Pueza əlavə edib ki, BMT İP bundan sonra da Azərbaycanın
turizm sahəsinin inkişafı üçün
yardım göstərəcək.
Paritet.- 2007.- 3-4 aprel.- S. 12.