Mütəllimova S.
Mədəniyyət-bütün
xalqları birləşdirən əsas həlqədir
Azərbaycanda ilk
dəfə keciriləcək Milli Kulturoloqlar Forumu
Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə may
ayının 4-də baş tutacaq. Forum haqqında geniş
məlumatı oxucularımıza catdırmaq üçün
Nazirliyin elm və təhsil şöbəsinin müdiri, pedaqoji
elmlər namizədi Yaşar Əliyevdən bəzi məqamlara
aydınlıq gətirməsini xahiş etdik.
-Yaşar müəllim, Forumu keçirməkdə məqsəd nədir?
-Hər bir xalqın özünəməxsus xüsusiyyətləri var və onları biri-birindən fərqləndirən də məhz həmin xüsusiyyətlərdir. Amma xalqları birləşdirən yeganə məqam var: mədəniyyət. Bu gün Mədəniyyət və Turizm Nazirliyində həyata keçirilən mədəniyyət siyasəti, onun tərkibində mədəniyyətin təbliği, təşviqi çox vacib məsələdir. Bütün bu proseslərdə isə elmin əvəzsiz rolu vardır. Təbii ki, bir tərəfdən elm və təhsil şöbəsinin müdiri olduğuma görə vəzifə borcu kimi və digər tərəfdən bizim qarşımıza qoyulan vəzifələr baxımından, biz mədəniyyətimizin inkişafına, təbliğ və təşviqinə, tədqiqinə çalışmalıyıq. Bu baxımdan araşdırmalarla, aparılan tədqiqatlarla, kecirdiyimiz tədbirlərlə seçilməliyik və bunları həyata keçirməliyik. Həmin tədbirlərdən biri də hörmətli nazirimizin tapşırığı ilə ilk dəfə olaraq keçiriləcək Azərbaycanın Milli Kulturoloqlar Forumudur. Kulturologiya əslində mədəniyyətşünaslıqdır. Bu sahə incə olmaqla yanaşı, həm də çox mürəkkəbdir. Bizim məqsədimiz fundamental tərəfdən bu sahəylə məşğul olan alimləri, xüsusən gənc alimləri bir araya gətirməkdir. Birlikdə mədəniyyətin gələcək inkişafı barədə söhbətlər aparaq, perspektivləri müəyyənləşdirək. İnanıram ki, Milli Kulturoloqlar Forumu müəyyən uğurlar qazanacaq. İndidən ciddi hazırlıq işləri görülür. İlk forumdan sonra bizdə müəyyən təcrübə toplanacaq ki, gələcəkdə beynəlxalq səviyyədə keçirilən kulturologiya forumlarında iştirak edək.
-Foruma xarici ölkələrdən qonaqlar dəvət etmisinizmi?
-Qeyd edim ki, Forumu beynəlxalq səviyyəyə çatdırmaq məqsədilə xarici ölkələrdən mədəniyyətşünaslıq üzrə görkəmli alim və mütəxəssislər dəvət olunacaq. Rusiya Federasiyasından qonağımız olacaq. Almaniyadan Azərbaycanşünas alim Rau İoqann və başqaları gələcək. İnanıram ki, Forum yüksək səviyyədə keçiriləcək. Elanlardan, internet saytlarında yerləşdirilən məlumatlardan bilirsiniz ki, Forum ərəfəsində "Mədəniyyət - sərvətimizdir" şüarı ilə "Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər" adlı elmi məqalələrin müsabiqəsi elan olunub. Müsabiqə üç nominasiya üzrə gənc alim, aspirant və magistr-bakalavrlar arasında keçiriləcəkdir. Universitetlərdə afişalar asılıb. Artıq şöbəmizə çoxlu sayda müraciətlər, telefon zəngləri olunmaqdadır. Məqalələrin necə, hansı formatda yazılması, axırıncı təqdimat günü ilə maraqlanırlar. Qeyd edim ki, aprelin 24-ü müsabiqənin axırıncı günüdür.
-Münsiflər heyətində kimlər olacaq?
-Mən onların adlarını çəkmək istəməzdim, bu düzgün deyil. Bircə onu qeyd edim ki, münsiflər heyətində çox hörmətli alimlərimiz olacaq. Bu nominasiyalar üzrə təqdim edilən elmi məqalələrin qiymətləndirilməsinin şəffaflığını, iştirakçılara qarşı diqqətimizi, onların fədakarlığını, arzularını nəzərə alaraq müsabiqədə iştirak edənlərin məqalələrinin toplusu nəşr ediləcək.
-Forum neçə
gün davam edəcək?
-Mayın 4-ü və
5-i. Forumun ilk gününü Muzey Mərkəzində
keçirmək nəzərdə tutulub. Həmin gün
rəsmi çixışlar və qaliblərin
mükafatlandırılması olacaq. İkinci gün isə
seksiyalarda iclaslar keçiriləcək. Bu da Azərbaycan
Turizm Universitetində baş tutacaq.
-Həm dövlət
başcısı cənab İlham Əliyevın mədəniyyətə
göstərdiyi diqqət, həm Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın, həm də
Mədəniyyət və Turizm Nazirliyindəki struktur
dəyişiklikləri əvvəllər mövcud olan problemlərin
həllində mühüm rol oynayır. Bu barədə bir
mütəxəsis kimi sizin fikirlərinizi öyrənmək
maraqlı olardı.
-Dövlət
başçısı İlham Əiiyevin, YUNESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevanın
Azərbaycan mədəniyyətinin inkişafındakı rolu
danılmazdır. Mədəniyyətlə bağlı son bir
neçə ayda respublika Prezidentinin imzaladığı
sərəncamlar bu sahədə həyata keçirilən
tədbirlərin, görülən işlərin
sırasını xeyli genişləndirib. Həmin
sərəncamlar eyni zamanda məsuliyyətimizi də
artırır ki, biz qarşıya qoyulmuş
vəzifələrin öhdəsindən gələk və
cənab Prezidentin etimadını doğruldaq. Birbaşa
Mehriban xanımın dəstəyi ilə, YUNESKO-nun
xəttilə bizim musiqi məktəblərinin tələbələri
ABŞ-da Vaşinqtonda konsert vermişlər. Həmin tərkib Moskvada da konsert
proqramı ilə çıxış etmişdir.
Son vaxtlar CNN və Evronyus kanallarında Azərbaycanın
səfalı guşələri,
tarixi abidələri,
mədəniyyət abidələri
kliplər vasitəsi ilə tanıdılır
və təbliğ olunur. Gördüyünüz
kimi, mədəniyyət
sahəsində böyük
canlanma var və inanıram ki, bu canlanma
az vaxtda öz yüksək bəhrəsini verəcək.
Mədəniyyət.- 2007.- 13 aprel.- S. 4.