Mükərrəmoğlu M.

 

Ölkədə turizmin inkişafı

yeni kadrların hazırlanmasını tələb edir

 

Tıırizm İnstitutu ölkənin ən gənc ali təhsil müəssisələrindəndir. Bu il ilk tələbə qəbulu keçirilmiş bu institutda 200-ə yaxın gənc təhsil alır. Yenicə formalaşmağa qədəm qoyan bu təhsil ocağı hansı qayğılarla yaşayır?

Bu sualla institutun rektoru, tarix elmləri namizədi Cəfər Cəfərova müraciət etdik.

- Ölkə iqtisadiyyatının güclənməsində turizmin çox böyük rolu vardır. Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait mövcuddur. Əvvəla, ölkəmizdə sabitlik hökm sürür. Bu diyar əsrarəngiz gözəlliklər məskənidir. Son illər möhtərəın Prezidentimiz İlham Əliyevin bu sahəyə xüsusi qayğı göstərməsi dövlət səviyyəsində turizmin gələcək perspektivlərinə dair xüsusi proqramın qəbulu ilə nəticələnmişdir. İndi ölkənin bir çox bölgələrində xüsusi qoruq zonaları yaradılmış, mehmanxanalar inşa edilmiş, turistlərin rahatlığı üçün şərait yaradılmışdır. Mədəniyyət Turizm Nazirliyi bu proqramın reallaşması üçün geniş tədbirlər həyata keçirir. Kadr problemi isə hələ qalmaqda idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin 5 iyul 2006- il tarixli fərmanı ilə bu kadrları hazırlayacaq Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu fərmandan sonra artıq bizim instituta qəbul elanı da verildi. Xüsusi bina ayrıldı biz az vaxt içərisində burada yüngül təmir işləri apardıq. İndi bizim institutda I kursda təhsil alan 200 tələbə var. Digər ali təhsil məktəbləri kimi biz sentyabrın 15-dən dərslərə başlamışıq. Hələlik üç ixtisas üzrə kadr hazırlanır. Onlar, turizmdə menecment, turizmdə marketinq, turizm sosial-mədəni xidmət ixtisaslarıdır.

Biz tədrisi Boloniya sistemi ilə aparırıq. Onsuz da gec-tez bizim ali təhsil müəssisələrinin hamısı bu sistemə qoşulacaq.

Kadr problemi ilkin olaraq müəyyən çətinliklər yaratdı. İndi artıq kifayət qədər pedaqoji kadrları toplaya bilmişik onlar iki kafedrada çalışırlar. Bu kafedralardan biri turizm fənləri, digəri isə ümumi fənlərə aiddir.

Tədris ədəbiyyatı da problem yaradır. Çünki turizmə dair elə bir dərslik yaxud dərs vəsaiti yox idi. Heydər Əliyev Fondu bizə rus dilində xeyli dərsliklər hədiyyə etdi. Ümumiyyətlə bu sahədə problem hələ qalmaqdadır. Təhsil Nazirliyi ilə birgə yeni proqramlar hazırlanır ki, onlara uyğun olaraq yeni dərsliklərin yazılması nəzərdə tutulur.

Güman edirik ki, yaxın gələcəkdə Azərbaycanda turizmin sürətli inkişafı bizim kadrlara olan tələbatı artıracaq. Hələlik növbəti ildə 200 nəfər qəbul nəzərdə tutulur. Ola bilsin ki, sonrakı illərdə bu rəqəm artsın.

Turizm İnstitutu yenicə həyata qədəm qoyur. Kollektivimiz gəncdir. Çox şeyləri öyrənmək lazım gələcək. Ən əsası budur ki, potensial var biz bu potensiala arxalanıb böyük işlər görmək əzmindəyik.

 

Xalq qəzeti.- 2007.- 1 aprel.- S. 8.