Nəzakət

 

Yaxın 4-5 il ərzində

 

Əbülfəs Qarayev: “...Azərbaycana gələn turistlərin sayı 3 milyondan çox olmalıdır”

 

"Daxili turizmin səmərəli inkişafına kömək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım" layihəsinin ikinci mərhələsinin başlanmasına dair sənəd imzalanıb.

Dünən Bakı Turizm İnformasiya Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) arasında "Daxili turizmin səmərəli inkişafına kömək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım" layihəsinin ikinci mərhələsinin başlanmasına dair sənədin imzalanma mərasimi keçirilib.

Sənədi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Bruno Pueza imzalayıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, iki illik layihə yeni təsis edilmiş Azərbaycan Turizm İnstitutuna turizm sahəsində təhsilin inkişaf etdirilməsində institusional yardımın göstərilməsinə və layihənin I mərhələsində açılmış (Bakı, Şamaxı, Xaçmaz, və Şəki) və II mərhələsi ərzində fəaliyyətə başlayacaq (Gəncə, Naxçıvan, Lənkəran və Quba) Regional Turizm Mərkəzlərinin səmərəli fəaliyyəti üçün yardımın göstərilməsinə yönəlib. Ə.Qarayevin sözlərinə görə, bu layihə Azərbaycanda yoxsulluğun azaldılması və turizmin davamlı inkişafı arasında əlaqənin yaradılması istiqamətində nazirliyin və BMT İP-in göstərdiyi birgə səylərin davamıdır. Layihə Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramına uyğun tərtib edilib və 2005-2009-cu illər üçün Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım Çərçivə Proqramının (UNDAF) I məqsədinə - "Neft ehtiyatlarınm səmərəli və şəffaf idarəetmə qeyri-neft sektorlarında lazımi məşğulluğun çoxalmasına" xidmət edəcək. B.Pueza isə deyib ki, BMTİP və nazirliyin birgə maliyyələşdirdiyi layihə Azərbaycanda turizmin inkişafına xidmət edəcək. Layihənin turizmin inkişafına səmərə verəcəyinə əmin olan B.Pueza bu sahəyə bundan sonra da yardım göstərəcəklərini söyləyib.

"2001-ci ildə Azərbaycanda cəmi 30 turizm şirkəti var idisə, indi onların sayı 10 dəfəyədək artıb. Məncə, Azərbaycan bazarında 300-350-dən çox turizm şirkəti olmamalıdır. Çünki Azərbaycanın bazarı o qədər də geniş deyil. Mən bunu xüsusilə o şirkətlərə aid edirəm ki, xaricə turist göndərir və xaricdən turist qəbul edir. Daxili turizmlə məşğul olan şirkətlər üçün isə bazar açıqdır və orada çoxlu şirkət fəaliyyət göstərə bilər"- deyən Əbülfəs Qarayev bildirib ki, turizm bazarını tənzimləmək üçün dövlət turizm şirkətlərinə verilən lisenziyanın rüsumunun 500 manatdan 5500 manata qaldırılması barədə qərar verib. Bu rüsum şirkətlərin 5 illik fəaliyyətinə görə ödənilir. Ə.Qarayev Azərbaycan vətəndaşlarının Şengen ölkələrinə səfəri zamanı problemlərin hələ də olduğunu gizlətməyib: "Etiraf etməliyəm ki, Azərbaycan vətəndaşlarının Şertgen ölkələrinə getməsi üçün problemlər yaranır. Buna görə bizim avia-şirkətlər də çətinlik çəkir. Çünki biletlər qaytarılır ki, bu da yaxşı hal deyil. İndi bununla bağlı müvafiq konsulluqlar və təşkilatlarla danışıqlar aparılır". Ə.Qarayev bildirib ki, aprel ayı ərzində Azərbaycana Almaniya və Avstriyadan turizmlə bağlı iki böyük nümayəndə heyəti gələcək. Azərbaycana turizm axınını gücləndirmək məqsədilə turizm şirkətlərinin təmsil olunacağı həmin nümayəndə heyətləri üçün infoturlar təşkil olunacaq. Nazir əlavə edib ki, bu il Azərbaycana 1 milyondan çox turistin gələcəyi gözlənilir: "Əsas məqsəd odur ki, turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi nəticəsində yaxın 4-5 il ərzində Azərbaycana turizm səfərlərinin sayı 3 milyondan çox olsun. Ancaq bu, tək bizim fəaliyyətimizdən deyil, həm də regionlarda gedən iqtisadi və siyasi proseslərdən asılıdır". Ə.Qarayev bildirib ki, hazırda beynəlxalq mehmanxana brendlərinin Azərbaycana gətirilməsi üçün "Hilton", "Holiday inn", "Meredian" kimi şirkətlərlə danışıqlar aparılır.

Bu günə qədər isə fəaliyyətinin lisenziyalaşdırılması üçün Mədəniyyət və Turizm Nazirliyinə 20 mehmanxana müraciət edib.

 

Səs.- 2007.- 3 aprel.- S. 12.